Əsas Səhifə > Mədəniyyət > Azərbaycan mətbuatı ötən 148 ildə böyük və keşməkeşli bir tarixi yol keçib
Azərbaycan mətbuatı ötən 148 ildə böyük və keşməkeşli bir tarixi yol keçib22-07-2023, 14:31 |
Azərbaycan xalqının maarifləndirilməsi prosesində mühüm rol oynamış, 1875-ci ilin 22 iyulunda ilk nömrəsi çapdan çıxmış “Əkinçi” qəzeti ilə böyük bir ənənənin başlanğıcı qoyuldu. Ölkədə dini xurafatın, savadsızlığın qarşısının alınması, millətin elm-mərifət sahibi olması məqsədilə sonralar bu ənənə davam etsə də, bir sıra qəzet, jurnallar - “Ziya”, ”Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Şərqi rus”, “Kaspi”, “Molla Nəsrəddin” işıq üzü görsə də bu prosesə mane olmaq istəyənlər də az deyildi. Amma artıq AXC-nin qurulması ilə daha da genişlənən milli mətbuat inkişaf etməkdə və xalqın gözünü açmağa xidmət etməkdə idi. Çox təəssüf ki, sovet rejiminin işğalı ilə ziyalılarımızın xalqın maariflənməsinə töhfə verən şəxsiyyətlərin demokratik fikir müəlliflərinin səsi boğulmağa başladı. Eyni zamanda, milli mətbuatın da geriləməsinə, ən əsası senzura maşınının işləməsinə yol açıldı. Lakin 1969-cu il mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Ulu Öndərin 1969-cu ilin iyulunda Mərkəzi Komitənin katibi seçilməsi ilə Azərbaycan dilinə olan böyük diqqət, qayğı sayəsində mətbuat sahəsində yüksək irəliləyişlər baş verdi, Azərbaycan dilində qəzet və jurnalların sayı artdı. Heydər Əliyevin təşəbbüsü ilə Bakı Dövlət Universiteteinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində işlər görüldü, jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə təhsil almağa göndərildi, bütün bunlar isə Milli Mətbuatın inkişafı üçün təməl daşı oldu. Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Milli Mətbuatın taleyi yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın rəhbərliyinin tasadüfi adamların əlinə keçməsi ilə keşməkeşli dövrünə qədəm qoydu. Jurnalistlərə qarşı sui-qəsdlər, özbaşınalıq, mətbuat işçilərinin təqibi, təhdidi başladı, ölkədə söz azadlığı, fikir azadlığı boğuldu. Vaxtilə Heydər Əliyevin diqqəti, qayğısı ilə formalaşmış milli mətbuat ənənələri kobud şəkildə məhv edildi. Reket jurnalistikası, şantaj, hədə-qorxu ilə pul qazanmaq hərisliyi, qanunları pozmaq, milli mətbuatımızın adına qara ləkə oldu. 1992-ci ildə hərbi senzura, sonra isə 1993-cü ilin aprelində senzuranın təbliğinin miqyasının genişləndirilməsi, bütün informasiya yayımını əhatə etməsi, məlumat azadlığı, jurnalistlərin sərbəst məlumat əldə etmək, yayımlamaq kimi fəaliyyətlərinin məhdudlaşdırılması ilə mətbuatın vəziyyəti daha da ağırlaşdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Azərbaycanda yaranan ictimai-siyasi sabitlik, vətəndaş təhlüksizliyinin təmini, milli mətbuata da təsirini göstərməyə başladı. Söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyiş baş verdi, mətbuat orqanlarının azad fəaliyyətinə şərait yarandı, qanunvericilik bazası təkmilləşdirildi. 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Bütün bu mütərəqqi addımlar, mükəmməl qanunvericilik bazası Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan jurnalistikasının himayədarı olmuşdur. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranla üzləşən mətbuatımızı xilas etmiş, cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynamışdır. Şəxsi təşəbbüsləri ilə tez-tez jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə görüşər, mətbuatın problemləri ilə daha yaxından tanış olardı. Bütün ölkə jurnalistləri Ulu Öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülmüşdü. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb. Ölkə başçısının təşəbbüsü ilə mətbuat sahəsində atılan davamlı və əhəmiyyətli addımlar təsdiqləyir ki, Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, cənab İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır. Son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Prezident İlham Əliyev 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |