Əsas Səhifə > Mədəniyyət > “Kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyaları” mövzusunda tədbir keçirilib

“Kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyaları” mövzusunda tədbir keçirilib


26-05-2023, 20:25


Mayın 26-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyaları” mövzusunda tədbir keçirilib. 


Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətindən, Azərbaycan mədəniyyətinə, incəsənətinə olan böyük qayğısından bəhs edib. Bildirib ki, Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyətinə malik bir xalq kimi artıq bütün dünyada tanınır. Milli mədəniyyətimizin hərtərəfli inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Hakimiyyətdə olduğu bütün dövrlərdə milli mədəniyyətimizin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Azərbaycan mədəniyyətinin bütün sahələrinin inkişafı, təbliği, nailiyyətləri məhz Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsidir. Heydər Əliyevin milli mədəniyyətə verdiyi dəyər hər bir sahədə özünü göstərmişdir. 


Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək  Ümummilli Lider Heydər Əliyevin kitabxana işinə qayğısından bəhs edib. Bildirib ki, Azərbaycan xalqının həyatında müstəsna xidmətlərə malik olan Dahi şəxsiyyət Heydər Əliyevin adı, Azərbaycan xalqının mədəni və mənəvi həyatındakı əvəzolunmaz işləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tuturdu. Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyan Heydər Əliyev kitabxana fondlarının artırılmasına, kitabxanaların yeni kitablarla zənginləşdirilməsinə xüsusi önəm verirdi. Ümummilli Liderin imzaladığı qanun və fərmanlar da kitabxana işinin yaxşılaşdırılmasına müstəsna təsir göstərmişdir. Heydər Əliyevin 29 dekabr 1998-ci ildə imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999-cu il 12 mart tarixində imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”  kimi sənədlər kitabxana işinin hüquqi müstəvidə nizamlanmasına böyük töhfələr vermişdir.


Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmət şöbəsinin müdiri Bəsti Məmmədova çıxış edərək qeyd edib ki, Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. Müstəqillik illərində Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin tərəqqisinə də yeni təkan verdi. Həmin dövrlərdə Heydər Əliyev kitabxanaların ləğv olunmasının qarşısını aldı, onların qorunub saxlanılmasını təmin etdi. Kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə qadağan edildi. 

Qazax şəhər Multimedia kitabxana filialının müdiri Rufina Namazova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyət sahəsinə ayırdığı diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılır.

Sonra “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərgiyə baxış keçirilib.


Geri qayıt