Əsas Səhifə > Mədəniyyət > Ələddin İncəli
Ələddin İncəli8-11-2017, 11:30 |
Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962), "Kommuna yolu" qəzetində ədəbi işçi, "Qalibiyyət bayrağı" ("Göyəzən") qəzetində ədəbi işçi və məsul katib, kənd təsərrüfatı şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində, sonralar Qazax rayon partiya komitəsində təlimatçı, maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. Ələddin İncəli ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran" (1970), "Gəl Kür qırağına" (1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "Söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım" (2014), "İllər, sizinəm" (2016) kimi şeirlər toplusu nəşr olunmuşdur. Ələddin İncəli bu gün səhər saatlarında dünyasını dəyişmişdir. Sabah Kəmərli kənd qəbiristanlığında dəfn olunacaqdır. Allah rəhmət eləsin. Geri qayıt |