Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda disskusiya klubu təşkil edilib

“Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda disskusiya klubu təşkil edilib


3-03-2023, 18:21


Martın 3-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda disskusiya klubu təşkil edilib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş görüşdə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, Əməkdar məşqçi Azər Əliyev, fəal gənclər və Mərkəzin əməkdaşları iştirak ediblər. 

İlk olaraq “Heydər Əliyev və Azərbaycan idmanı” başlıqlı videoçarx nümayiş etdirilib. 


Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova və “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev Ulu Öndər Heydər Əliyevin adı və imzası ilə bağlı olan XX əsr Azərbaycan  idmanının  inkişaf mərhələləri, idmanın kütləviliyinin təmin olunmasının vacibliyi, idmanın maddi-texniki bazasının yaxşılaşdırılması, idman komplekslərinin, zalların, meydançaların, böyük idman sağlamlıq mərkəzlərinin yaradılması istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin şəxsən təşəbbüsündən və böyük əməyindən geniş söhbət açıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki mərhələsində ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasının vacibliyini nəzərə alaraq bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirirdi. Dahi şəxsiyyət deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada iki dəfə - bir Azərbaycan Prezidenti hər hansı ölkəyə gedərkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion olarkən  Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır”. Dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. 


1993-cü ildən sonra bu sahədə də yüksəlişin əsası qoyuldu. Azərbaycan bir idman ölkəsi kimi dünyada tanındı, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalandırıldı, hətta  ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etdi. Bu da dövlətimizin nüfuz və mövqeyinin təntənəsi oldu. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan idman siyasəti bu gün Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində davam etdirilir, Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.

Sonra disskusiya formasında görüş davam edib. Gənclərin fikirləri dinlənilib, asudə vaxtlarının səmərəli keçirilməsi üçün təklifləri ətrafında müzakirələr aparılıb, gənclərə sağlam həyat tərzi və pis vərdişlərdən uzaq olmaları tövsiyə edilib.


Geri qayıt