Əsas Səhifə > Mədəniyyət > 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti tədbir keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti tədbir keçirilib


1-02-2023, 20:59


2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.

Növbəti tədbir fevralın 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. 

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov və Mərkəzin tibbi heyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, fəal gənclər iştirak ediblər. 

İştirakçılar əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıblar.



“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis  Günel Bəxtiyarlı tədbiri açıq elan edərək iştirakçıları, bütün Azərbaycan gənclərini 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin Azərbaycanda uğurlu Gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub. 


“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in direktoru Kamandar İbrahimov çıxış edərək ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, gənclər hər zaman dövlətin diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev istər Sovet dövründə, istər müstəqillik dövründə gənclərin müdafiəsi, onların problemlərinin həlli ilə bağlı bir sıra mühüm işlər görmüş, gənclərin təhsili, sağlamlığı və ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatına inteqrasiyası istiqamətində misilsiz xidmətlərə imza atmışdır. Bu gün isə bu siyasət Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Hər zaman gənclərə dəstək olan dövlətimiz bütün sahələrdə gənc kadrların irəli çəkilməsini, onların sosial məsələlərinin, problemlərinin həllini öz siyasətinin prioriteti hesab edib.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycan gəncliyinin inkişafına dövlət qayğısından danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə sağlam, savadlı, vətənpərvər  gənc nəslin yetişməsi, gənclərin cəmiyyətdə rolunun artırılması üçün böyük işlər görüb, böyük layihələrə imza atıb. Azərbaycan dövlətinin gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də gənclərin beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə, idman yarışlarında Azərbaycan gənclərinin  aktivliyinin artması Prezident İlham Əliyevin adı və imzası ilə bağlıdır. 


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Azərbaycan gəncliyinin bu gün ölkəmizin həyatında mühüm rol oynadığından danışıb. Vurğulayıb ki, Azərbaycan gənclərinin həm Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə, həm müstəqillik illərində böyük idman yarışlarında iştirakı və Azərbaycanı ən yüksək səviyyədə təmsil edərək bayrağımızı dalğalandırmağı məhz Ulu Öndərin Azərbaycanda sağlam gəncliyin inkişafı məqsədilə sağlam mühitin yaradılması, idman şəbəkələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi ölkəmizin məsuliyyətindədir. Bu isə gələcəkdə sağlam düşüncəli gəncliyin formalaşmasına xidmət edir. 


“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də qeydiyyatçı vəzifəsində çalışan, 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun həyat yoldaşı İlahə Veyisli çıxış edərək Vətən müharibəsində gənclərin rolundan, şücaətindən danışıb. Bildirib ki, vətənpərvər gəncliyin yetişdirilməsi məhz Heydər Əliyevin siyasətinin əsası olmuş, hərbi məktəblərin açılması, orduya göstərilən diqqət, qayğının artırılması ölkədə milli ruhlu, vətənpərvər gəncliyin formalaşmasına ölçülüb biçilmişdi. Bu gün dövlətimiz qəhrəman gənclərinin ailələrini, onların övladlarının təhsilini, sağlamlığını həyata keçirdiyi siyasətin əsası bilir və bu istiqamətdə çox böyük işlər görür. 


“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də tibb bacısı vəzifəsində çalışan Gülnar Ağalarova Ulu Öndərin gənclərə diqqət və qayğısından söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gənclərlə iş sahəsindəki fəaliyyəti hələ Sovet dövründə dahi insanın Azərbaycanın gələcək müstəqilliyinə ünvanlanmış və dövlətçilik maraqlarının prioriteti olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin gənclərə diqqət və qayğı göstərməsi nəticəsində ölkədə özünə, istedadına, bacarığına güvənən gənclər ordusu yaranmış və bu gənclik Azərbaycanın müstəqilliyinin daha da inkişafı, tərəqqisi naminə fəaliyyətə başlamışdır.


Geri qayıt