Əsas Səhifə > Mədəniyyət > Tariximizə, yaradıcı insanlara verilən dəyər
Tariximizə, yaradıcı insanlara verilən dəyər19-10-2017, 15:00 |
Bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsinin 1 ili və muzeyin ilk direktoru olmuş Heydər Qasımlının 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Qazax rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir muzeyin dünənini və bu gününü özündə əks etdirən video-çarxın nümayişi ilə başlayıb. Muzeyin direktoru Gülnaz Alişanova giriş sözü ilə çıxış edərək kollektivi yeni binanın istifadəyə verilməsinin 1-ci ildönümü münasibətilə təbrik edib. Bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. 2016-cı ilin oktyabrında istifadəyə verilən yeni binanın açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. G.Alişanova onlar üçün yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib. AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək muzeyin kollektivini yeni binanın istifadəyə verilməsinin 1 illiyi münasibətilə səmimi qəlbdən təbrik edərək gələcək işlərində uğurlar arzulayıb. Sonra muzeyin ilk direktoru olmuş Heydər Qasımlının həyat və fəaliyyəti, Azərbaycan ədəbiyyatındakı xidmətləri barədə söz açıb. Onun müxtəlif səpkidə yazılmış əsərləri haqqında danışıb. Onunla bağlı xatirələrini bölüşüb. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək muzeyin kollektivinə öz təbriklərini çatdırıb. Qeyd edib ki. bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bütün sahələrdə inkişaf gedir. Səhiyyə, təhsil, mədəniyyət sahəsində olan yeniliklər göz qabağındadır. Müasir standartlara cavab verən Qazax Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni bina da Qazaxın tarixinə, dünəninə və bu gününə, bütövlükdə mədəniyyətimizə verilən ən böyük qiymətdir. Sonra Azərbaycanın Əməkdar Məşqçisi, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, aşıq Camoy Qurbanov, AYB-nin üzvlərindən Bilal Qoca, Mustafa Rasimoğlu, vaxtilə “Göyəzən” rayon qəzetində H.Qasımlı ilə çalışmış Hacı Müvəssəqi çıxış edərək onunla bağlı xatirələrini danışıblar. Sonra H.Qasımlının övladları Zəminə və Elnur Qasımovlar çıxış edərək atalarının yaradıcılığına, əməyinə verilən dəyərə, göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda şəhər 2 saylı musiqi məktəbinin şagirdləri Mehman Həsənli və Nurlan İsmayılov müxtəlif saz havaları ifa ediblər. Tədbirdə təqaüddə olan mədəniyyət işçisi Nofəl Süleymanov muzeyə öz əl işi olan hədiyyəni təqdim edib. GOYEZEN.AZ
Geri qayıt |