Əsas Səhifə > Mədəniyyət > 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Milli birlik və həmrəyliyin qələbəsi - Dirçəliş Günü” mövzusunda tədbir keçirilib

17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Milli birlik və həmrəyliyin qələbəsi - Dirçəliş Günü” mövzusunda tədbir keçirilib


16-11-2022, 17:40


Noyabrın 16-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar “Milli birlik və həmrəyliyin qələbəsi - Dirçəliş Günü” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Mərkəzin və kitabxananın əməkdaşları iştirak ediblər. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq xalqımızın azadlıq mübarizəsinin əsas mərhələsi olan 17 Noyabr - Dirçəliş Günü haqqında məruzə ilə çıxış edib. C.Hüseynova bildirib ki, milli azadlıq hərəkatımızın başlanğıcı kimi qiymətləndirilən 17 Noyabr - Dirçəliş Günü illərlə azadlıqdan məhrum edilən, XX əsrin əvvəllərində isə istiqlaliyyət dadan xalqın etiraz səsini ucaltdığı günlərdən biridir. Həmin gün milyonlarla insan meydanlara çıxaraq Moskvaya və onun apardığı antiazərbaycan siyasətinə qarşı haqlı etiraz etdilər. Eyni zamanda Azərbaycan torpaqlarının Ermənistana verilməsinin qarşısını almağa yönəlmiş bu hərəkat dövlətimizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı. Mərkəzi hakimiyyətdə oturanlar isə xalqın azadlıq hərəkatını boğmaq üçün müxtəlif vasitələrə əl atsalar da Azərbaycanın ərazi bütövlüyünün qorunması məqsədilə  başladılmış qeyri-formal  ictimai-siyasi hərəkat tədricən geniş demokratik azadlıqlara nail olmaq, suveren, hüququi dövlət və vətəndaş cəmiyyəti yaratmaq yolunda əsl hərəkata çevrildi. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova çıxış edərək müasir tariximizin şanlı səhifələrindən olan Dirçəliş Günü haqqında danışıb. Bildirib ki, respublika rəhbərliyinin ölkə ərazisində baş verən hadisələrə qarşı fəaliyyətsizliyi yerli hakimiyyətə etimadı azaldaraq müddətsiz elan edilməklə Azadlıq meydanında başladılan və sürətlə respublikaya yayılan mitinqlərə səbəb oldu. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya gələrək bir yumruq kimi birləşir, Sovet hökumətinin xalqımıza qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə və ermənilərin separatçılıq cəhdlərinə etiraz səslərini ucaldırdılar. Bu hadisələr ölkəmizin müstəqillik qazanmasında geniş imkanlar yaratdı. ”Meydan hərəkatı” adını almış bu hərəkatla milli şüurumuz yenidən oyandı, özünüdərk prosesində dönüş başladı. 


Mərkəzin bələdçisi Samirə Vəliyeva çıxış edərək qeyd edib ki, milli tərəqqiyə doğru uzanan tarixi yol məhz Milli Dirçəliş Günündən - 17 noyabrdan başlandı. Azadlıq meydanından vüsət alan xalq hərəkatı öz əzəməti ilə bütün ölkəni bürüdü. Xalq həmrəy olaraq respublikanın ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizəyə başladı. Meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Vətənimizin istiqlaliyyətinə qovuşmasında əsas amilə çevrildi. Lakin yerli hakimiyyət xalqımızın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında olmadı. Həmin o ağır günlərdə yenə də Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında Muxtar Respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Bu çox böyük tarixi addım oldu. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. Milli dirçəlişdən milli tərəqqiyə şərəfli bir yol başladı. 

Sonda Dirçəliş Gününə həsr edilmiş sənədli film nümayiş etdirilib.

 

GOYEZEN.AZ


Geri qayıt