Əsas Səhifə > Mədəniyyət > “Milli mədəni irsimizə dövlət qayğısı - Xan qızının ruhu şaddır” mövzusunda açıq dərs təşkil edilib
“Milli mədəni irsimizə dövlət qayğısı - Xan qızının ruhu şaddır” mövzusunda açıq dərs təşkil edilib12-10-2022, 20:06 |
Oktyabrın 12-də Respublika Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan poeziyasının iftixarı Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinin iştirakı ilə “Milli mədəni irsimizə dövlət qayğısı - Xan qızının ruhu şaddır” mövzusunda açıq dərs təşkil edilib. Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin direktoru Vəfa Pirvəliyeva Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarını salamlayıb, şagirdlər üçün bu cür maarifləndirici xarakterli dərslərin təşkilinə görə minnətdarlığını bildirib. Mərkəzin direktoru Ceyhunə Hüseynova XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, ictimai və xeyriyyəçilik fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi Xan qızı Natəvanın anadan olmasının 190 illiyi qeyd edilir. Natəvan təkcə bədii yaradıcılıqla deyil, eyni zamanda Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması üçün də böyük işlər görmüş, Şuşaya içməli su, bulaq, su anbarı, hamam, buzxana tikdirmiş və park saldırmışdır. Yüksək ideyalar və pak niyyətlərlə yaşayan bu qadının Azərbaycan ədəbiyyat inciləri sırasında özünəməxsusluğu ilə seçilən əsərləri qalmışdır. Onun ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın maarifpərvər adamlarını kədərləndirmişdir. Dahi şairin misilsiz xidmətləri dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmişdir. 1993-cü ildə Xan qızının erməni vandalizminə məruz qalmış “güllələnmiş heykəl”i Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilmiş, Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir. 2012-ci ildə Respublika Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən Belçika Krallığının Vaterlo şəhərində şairin abidəsi ucaldılmış, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvanın əsərləri dövlət varidatı elan edilmişdir. Respublika Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamına əsasən Xurşidbanu Natəvanın 190 illiyi qeyd edilir. 2020-ci ilin 8 noyabr tarixində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Qarabağın incisi Şuşa şəhərini işğaldan azad etdi və yurd-yuvasından didərgin düşmüş “Güllələnmiş heykəllər” içərisində onun da adı olan Xan qızı öz Vətəninə qovuşdu. Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını etdi. 2022-ci il oktyabrın 4-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şairənin 1982-ci ildə Ağdamda ucaldılmış, 30 illik işğal dövründə düşmən tərəfindən tamamilə darmadağın edilmiş, möhtəşəm zəfərimizdən sonra Mədəniyyət Nazirliyi tərəfindən yenidən bərpa olunmuş qəbirüstü abidəsinin açılışını etdilər. Dahi Azərbaycan şairinin misilsiz xidmətləri dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmiş, bu gün də bu istiqamətdə işlər davam etdirilməkdədir. Bütün bunlar dövlətimizin xalqın milli-mədəni irsinə qayğısının, ehtiramının nümunəsidir. Dərsin sonunda şagirdlərlə sual-cavab aparılıb. Mövzunu mənimsəmiş şagirdlərdən Yağmur Osmanlı, Əsmər Hacınəbili, Gözəl Qəhrəmanova, Bahar Ocaqverdiyeva, Raul Məmmədov, Nicat Mustafayev fərqləniblər.
GOYEZEN.AZ Geri qayıt |