Əsas Səhifə > Mədəniyyət > Qazaxda 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib
Qazaxda 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib21-09-2022, 19:11 |
Sentyabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh ali və ümumbəşəri dəyərdir, revanşist cəhdlər yolverilməzdir” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilblər. Sonra 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün dünyanın hər yerində Beynəlxalq Sülh Günü qeyd edilməsinə baxmayaraq bəşəriyyətin təhlükəsizliyi hələ də tam təmin edilməyib. Hələ də dünyanın bir sıra yerlərində silahlar od saçır, hər gün minlərlə günahsız insan həlak edilir. Azərbaycan da zaman-zaman mənfur erməni silahlı birləşmələrinin təxribatlarına məruz qalmış, ərazilərimiz qanunsuz şəkildə işğal edilmiş, insanlarımız öz yurd-yuvalarından qaçqın və məcburi köçkünə çevrilmiş, xalqımız soyqırımı və deportasiyaya məruz qalmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hər zaman beynəlxalq birliyin laqeyd münasibəti ilə müşayiət olunmuş, heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu işğalçılıq əməllərinə obyektiv qiymət verməmişdir. Müxtəlif dövrlərdə BMT, ATƏT, AB bu barədə müəyyən qətnamələr, bəyanatlar versələr də həmin sənədlər kağız üzərində qalmışdır. Ermənistan hərbi hökuməti beynəlxalq hüququn norma və prinsiplərini heçə saymış, Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etmiş, xalqımızın milli-mənəvi sərvətlərini darmadağın və talan etmiş, insanlarımıza qarşı soyqırımı siyasəti həyata keçirmişdır. Lakin dinc yolla ədalətə, beynəlxalq hüquq normalarına riayət etməyən Ermənistan Azərbaycanın hərbi gücü ilə buna məcbur edildi. Eyni vaxtda dövlət başçımız həm diplomatik, həm hərb, həm də informasiya cəbhəsində qələbə çaldı. Ermənistan ordusu məhv edildi. Rəşadətli ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəyə, düşmən isə kapitulyasiya aktına imza atdı. Çox təəssüflə qeyd etmək lazımdır ki, mənfur rejim bu məğlubiyyətdən nəticə çıxarmır və ölkəmizə qarşı yenidən təxribatlara əl ataraq revanşizm siyasəti yeridir. Ancaq düşmən bir şeyi unutmamamalıdır ki, Dəmir yumruğu başı üzərində görmək istəmirsə reallığı və qüvvələr nisbətini düzgün qiymətləndirməli və sülhə gəlməlidir. Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı olsaydıq 30 il gözləməzdik. Düşmənin yeganə çıxış yolu sülh çağırışlarına əməl etməkdir. Yoxsa Dəmir yumruq yerindədir. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək sülhün hər bir cəmiyyətin, ümumilikdə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan 10 noyabr Bəyannaməsinin şərtlərini kobud şəkildə pozmaqla regionda yenidən müharibə ocağı alovlandırmaq təhlükəsi yaratmaq, təxribat və provakasiyalarla özünə diqqət çəkmək, açıq-aşkar Azərbaycana qarşı təxribat siyasəti aparmaqla qeyri-səmimi siyasi xətt ortaya qoyur. Qalib dövlətin lideri kimi Prezident İlham Əliyev dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də mənfur düşmən nəticə çıxarmır və danışıqlar prosesinə zərbə endirir. Lakin hər bir erməni təxribatı Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi, Ermənistanın isə beynəlxalq münasibətlər sistemində təklənməsi ilə başa çatır. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar da eyni məqsədə xidmət edir və bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ancaq Azərbaycan sülh və əmin-amanlıq tərəfdarıdır. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün bütün maneə və çətinliklərə baxmayaraq mübarizə aparır, Ermənistan bunu istəsə də, istəməsə də. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev bildirib ki, sülh ali ümumbəşəri dəyərdir. Lakin çox təəssüf ki, bu gün bir sıra dünya dövlətləri sülhü deyil, müharibəni dəstəkləyir. Beynəlxalq hüquqa məhəl qoymayaraq başqa ölkələrin ərazilərini işğal etməklə yeni münaqişə ocaqları alovlandırır, yeni müharibələr başladırlar. Bunun nəticəsində də ölkələr dağılır, günahsız insanlar məhv edilir, körpələrin gözü yaşlı qalır. Azərbaycan da uzun illərdir mənfur “qonşu”sunun əsassız ərazi iddiaları fonunda ədalətsiz müharibəyə cəlb edilib. Tarixi torpaqlarında düşmən vandalizm siyasəti aparıb, xalqımıza qarşı soyqırımı aktları həyata keçirilib. 30 ilə yaxın bir müddətdə dövlətimiz sülh danışıqları yolu ilə bu ədalətsizliyə son qoymaq istəsə də düşmən hərb yolunu seçib. Kağız üzərində qalmış beynəlxalq hüquq norma və prinsiplərini xalq-ordu-dövlət birliyi sayəsində özümüz bərpa etdik. 30 illik düşmən işğalına 44 gündə son qoyduq. Bu gün ərazilərimizdə bərpa, quruculuq və yenidənqurma işləri aparılır. Xalqımız Böyük qayıdışın astanasındadır. Biz sülhün tərəfindəyik. Biz sülhü dəstəkləyirik. Möhtəşəm Zəfərimiz də beynəlxalq sülhə töhfədir. Cənubi Qafqazda sülhün bərqərar olmasını da məhz Azərbaycan təmin etməkdədir. Buna həm hərbi, həm iqtisadi, həm mənəvi gücümüz var. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Azərbaycan hər bir vəziyyətə hazırdır. Dəmir yumruq yenidən işə düşəcəyi təqdirdə nəticəsi daha ağır olacaq. Ona görə də erməni hərbi xuntası revanşist siyasətdən çəkinməli, regionda sülhün davamlı olmasına xidmət edəcək addımlar atmalıdır. GOYEZEN.AZ Geri qayıt |