Əsas Səhifə > Mədəniyyət > Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür


3-09-2022, 14:01


Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də tarixi Azərbaycan torpağı olan Naxçıvanın inkişafı, tərəqqisi, insanlarının rifahı Heydər Əliyevin istər SSRİ, istərsə də müstəqillik dövründə hər zaman mühüm milli, strateji, geosiyasi məsələ kimi prioriteti olmuşdur. Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan Heydər Əliyevin Vətənə qayıdanda məhz Naxçıvanda yaşaması və Azərbaycanın dövlətçilik tarixində 1990-1993-cü illərin Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin Naxçıvan dövrünün mühüm əhəmiyyət kəsb etməsi əbəs deyildir. Həmin dövrlər ölkədə siyasi vəziyyət çox gərgin idi. Respublikada fəlakətli vəziyyət tüğyan edirdi. Vətənin belə ağır günlərində Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev xalqın xilaskarı, himayədarı oldu. Naxçıvanda bacısının kiçik evində yaşayan Vətən oğlunu xalq əzəmətlə ağuşuna aldı, kiçicik ev böyük meydana çevrildi, insanlar sel kimi axışaraq Heydər Əliyevi məhəbbət və həsrətlə bağrına basdı, ayağı altında qurbanlar kəsdilər, dərin ehtiram bildirdilər.

1990-cı ilin 22 iyul tarixi Naxçıvan şəhərinin mərkəzi hissəsində 80 min insanın toplaşdığı meydanda Naxçıvanın hər yerindən gələn, Heydər Əliyevlə görüşmək istəyən insanlar xalq birliyi, əzəməti ilə öz doğma övladlarına necə böyük ehtiyac olduğunu sübut etdilər. Belə bir ağır dövrdə bütün Azərbaycanın son ümidi və nicatının ancaq Heydər Əliyev olduğu bildirildi. Səhhətində problemlərin olmasına baxmayaraq Ulu Öndər sevinc dolu alqışlar altında çıxış etdi, özünün də dediyi kimi “Naxçıvan ayağa qalxdı, Onu qucaqladı, bağrına basdı, son illərdə çəkdiyi bütün əzab-əziyyətləri unutdurdu”.

Həmin dövrlər elə bir dövr idi ki, Naxçıvan Qarabağ problemi ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı, sərhədyanı kəndlər işğal olunurdu, iqtisadi və siyasi böhran hökm sürürdü, nəqliyyat və kommunikasiya əlaqələri kəsilmişdi, Naxçıvan SSRİ-nin tərkibindən çıxmaq barədə qərar vermiş, bu da respublikada hiddət doğurmuşdu. Heydər Əliyevin Naxçıvana belə bir dövrdə gəlməsi əsl ümid idi. 1990-cı il sentyabrın 30-da Azərbaycan SSRİ və yerli xalq deputatları sovetinə və Naxçıvan MSSR Ali Məclisinə seçkilər keçirilirdi. Bununla da təkcə Naxçıvan deyil, bütün Azərbaycan üçün taleyüklü məsələlərin həllinin əsası qoyuldu. 1990-cı il noyabrın 17- də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Məclisinin I sessiyasında Naxçıvan MSSR adı dəyişdirilərək, “sovet sosialist” sözləri çıxarıldı, Naxçıvan Muxtar Respublikası adlandırıldı, üçrəngli dövlət bayrağı qaldırıldı, Heydər Əliyev Naxçıvanda yenidən siyasətə qayıtmışdı. Bu isə ciddi təşvişə səbəb olmuşdu. Heydər Əliyev isə müdrik və uzaqgörənliklə tam xilaskarlıq missiyasını həyata keçirirdi. Naxçıvan MR Ali Məclisində qətiyyətli çıxışları, tarixi əhəmiyyətli qərarları ilə. 

1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında böyük uzqgörənliklə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Həmin sessiyada 4 dəfə etiraz çıxışına baxmayaraq sessiya keçirilən binanın qarşısında yüz min nəfərlik izdiham qarşısında bir neçə saatlıq qızğın müzakirələr, xalqın təkidli tələbindən sonra yekdilliklə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Böyük siyasi xadim xalqın tələbi ilə hakimiyyətə qayıtmağa razılıq verdi. Bu böyük qayıdış oldu. Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq yaradan Fenomen şəxsiyyətin qayıdışı. Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil etdi.

Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılması və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etməsi tarixi qərar idi. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Eyni zamanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Ceyhunə HÜSEYNOVA, 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt