Əsas Səhifə > Mədəniyyət > Qazaxda 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub

Qazaxda 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub


18-05-2022, 22:04


Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü” mövzusuna həsr olunub. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub.
Əlamətdar gün münasibətilə Qazax Tarix-Diyarşünaslıq və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeylərində "Muzeylər gələcəyə bələdçidirlər" adlı tədbir keçirilib.
Tədbir M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyindən start götürüb. "Çadır" otağında muzeyin əməkdaşları, qocaman şair Bilal Qoca, şairə Tamella Poladlı, Daş Salahlı kənd 1 nömrəli kitabxana filialının əməkdaşı Hicranə Məmmədova, Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova, Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımlı şair, mütəfəkkir M.P.Vaqifin şeir və qoşmalarını sazın müşayiəti ilə səsləndiriblər. Məktəblilərin ifasında Xan qızı Xurşudbanu  Nətavan və M.P.Vaqifin obrazları canlandırılıb.






"Zindan" otağında Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramından "Qacarla Vaqifin görüşü" səhnəsi ziyarətçilərə təqdim olunub.




Sonra tədbir Qazax Tarix-Diyarşünaslıq Muzeyində davam edib. Muzeyin direktoru Gülnaz Alişanova, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, Muzeylər Gününün əhəmiyyətindən söz açıblar.


Daha sonra ziyarətçilərə "Şuşa-virtual səyahət" adlı sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Qazax şəhər 2 saylı Musiqi Məktəbinin müəllim və şagirdləri "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı ilə çıxış ediblər.


Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Şuşaya həsr olunmuş rəsm əsərlərinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin hazırladığı "Mədəniyyətimizin paytaxtı - Şuşa" adlı fotostendə baxış keçirilib.



Tədbirdə bizlərə Zəfər tarixini yaşadan şəhidlərimizin əziz xatirəsi də yad olunub, Muzeyin 2-ci mərtəbəsində 339 nəfər igid Vətən oğlunun xatirəsinə həsr olunmuş guşə ziyarət olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə sonsuz minnətdarlıq ifadə olunub.
Onu da qeyd edək ki, 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə dünəndən rayonda fəaliyyət göstərən bütün muzeylərdə, o cümlədən də Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı” günü elan olunub.
Bu gün Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının əməkdaşları, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyiningənc könüllüləri, "Qarabağ əlillərinə qayğı" İctimai Birliyinin Qazax filialının veteran və qaziləri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin şagirdləri muzeyi ekskursiya edib, Qazaxın tarixini, keçmişini, dünənini, bu gününü özündə yaşadan muzeylə yaxından tanış olublar.






GOYEZEN.AZ


Geri qayıt