Əsas Səhifə > Mədəniyyət > Azərbaycana qarşı törədilən bütün soyqırım həqiqətlərinin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır
Azərbaycana qarşı törədilən bütün soyqırım həqiqətlərinin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır30-03-2022, 19:21 |
Çar Rusiyasının öz torpaqlarını Cənubi Qafqaza doğru genişləndirmək niyyəti ilə ermənilərdən vasitə kimi istifadə edərək onları "erməni milli dövləti yaradacağı” vədi ilə şirnikləndirməsi mənfur ermənilərin ölkəmizin tarixi ərazisində "erməni dövləti” qurmaq məqsədilə soydaşlarımıza qarşı düşünülmüş, planlı şəkildə soyqırım siyasətinin həyata keçirilməsinə səbəb oldu. Tarixin müxtəlif dönəmlərində Rusiyanın havadarlığı ilə Azərbaycanda məskunlaşdırılan, sayca azlıq təşkil edən ermənilər inzibati bölgü yaratmağa, azərbaycanlıları öz dədə-baba torpaqlarından qovmağa, tarixi saxtalaşdırmağa nail oldular. Azərbaycanlılara qarşı ilk kütləvi qırğın 1905-1907-ci illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda törədərək minlərlə azərbaycanlını amansızcasına qətlə yetirdilər. 1917-ci ilin oktyabr inqilabından sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər Andranikin rəhbərliyi ilə İrəvanda, Eçmiədzində və digər yerlərdə kəndlər dağıdıldı, sakinlər qətlə yetirildi, əmlakları talan edildi. 1918-ci ilin martında stepan Şaumyan Qafqazın komissarı təyin edildi və həmin vaxtdan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı mənfur plan həyata keçirilməyə başladı. 1918-ci il 30 mart-3 aprel tarixlərində Bakıda, Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda Bakı Sovetinin 6 min silahlı əsgəri və daşnak-ermənilərin 4 minlik silahlıları azərbaycanlılara qarşı soyqırıma başladılar. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edildi, uşaqdan böyüyədək hər kəs, 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. "Böyük Ermənistan” xülyasının reallaşdırma ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, insanlar işgəncələrə məruz qaldı. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.. Adı çəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir. Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüslər dövlətçilik qarşısında duran əsas məsələlərdəndir və bundan sonra da davam etdiriləcəkdir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |