Əsas Səhifə > Mədəniyyət > Babəksiz gələn Novruzum

Babəksiz gələn Novruzum


28-03-2022, 17:53


Babək Osmanoğlu Sarıvəlli Qurbanov (1939-2019)

Bahar gələndə insanlar sevinər. Deyib gülmək, şənlənmək istər. İnsanoğlunun mənəvi ehtiyacının təminatıdır, şənlənmək, çalıb-söyləmək, oxuyub-oynamaq. Bahar bayramında ocaq üzərində ağırlığını-uğurluğunu bir anlıq tökmək, sevib sevilmək mövsümdə daha mənalıdır, daha gözəldir. Bülbüllərin şövq ilə ötüşdüyü, sevgisini gülə elan etdiyi aydır bahar bayramı. Gülü görüb oxuyar şeyda bülbül. Vəcdə gəldiyini əsrarəngiz səsləriylə izhar edər gül-çəməndə Xarıbülbül, sarı bülbül, yarı bülbül. Yarıcan qalmış bülbül kimiyəm Babəksiz ey oxucum!

Sarı bülbülüm gülsüz qaldı üç il ötən o baharda, Novruzdan 7 gün sonra martın 28-də. Yeddi, getdi demək imiş sən demə. Babək Qurbanov adında bir Vətənoğlumuzu, professorumuzu, estetikçi-musiqişünas alimimizi qeyb etdik. Heyfsilənirəm, nə qədər şəxsiyyəti gözəl, özü gözəl, təbiəti saf, əxlaq sahibi doğru-dürüst insanpərvər Osmanoğlu Babək Sarıvəllim. Yerin görsənir ətrafım bomboş, kimsəsiz qaldım tifil, köməksiz-imdadsız qaldım. Tək əldən nə səs çıxar? Əl gərək ələ dəysin belə demiş babalar. Ürəyim, həmdəmim, könül dostum, mənəvi böyük qardaşım, böyüklüyünü ağalığını, ağırlığını, samballığını əsirgəməyən Babəkim. Nə edəsən? Bilmirəm. Nə deyəsən? Deməyə söz tapmaq olmur ki? Özümü heç cür ovuda bilmirəm. Çünki itki böyük, çəkmək ağırdır bu dərdi, bu hicranı yaşaya bilmək çox çətindir.

Xalq şairimiz Hüseyn Arif Babək müəllim kimi şöhrətli alimlərimizi nəzərdə tutaraq necə mənalı demiş:

İtki var bir evi yandırıb-yaxar,
İtki var bir eli yandırıb-yaxar.

Nə bu yükü çəkə bilirəm, nə dözə bilirəm, daha səbri-qərarım qalmayıb, tabım-tabanımda tükənib. Babəkdən ayrı qalmaq çox ağırdır. Dözmək lazımdır dözə bilmirəm, səbr etməliyəm səbrim yoxalıb 3 ildir. Köməyə gələnim yox, yardıma çatanım yox, elmi bilgilərinə tamarzı qaldım 3 ildir. Məni elmi söhbətlərlə danışdıranım yox, daha bezmişəm xiffət çəkməkdən, küsmüşəm bu həyatdan barışdıranım yox. Babəksiz dostlarım indi olub xiffət, səbrsizlik, dözümsüzlük. Dərd, qəm çəkmək mənlə dost olmağa çalışır, rəfiq olammıram heç zaman. Ətrafımda hey dolaşır, yaxınıma gəlmək istəyir qovuram, hey kənarlaşdırmağa çalışıram. Babəkdən başqa mənə heç bunlar lazım deyil. Heç biri gərəkli deyil. Mənə lazım olan mənəvi həmdəmimin, həmsöhbətimin, tərəfmüqabilimin, onunla nəfəs aldığım, canlandığım canım-ciyərimin adı Babək Qurbanovdur. Vəssalam!

Nə qədər ağırdır dost itkisi uyuşa bilmirəm, barışa bilmirəm bu həqiqətlə. Özüm-özümlə də küsülü kimiyəm. Nə üzüm gülür, nə qəlbim sevinir, nə şad ola bilirəm, nə fərəhlənə bilirəm. Fərəhim, iftixarım gedib, qürurum tarmar olub, mənəvi dərdli-qəmili gərdikirəm bu fani dünyada. Bəlkə gözümə görünə, bəlkə xəyalımda canlana, bəlkə yada düşə, bəlkə yad edib ana biləm. Bəlkələrin dəryasında ləngər vurmaqdayam. Heyif səndən Babəkim, Osmanoğlum, Sarıvəllim. Neçə insanların elminə mayaq oldun, işıq saçdın ömür-gün yoluna. Aydınlıq gətirdin, sevinc bəxş etdin həyatına, səni yaxından tanıyanlara. Onların ürəyində, xəyalında yaşamaqdasan. Ən əsası odur ki, heykəlləşmisən qəlbimizin məkanında müqəddəs Babəkim, Osmanoğlum, Sarıvəllim. Gül kimi yaşadın, saf yaşadın, məğrur yaşadın billur həyat yolculuğunda. Özündən başqasına əziyyət vermədin. Nur kimi bərq vurdun ömrümüzə, ilimizə ayımıza, günümüzə a Babəkim, Osmanoğlum, Sarıvəllim.

Üzüntülər içində, sıxıntılar aləmində tək qalmışam a Babəkim, Osmanoğlum, Sarıvəllim. Keçən günlər necə də gözəl idi həyatımın mənası, dadı-duzu, tamı, ləzzəti var idi a Babəkim, Osmanoğlum, Sarıvəllim.

Keçən günə gün çatarmı, calasam günü-günə? Təəssüf ki, calasam da o gözəl günlər xatirələrə dönüşdü xəyalımda. İndi heç kimim yox, bir kimsənəm yox. Sənin yerini tutanım yoxdur daha. Ola da bilməz. Çünki nadir idin, bir idin, pir idin, nur idin, bir inci idin, birinci idin ömür salnaməmin ilk səhifəsində. Şahanə gəzirdim, şən-şux dolanırdım, ürəkli, zirəkli olurdum sənlə. Sənsizliyin xiffətini çəkməkdəyəm a Vətənoğlu, a Vətənimin iftixarlı, namuslu, iffətli, qeyrətli insanı. İnsanlıq elminin sərkərdəsinin adı Babək Qurbanovdur mənim üçün, onu yaxından tanıyanlar üçün də belə idi.

Əziz idi, əzizimiz idi Babək Qurbanov. Hara qədəmi dəyirdi hüzur yaradırdı. Barış elçisi idi Babək müəllim. Xoşbəxtlik simvolu idi öz cismində, öz varlığında. öz həyatı ilə örnək idi bizlərə, hər rəftarında, hərəkətlərində, sözlərində, məhəbbətlə baxan gözlərində. Soldu getdi, qürub etdi qərq oldu, sonunda qara torpaqlara qarışdı getdi məyus etdi bizləri. İzləri qaldı ömür yolumuzda, könül məkanımızda saf, təmiz, bakirə qədəmləri ilə.

Təvazökrlıq timsalı idi Babək müəllim. Heç özünü tərif etməzdi, qürurlanıb öyünməzdi. Ağac bar gətirəndə başını aşağı salar demişlər. Babək müəllim də insanlıq bağının bar gətirən bəhrələrlə: məqalələrlə, kitablarla, başını aşağı endirdi, böyük xalqının qarşısında müti oldu, təvazökarlığı ilə fərqləndi hər kəsdən. Xidmətinin hələ az olması düşüncəsində idi Babək müəllim. Nə qədər yazıb yaratdısa az hesab etdi. Ona görə də başı dik gəzmədi, boynu bükük görkəmi qaldı gözlərimdə. Başını aşağı salıb elm axtarışının kəşfiyatında idi sağlığında gecə-gündüz demədən.

Üç il keçib aradan axtarış dayanıb, elmi yeniliklərin bulaq adlı gözü quruyub, öz məcrasında. Bu bulağın adı Babək Qurbanov idi. Heyif, heyhat, əfsuslar olsun ki, nə gözümüzə dəyir, nə xəyalımızda canlanır, nə ürəyimizdə hərarətli çırpınan ürəyi ilə döyünə bilir. Döyünmələr, çırpınmalar daha 3 ildir dayanıb. Ürəyimdə matəm tutub gecə-gündüz yaşayıram onsuz - Babək Qurbanovsuz. Bu yaşamaqmı? Belə ömür sürməkmi olar heç?

Sağlığında rəsmi çəkildi Gaziantep Universitetinin istedadlı rəssamı sənətşünaslıq namizədi Məhəmməd Əliyev tərəfindən. Son boyalı rəsm oldu Babək müəllim üçün.

Həyata vidalaşmadan 3 il öncə 2016-cı il bahar mövsümündə "Qürbətin Musiqisi” adında film çəkildi Gaziantep Universitetinin kinoşünaslıq fakultəsində bir zaman dərs dediyi Bəkir Yolaçan adlı tələbəsinin təşəbbüsü ilə. Bu filmi ilə də Azərbaycanımıza ən qiymətli töhfəsini ərmağan etməyə nail oldu, ssenarist övladımız.

 

Ssenarist-yönətmən Bekir Yolaçan 

Necə sevinirdi. Bilirdi ki, bu film onun 80 illik həyatında yer alan bir anının fraqmentinin ödülüdür. Buna da şükür edirdi ki, gənc nəsil biləcək, onu xatırlayacaq, bu filmə baxmaqla, böyük alimin, nəhəng şəxsiyyətin olmadığını sonradan anlayacaqlar Babək Qurbanov kim idi? Onda daha gec olacaq. Özü bu dünyada olmasa da əməlləri bu görüntü ilə qısaca da olsa Babək müəllimi xoş xatirələrin anı olaraq yaşadacaq onu sevənlərin könül dünyasında. Tək təskinliyi onda tapırdı ki, sağlığında film çəkilmiş, 53 kitabı 700 məqaləsi xalqımız üçün töhfə qaldı. Böyük ümidlə inanırdı ki, gənc nəsil, elm adamları bu yazılardan faydalanıb ruhuna fatihə oxuyacaqlar. Çünki sağlığında rəhmət qazanmışdı coşğun çalışmasıyla, xeyirxah, təmənnasız savab əməlləri ilə taxt-tac qurmuşdu mənəvi dünyamızda Babək Osmanoğlu.

Təmkinlilik timsalının adı Babək Qurbanov idi. Çox səbirli idi, həyalı gəzirdi, namus-qeyrət mücəssəməsi idi. Bu insani dəyərləri bir otaqda çalışdığımız Qaziantep Universitetinin Konservatoriyasında dəfələrlə müşahidə etmişdim. Heyrət edirdim bu ədəbə, ərkana, mərifətə, ailəsindən aldığı tərbiyəyə, onu yetirən Qazax elinə.


Səyalı ana və övladı Prof. Dr. Babək Qurbanov, atası Xalq şairi Osman Sarıvəlli 

Azərbaycan adında bir məmləkətin özü idi Babək müəllim. Mədəniyyətimizi, ədəbiyyatımızı, estetika elmimizi, musiqişünaslığımızı yorulmadan, usanmadan qazandığı uğurları ilə layiqincə təmsil edirdi Babək müəllim. Bütün ruhu, canı, qanı ilə bağlı idi doğma Vətəninə, Qazax elinə.

Ömrün son mərhələsində xəstəliyinin tüğyan etdiyi 2018-ci ilin may ayının 21-də Ramazanın bir mübarək günündə qurban kəsmək məramı ilə diləklərimizin qəbul olunması üçün hətta Ökkeşiyə Həzrətlərinin uyuduğu müqəddəs ziyarətgaha xatirini əziz sandığı, etibarlı dostu - fotoqrafçı Ayhan Kılınçla birlikdə Babək müəllimi də götürüb dua da etdik ki, tezliklə sağalıb elmi fəaliyyətinə davam etsin. Oxucularımıza təqdim etdiyimiz şəkillər o duyğulu anların görüntüsüdür ki, xalqımız tanımış olsun.

     

Babək Qurbanov Ökkeşıyə Həzrətlərinin türbəsini ziyarət edərkən


Babək müəllimi Ökkeşiyə Həzrətlərinin ziyarətinə aparan Ayhan Kılınç başının üstündə gizlicə dua edərkən

May ayının sonlarında daha ümidimizin tükəndiyi ərəfədə ağrılarının şiddətləndiyi, çarəsiz qaldığı bir gündə "məni Azərbaycanıma sən apar, ay dayı” - dedi. Götürdüm Azərbaycanıma qəmli, kədərli, niskilli, çiskinli, kədər dolu ruhumla. Bir də heç zaman görə bilməyəcəyimi anlayırdım. Bu həyəcanlı anlarımda Heydər Əliyev Beynəlxalq Aeroportunda Babək müəllimi qarşılayan vəfalı dostumuz, hörmətli şairimiz Musa Ələkbərli idi...

Haqq dünyasına qovuşması zamanı da doğma Vətənini seçdi, İkinci Şıxlı elinin ailə məzarlığına töhfə etdi şirin canını. Nəhayət ki, son niyyətinə qovuşdu. Çünki bu mübarək ziyarətgahda qardaşı Professor Rafiq Qurbanov və atası Osman qağa uyuyurdu. Yanıbaşında isə özünə yer etməklə sanki bir təskinlik, rahatlıq tapdı haqq dünyasında. Bəzədi bu qəbiristanlığı öz cismi ilə, torpağa gömüldü mübarək vücudu ilə. Bizim üçün and-qəsəm yeri oldu bu məbədgahda, bu əbədi istirahətgahda.

Ziyarətinə dəyər verənlər gələr a Babəkim mənim. Səni unuda biləməyənlər, niskilli qədəmlərlə mübarək məzarına, jalə gözyaşı timsalı qızıl gül dəstəsi səpər başdaşına.


Prof.Dr. İlqar Cəmiloğlu, Prof.Dr. Babək Osmanoğlu aspirantı Dos.Dr. Güləkin Şener

Mənəvi güc, qüvvə təskinik almaq niyyəti ilə bizlərə nicat ver, nüsrət ver, inam ver a Babəkim mənim, çalışma əzmimi daha da artır ay "Dayı”.

Ayrı-ayrı ata, anadan doğulsaq da, yaş səviyyəmiz fərqli olsa da ruhumuz, fikrimiz, düşüncəmiz, amalımız bir idi, məramımızın adı insanlıq idi, insanlıq aləminə təmənnasız xidmət idi. Mənəvi cəhətdən sənin insanlığını tamamlamağa cəhd edirdim. Fəqət Sən məni bütövlük fəlsəfəsi adlı örnək olası ilahi dünyanla final akordu ilə tamamlamış oldun nə yazıq ki. Anlayanlar üçün qüdrətli idin elminlə, fəhminlə, möhtəşəm yaradıcılığınla, zəngin bilgilərinlə, mindən fəzlə elmi ərməğanlarınla.

Sadəcə ruhuna fatihə etməklə mənəvi təskinlik tapıram. 28 mart 2019-cu il tarixində köç karvanını çəkib getdiyin dərgahına ərmağan olsun bu fatihəm, əzizim Osmanoğlu Babəkim, nurlu siman gözlərimdə yaşamaq şərtiylə... Allaha əmanət ol deyirəm, Ruhun şad olsun ey böyük insan... İnsanlıq elminin ustadı...


İnanıram ki, Qaziantep Universitetindən ana Vətənimizə yola saldığım 50 koli elmi kitabların, qiymətli məqalələrin yaxın zamanda Qazax elində fəaliyyət göstərəcək muzeydə inşallah sərgilənəcək. Çünki Sarıvəlli ocağından iki məşhur elm xadimləri, professor Rafiq Qurbanov, professor Babək Qurbanov və Xalq şairimiz Osman qağamız bəxş olunub Azərbaycanımıza.

 

Sən unuda bilməyən İlqar Cəmiloğlu İmamverdiyev
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru Sənətşünaslıq Elmləri Doktoru
21 mart, Novruz bayramı 2022-ci il, saat 23:14


Geri qayıt