Əsas Səhifə > Mədəniyyət > Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər ölkədə aparılan yeni islahatlar siyasətinin davamıdır

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər ölkədə aparılan yeni islahatlar siyasətinin davamıdır


11-03-2022, 10:47


Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci ildən ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Beş ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçki dairəsində majoritar qaydada seçkilər keçirilir. Milli Məclisin tarixində ilk dəfə növbədənkənar parlament təyin edilmişdir. İslahatlar siyasətinin davamı kimi növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olmuşdur. 10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmiş, Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Dövlət başçısı çıxışında bildirmişdir ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Prezident həmçinin seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymətdən danışaraq qeyd etmişdir ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.


Öz çıxışında Prezident İlham Əliyev onu da vurğulamışdır ki, məsuliyyət ən vacib məsələlərdən biridir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.

Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt