Əsas Səhifə > Mədəniyyət > Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir

Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir


12-12-2021, 23:41


Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı Dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir.

1969-cu ildə keçirilən plenum tarixi hadisə kimi Azərbaycanın tarixinə əbədi daxil oldu. Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başladı. 1969-cu ildə Azərbaycan SSRİ-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir dövrdə Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi seçildi. Tarixi inkişafın sonrakı gedişatı sübut etdi ki, bugünkü müstəqil Azərbaycanı Heydər Əliyev o zaman qurmağa başladı. Tarixin yaddaşında iz qoymaq hər insana nəsib olmur. Yalnız xalqdan güc alan lider əbədiyaşarlıq qazanır.

"Xalqa xidmət etmək üçün onu sevmək azdır” - deyirdi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev. Çünki həqiqi vətənpərvərlik, millətsevərlik təkcə sözlərdən ibarət olmamalıdır. Heydər Əliyev xalqın tarixi fəaliyyətində, mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərərək əsl xalq sevgisini dövlətə, torpağa bağlılığını təkcə sözdə deyil, əməldə də sübuta yetirdi. Gördüyü işlər, başladığı layihələr öz tarixi əhəmiyyəti ilə ölkənin həyatında, xalqın taleyində silinməz işlər buraxmışdır. Azərbaycanın gələcəyini düşənərək ilk və əsas məsələ kimi sağlam milli kadrların hazırlanması, təhsil sahəsində ciddi yenidənqurma işlərinin aparılması istiqamətində mühüm addımlar atmağa başlayan Heydər Əliyev ali məktəblər və onların filiallarının yaradılması, məktəb binalarının tikilməsi, peşə və orta ixtisas təhsilinin sürətli inkişafı, gənclərin Azərbaycandan kənarda ali təhsil alıb mütəxəssis kimi yetişməsi və s. böyük milli və siyasi əhəmiyyət daşıyırdı. Çünki milli kadr siyasəti həm də azərbaycançılıq uğrunda mübarizənin başlanğıc addımlarından biri idi. Qısa müddət ərzində yeni tipli milli kadr bazasının yaradılması, Azərbaycan elmində islahatların aparılması güclü dövlət konsepsiyasının əsası oldu.

Ən əsası milli köklərə, ana dilinə bağlı olan Heydər Əliyev milli ədəbiyyatımızın və mədəniyyətimizin qurucusu və himayədarı kimi milli mənəviyyat uğrunda mübarizə apardı. Ana dilinin dövlət dili kimi Konstitusiyaya salınması təşəbbüsünü təkidlə dəstəklədi. Bu xalqın mənəvi sərvəti olan ana dilimizin tarixində böyük qələbə idi. Azərbaycanın qısa bir zaman kəsiyində qüdrətli sənaye potensialı yaradaraq, dünyanın ən iri müəssisələri ilə rəqabətə davamlı zavodlar, fabriklər yaradıldı, kənd təsərrüfatı sahəsində ölkənin iqtisadi potensialı misilsiz dərəcədə artdı. Qarşısında süni yaradılmış hər cür maneəni, çətinliyi dəf edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritdi.

Heydər Əliyev özü bu haqda demişdir ki: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

O da təkzibolunmaz bir faktdır ki, Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının yüksəlişi fonunda həm də xalqın tarixi keçmişinə sahiblənmək, milli oyanış, milli-mənəvi həyatında dirçəliş də baş verdi. Xalqda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.

Keçmiş İttifaqın dağılması Azərbaycanın müstəqilliyi ilə bərabər Qarabağda ermənilərin ərazi iddialarına da yol açdı. Ermənistanla ümumi sərhəddi belə olmayan Qarabağın ermənilərə birləşdirilməsi barədə iddialarını Moskva dəstəkləyirdi. Heydər Əliyev isə daşnaq dairələr üçün əsl "maneə" idi.

Yenicə müstəqillik əldə edən dövlət 1993-cü ilin yayına kimi özünün çətin günlərini yaşadı. Hakimiyyətdə olan təsadüfi adamların ölkəni sürüklədikləri xaosdan qurtarmaq ümidi yalnız xalqın xilaskarı Heydər Əliyev idi. Xalq onu bu vəziyyətdən qurtara biləcək yeganə şəxs kimi görkəmli dövlət xadimi Heydər Əliyevi görür və təkidlə onu tələb edirdi. Beləliklə. 1993-cü ildə Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi və həyatı bahasına Azərbacanı xilas etdi. Xalqın milli qürurunu özünə qaytardı, Millətə, torpağa, Vətənə, bayrağa olan sevgisini özünə qaytardı. Heydər Əliyev qayıtdı və hər şeyi sıfırdan başlamasına baxmayaraq Azərbaycanın dövlət müstəqilliyini təmin etdi, dövlət quruculuğunu başladı, sabitliyi yaratdı, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün çox önəmli tarixi hadisə olan "Əsrin müqaviləsi” imzalandı, atəşkəs imzalandı, beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazilərimizin sülh yolu ilə azad edilməsi, Azərbaycanın haqq səsinin bütün dünyaya yayılması güclü ordunun yaradılması istiqamətində misligörünməyən işlər görüldü. Sağlam düşüncəli gənc nəslin hazırlanması, ana qanunumuz olan Konstitusiyanın qəbul ediməsi, YAP-nın yaradılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bir hissəsidir. Bütün bunların fonunda siyasi lider kimi zirvələri fəth etmiş Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Onun siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də bütün mənalı həyatını həsr etdiyi Azərbaycanı özündən sonra yaşada biləcək siyasi lider yetişdirməsidir. Tükənməz bir məktəb olan Heydər Əliyev ideyalarını davam etdirmək üçün "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyə İlham Əliyevə səs vermək üçün xalqa müraciət edəndə, gənc, qətiyyətli, praqmatik lideri -İlham Əliyevi xalq dəstəklədi. Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan İlham Əliyevin şəxsində dahi siyasətçi Heydər Əliyevin siyasi kursu ilə idarəçiliyini davam etdirdi. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi tarixi reallıq idi. Eyni zamanda çətin və şərəfli missiya idi. İlham Əliyev bu missiyanı üzərinə götürərək Azərbaycanın gələcək inkişafı üçün gərgin və məhsuldar işə başladı. Müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və ölkəyə investisiya axınında İlham Əliyevin gərgin əməyinin əvəzsiz rolu vardır. İlham Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda inamla addımlamış, hər zaman xalqın içərisində olmuş, Azərbaycanın beynəlxalq məkanda nüfuzunun gücləndirilməsi üçün qətiyyət və cəsarət nümayiş etdirmiş, Dağlıq Qarabağ haqqında, "qondarma Dağlıq Qarabağ münaqişəsi” haqqında beynəlxalq aləmdə obyektiv rəy formalaşdırmışdır. İlham Əliyev uzaqgörən dövlət xadimi kimi sağlam gənclər siyasəti həyata keçirmişdir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, erməni işğalçılarının təcavüzkar mövqeyi beynəlxalq aləmdə ifşa olunmuşdur. Ötən ilin noyabr ayında Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad edərək düşmən üzərində möhtəşəm qələbəni qazanmışdır.

Bu gün tam əminliklə söyləyə bilərik ki, Heydər Əliyevin yaratdığı dövlət nəinki Azərbaycanda yaşayan adi vətəndaşların, həm də dünyanın uzaq bir nöqtəsində yaşayan azərbaycanlıların da dövlətidir. Çünki bu dövlət xalqın mənəvi, əxlaqi dəyərlərinə, tarixi yaddaşına əsaslanan unikal bir ideologiya əsasında yaradılıb və bu gün də dünya dövlətləri içərisində öz mövqeyini qoruyub saxlamaqdadır.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt