Əsas Səhifə > Mədəniyyət > "Azərbaycanın hər yerində qələbəmizin izinə rast gəlinir"
"Azərbaycanın hər yerində qələbəmizin izinə rast gəlinir"10-12-2021, 09:40 |
Bu gün Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsindən bir il ötür![]() 2020-ci il sentyabrın 27-də başlanan müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ermənistan Silahlı birləşmələrinin məğlubedilməzliyi barədə illərlə formalaşdırdıqları mif cəmi 44 günə məhv edildi. 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, bir sıra strateji yüksəkliklər döyüş meydanında düşməndən təmizləndi, Şuşa şəhəri və 70-dən artıq kəndin, 8 strateji yüksəkliyin azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzaladı. Üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atmadan, bir şəhid vermədən öz tarixi sahiblərinə qaytarıldı. Vətən müharibəsində əldə edilən qələbə həm tarixi ədalətin bərpası, həm ərazi bütövlüyümüzün təmin edilməsi, həm də ölkədə dövlət-xalq-ordu birliyinin təzahürü kimi tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. 2020-ci il Zəfər ili kimi Dünya Azərbaycanlılarının yaddaşına qürurla, şərəflə həkk olundu. Hər zaman birlik və həmrəylik nümayiş etdirən xalqımız bu Qələbənin əldə edilməsində böyük rolu olan şəhidlərimizi, sağlamlığını itirmiş qazilərimizi, müharibədə iştirak edərək qəhrəmanlıqla döyüşən hərbçiləri heç vaxt unutmur, onları gələcək nəsillərə örnək və qəhrəmanlıq salnaməmizi yazanlar kimi təqdim edərək ehtiram və hörmətlə adlarını uca tuturlar. Dövlətimiz tərəfindən də Qələbəmizin əbədiləşdirilməsi üçün ölçüyəgəlməz işlər görülür.
Qələbənin əbədiləşdirilməsi sahəsində görülən işlərdən biri də Bakıda Vətən müharibəsi memorialkompleksi və Zəfər muzeyi yaradılması olacaqdır. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən müharibəsi memorialkompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.
Bundan əlavə, dövlət siyasətinin əsas prioritetlərindən biri də möhtəşəm Zəfərin əldə edilməsində payı olan hər bir hərbçi və mülki vətəndaşındövlət tərəfindən mükafatlandırılmasıdır. Vətən müharibəsində qələbə münasibətilə "Zəfər” və "Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib və bu proses davam edir.
Azərbaycanda olduğu kimi, regionlarda da bu istiqamətdə bir sıra işlər, genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 339 nəfər şəhidimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində 51 nəfər Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksinin yaradılması, Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən Qazax şəhərində olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi igid Vətən oğullarına olan hörmət və ehtiramın bariz nümunəsidir. Bu gün qalib ölkənin vətəndaşı olaraq Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayırıq. Və həmin Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq. Bundan sonra da olacağıq. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yardılan guşə
51 nəfər Vətən müharibəsi şəhidinin xatirəsinə yaradılmış Abidə Kompleksi
Geri qayıt |