Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi iştirakçısı kiçik çavuş Nurlan Alızadəni ziyarət ediblər
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi iştirakçısı kiçik çavuş Nurlan Alızadəni ziyarət ediblər3-12-2021, 21:35 |
2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Füzulinin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid oğullarımızdan biri də Qazax rayonunun Xanlıqlar kənd sakini (MAHHXHQ) kiçik çavuş Alızadə Nurlan Valeh oğludur. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək və nümunə götürülür. Dövlətimiz və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğını əldə rəhbər tutan Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları hər zaman bu təbəqədən olan insanları yad edir, diqqətlərini göstərirlər.
Mərkəzin əməkdaşları öz ənənələrinə sadiq qalaraq 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə 44 günlük Vətən müharibəsi iştirakçısı Nurlan Alızadəni ziyarət edib, onunla həmsöhbət olublar. Qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, Nurlan və onun kimi cəsur qazilərimizə minnətdar olduğumuzu bir daha diqqətə çatdırıblar.
Söhbət zamanı Nurlan Alızadə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb, torpaqlarımızın azad edilməsində onun da imzasının olduğundan böyük şərəf və qürur hissi keçirdiyini qeyd edib. Nurlan Alızadə döyüşlərdə yaralandıqdan sonra dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qiymətləndirib və yad etdikləri üçün təşəkkür edib. Məlumat üçün qeyd edək ki, Alızadə Nurlan Valeh oğlu 28 aprel 1993-cü ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirmişdir. 2014-cü il tarixdən Qazax rayonunda "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdən başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş və 11 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası almışdır. 10.08.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Ailəlidir, 2 azyaşlı övladı var. Nurlan Alızadə döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 30.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. GOYEZEN.AZ Geri qayıt |