Əsas Səhifə > Mədəniyyət > Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya bu gün də davam edib

Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya bu gün də davam edib


1-11-2021, 20:29


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın yaddaşına əbədi həkk olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən artıq 1 il ötür. Xalqımız ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən bu il 8 noyabrı Zəfər Günü kimi qeyd edəcək. 

Respublikamızın hər yerində olduğu kimi,  8 Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası təşkil edilib. "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.

Bugünkü aksiyanın iştirakçıları Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri olub.


Məktəblilər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz bildirilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.

GOYEZEN.AZ


Geri qayıt