Əsas Səhifə > Mədəniyyət > “Ömrünü xalqına və dövlətinə həsr edən müdrik insan”

“Ömrünü xalqına və dövlətinə həsr edən müdrik insan”


6-10-2021, 11:30


Heydər Əliyev XXI əsrin əvvəlində Azərbaycan tarixinin ən mürəkkəb və gərgin vəziyyətində xalqına dayaq olaraq öz liderlik missiyasını həyata keçirdi, millətin gələcək xoşbəxtliyini təmin etdi, müstəqil Azərbaycanı qurub yaratdı. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı təlatümlərdən xilas edərək ictimai-siyasi sabitliyi təmin etdi. Azərbaycan bu gün möhkəm və sarsılmaz təməl üzərində qurulmuş, güclü, günü-gündən inkişaf edən bir dövlətdir. Bütün bunların hər birində isə Heydər Əliyevin imzası var. Hələ hakimiyyətinin Sovet dövründə Azərbaycanın müstəqilliyinə zəmin hazırlayan Heydər Əliyev elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial–iqtisadi sahələrdə məqsədyönlü layihələr hazırlayaraq həyata keçirmişdir. Məhz belə bir zəmin üzərində Azərbaycan müstəqilliyinə qovuşdu. Lakin səriştəsiz AXC-Müsavat cütlüyünün məsuliyyətsizliyi səbəbindən ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq həyatının mənasını xalqına və dövlətinə həsr etdi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş və Ermənistanla müharibə şəraitində olan Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuz və söz sahibinə malik bir ölkəya çevirdi, öz şəxsi nüfuzu sayəsində ölkəni dünyanın vacib aktorları sırasına çıxardı.

1993-cü ilin oktyabrında keçirilən Prezident seçkiləri Azərbaycanın yeni inkişaf mərhələsinin təməlini qoymuş seçkilər idi. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın yüksək fəallığı ilə keçirilən seçkilərdə səslərin 76,1%-nitoplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində hər zaman tərəqqisi üçün çalışdığı zəngin mədəniyyət, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı.

Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Liderinandiçmə mərasimindəki nitqində dediyi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri bu gün də hər bir azərbaycanlının yaxşı xatirindədir. Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər "siyasət nəhəngi”, "siyasət qrosmeysteri”, "siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuşdur.

Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsiretmə gücündə idi.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyev bundan sonra da hər zaman dərin hörmət və ehtiramla anılacaq. Azərbaycan dövləti və xalqı var olduğu müddətcə dahi şəxsiyyət qəlblərdə əbədi yaşayacaq. Ən əsası da bugünkü müstəqil Azərbaycan dövlətinə görə hər an minnətdar olacağıq.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt