Əsas Səhifə > Mədəniyyət > Xalqımız işğaldan azad olunmuş torpaqlara qəhrəman xalq kimi qayıdacaq

Xalqımız işğaldan azad olunmuş torpaqlara qəhrəman xalq kimi qayıdacaq


2-10-2021, 10:43


2020-ci il Azərbaycan xalqının şanlı tarixinə möhtəşəm qələbə ilə yazıldı. 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğalda saxlanılan tarixi Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı və rəşadətli ordumuzun gücü sayəsində azad edildi. Xalq və dövlət həmrəliyi nümayiş etdirərək ərazi bütovlüyümüzü bərpa etdik. Bununla da dövlətimizin tarixində yeni bir mərhələnin – Qarabağa Qayıdışın əsasını qoyduq. Cəmi 44 günə dünya hərb tarixində görünməmiş bir qələbə ilə müharibəni bitirdik. Bu qələbə təkcə ölkəmizin deyil, bütün regionun parlaq gələcəyinin, Cənubi Qafqazda davamlı sülhün və inkişafın təminatçısı oldu.

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, 30 il davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi, ordumuz əsl döyüş ruhunu bütün dünyaya çatdırdı. Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu parlaq şəkildə nümayiş etdirdi.

Noyabrın 10-u düşmən kapitulyasiya aktına imza almağa məcbur oldu.

Azərbaycan həm sahədə, həm də masada möhtəşəm Zəfərinə nail oldu.

Prezident İlham Əliyevin 2021-ci il 28 sentyabr tarixində "France-24” televiziya kanalına müsahibəsi zamanı bildirdiyi kimi: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, "Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o ya Ermənistana məxsusdur, ya da ki, "müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində "Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.

Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur”.

Bu gün Azərbaycanda xalq-iqtidar birliyi, öz dövlət başçısına inam, güvən hissi yüksəkdir. Bu gün azad edilmiş ərazilərdə bərpa–quruculuq işləri gedir, həmin ərazilər yaxın zamanda cənnət-məkana çevriləcək. Xalqımız o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdacaq.

Rəna QAYAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Geri qayıt