Əsas Səhifə > Mədəniyyət > Eyni anda iki düşmən - ermənilər və ikili standartlar üzərində qazanılan möhtəşəm Zəfər

Eyni anda iki düşmən - ermənilər və ikili standartlar üzərində qazanılan möhtəşəm Zəfər


18-08-2021, 08:13


Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə siyasi sabitlik, əmin-amanlıq, iqtisadi yüksəlişin məkanı kimi bu gün dünya dövlətləri içərisində öz sözünü deməkdədir. Azərbaycan öz siyasətini demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, qanunçuluq və hüquq qaydalarına əsaslanaraq həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin dinamik inkişafını daha da sürətləndirir. Həyata keçirilən məntiqli strategiya Azərbaycanda ölkə iqtisadiyyatını təmin etməklə əhalinin rifahının yaxşılaşdırılmasına və regionda aparıcı dövlətə çevrilməsinə də təminat yaradır. Ötən ilin noyabr ayında düşmən üzərində möhtəşəm qələbədən sonra Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi, nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan bölgədəki strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərmək gücündə olan bir dövlətdir. Cənubi Qafqazın lider dövlətidir. Bütün bunlara Azərbaycan təkbaşına nail olub - iki düşmənlə mübarizə apararq. Birincisi əzəli və əbədi düşmənimiz olan erməni vandalları ilə, ikincisi Azərbaycanın müstəqilliyini, bağımsızlığını, inkişafını gözü götürməyən xarici qüvvələrlə.

Artıq 30 ilə yaxın bir vaxt ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın əraziləri işğal edilərək sakinləri didərgin salınmış, ərazilərində isə vəhşilik törədilməsinə baxmayaraq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bu işlə məşğul olan Minsk qrupunun "nəticəsiz fəaliyyəti” ölkəmizə qarşı ikili standartların olmasından xəbər verir. BMT Təhlükəsizlik Şurasının hələ 90-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə, Təhlükəsizlik Şurasının sədrinin qəbul etdiyi 7 bəyanatda göstərilən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilərək Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməli olmasına ermənilər məhəl qoymadılar. Bu isə işğalçı Ermənistanın beynəlxalq təşkilatların hüquq norma və prinsiplərini heçə sayması demək idi. Əksinə işğalçılıqdan əl çəkməyərək işğal etdiyi ərazilərdən beynəlxalq narkoticarətdə tranzit kimi istifadə etməkdən çəkinmirdilər. Beynəlxalq aləmdə isə buna göz yumulur, ədalətsizlik, ikili standartlar tətbiq etməklə Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirdilər, separatçı, terrorçuların və narkotik ticarətçilərin məskunlaşdığı oyuncaq "dövlət”i üzdə tanımadıqlarını deyir, arxada isə Azərbaycanın icazəsi olmadan orada keçirilən qurama tədbirlərdə, konfranslarda iştirak etmək üçün işğal edilmiş Azərbaycan ərazilərinə səfərlər edirdilər. Bu isə Azərbaycan xalqına və beynəlxalq hüquq norma və prinsiplərinə qarşı hörmətsizlik idi.

Prezident İlham Əliyev 2021-ci il 14 avqust tarixində "CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində bu mövzuda ətraflı çıxış edərək bildirdi ki, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu,məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta "soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir.

Lakin Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əldə əsas tutaraq özü bu məsələni həll etdi. 30 ilə yaxın bir müddətdə işğalda olan tarixi ərazilərini azad edərək düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdi. Ölkədə və regionda sülhü bərqərar etməklə təkcə düşmənə deyil, həm də ikili standartlara qalib gəldi.

Prezident müsahibəsində həmçinin onu da qeyd etmişdir ki, bu 30 il ərzində danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirildi və danışıqlar pozulurdu. İkinci Qarabağ savaşından öncə - iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi.

Prezident rəsmi İrəvanın hərbi cinayətkar olduğunu vurğulayaraq bildirmişdir ki, Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər.

Basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Ermənilər yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi hətta müharibədən sonra da davam edir. Buna baxmayaraq ölkəmiz böyük inamla və həvəslə işğaldan azad edilmiş ərazilərdə bərpa yenidənqurma işlərini aparır və insanlar öz dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu günlər uzaqda deyil.

Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt