Əsas Səhifə > Mədəniyyət > 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Qalib diyarın uşaqları” başlıqlı tədbir keçirilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Qalib diyarın uşaqları” başlıqlı tədbir keçirilib1-06-2021, 21:34 |
İyunun 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Qalib diyarın uşaqları” başlıqlı tədbir keçirilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin IV sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir "Heydər babanın nəvələriyik” filminin nümayişi ilə başlayıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. C.Hüseynova bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd olunur. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə uşaqların bayram tədbirlərinə öz qızıl kimi vaxtından ayırıb gəlirdi. Bu gün də bu siyasət ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Sonra məktəbin ibtidai sinif müəllimi Validə Yusifova uşaqları təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. IV sinif şagirdi Ayan Vəlizadə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi haqqında məlumat verib. Şagirdlərdən Nuray Qurbanlı, Zəhra Qurbanəli, Fatimə Kərimova, Əli Paşayev, Gülay Abbasova Ulu Öndərə, Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, maraqlı kompozisiyalar nümayiş etdiriblər. Tədbir Mərkəzin ekskursiyası ilə başa çatıb.
GOYEZEN.AZ Geri qayıt |