Əsas Səhifə > Mədəniyyət > Qələbəmiz bizi dünyaya tanıtdı

Qələbəmiz bizi dünyaya tanıtdı


30-05-2021, 15:25


Dövlətimizin bugünkü tarixi reallığı isbat etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev zəmanəsinin parlaq milli liderlərindən biri və qeyri-adi qüdrətli sərkərdələrindən biridir. Məhz onun uzaqgörən balanslaşdırılmış siyasəti və ordumuzun gücü ilə Vətən savaşında qələbə qazandıq. Bu qələbə 1993-cü ildən xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndərin gələcəyə müdrik baxışı ilə ölkənin taleyini cənab İlham Əliyevin şəxsində güvənli əllərə əmanət etməsindən başlanır. Ermənistan 90-cı illərin əvvəllərində torpaqlarımızı işğal edəndə biz demək olar ki, təklənmiş vəziyyətdə idik. Biz – yenicə müstəqilliyini qazanmış dövlət kimi çox az tanınırdıq. Eyni zamanda bütün dünyada çox böyük lobbiyə malik olan, xaricdən güclü dəstək alan məkrli bir düşmənlə qeyri-bərabər güclə mübarizə aparırdıq. Heydər Əliyev torpaqlarımızın azad edilməsinin həm də diplomatik iş, aparılan danışıqlar və güclü ordu quruculuğundan asılı olduğunu bildiyi üçün regionun xəritələri ilə beynəlxalq toplantılarda iştirak edir, saatlarla xəritə önündə bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək üçün əziyyətlər çəkirdi, ən əsası isə bütün bu işləri ondan sonra daha böyük əzmlə, qətiyyət və inamla davam etdirə biləcək böyük dühalı siyasi bir şəxsiyyət yetişdirdi. İlham Əliyevin yenilməz sərkərdəliyi ilə qazandığımız parlaq zəfər, böyük şəxsiyyət Heydər Əliyevin yarımçıq qalmış arzularının yerinə yetirilməsi, Azərbaycanın necə ali məqsədli, dönməz, ardıcıl, milli inkişaf yolu ilə irəlilədiyini bəyan etdi. 2020-ci ilin cəmi 44 günündə Azərbaycan dövləti, onun qətiyyəti, güclü lideri həm torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, həm də düşmənin hərbi və siyasi rəhbərliyini diz çökdürdü. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq torpaqlarımızı düşməndən azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan bütün dünyaya öz gücünü bəyan etdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpaqlarımızdan qovduq. 44 günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir. Müharibə dövründə də biz özümüzü ləyaqətlə apardıq, müharibənin bütün qaydalarına riayət etdik. Biz ancaq işğalçı dövlətə qarşı mübarizə apardıq, dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əzmini, iradəsini dünyaya göstərdi və bu şanlı qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq. Qürur hissi ilə yaşayacaq. Çünki biz təkcə faşist Ermənistana qarşı deyil, faşizm əleyhinə qarşı müharibə aparmışıq. Ermənilər o torpaqlarda törətdikləri vəhşiliklərlə həm də öz erməni lobbi təşkilatlarının yaratdıqları mifologiyaya da son qoydular. Çünki o dağıntıları törədənlər vəhşilərdir. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Bizim qələbəmiz göstərdi ki, bütün faşistlərin aqibəti ermənilərin aqibətinə bənzər olacaq. Ermənistanın dalan dövlətinə çevrilməsinin əsas səbəbi rəsmi İrəvanın işğalçı siyasətidir. 30 il ərzində onlar dövlət qura bilmədilər, deməli onlar dövlət qura bilmədilər. Açıq etiraf edirlər ki, onlar öz dövlətlərini, öz sərhədlərini qoruya bilmədilər. Azərbaycan ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində isə biz qələbəni qazandıq. Məhz Azərbaycan ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. İlk olaraq Cəbrayıl, sonra Füzuli, sonra Hadrud, sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı işğaldan azad edildi, noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də hansı formada, bunu bütün dünya bildi. Bu isə zəfərin kuliminasiyası idi. 44 günlük müharibə şanlı tariximizdir. Bu qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnika, istənilən maddi imkan ola bilər, əgər Vətən sevgisi yoxdursa, milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə, heç vaxt qələbə qazanmazsan.

Eşq olsun igid, qəhrəman oğullarımıza!

Ofiylə SALMANOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Geri qayıt