Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin
və İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin
otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri
keçirilib.
İlk olaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələrini özündə əks etdirən film
nümayiş olunub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq 20 Yanvar
hadisələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının tarixinə
qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən 30 il keçir. 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri
dinc əhaliyə divan tutmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itgin
düşmüşdür. Hökumət tərəfindən fövqəladə vəziyyət elan edilsə də bu haqda
məlumat insanlara yalnız səhərisi gün bildirilmiş və buna qədər artıq 90-a
yaxın insan amansızcasına qətlə yetirilmişdir. Həmin gecə Bakıda və
respublikanın rayonlarında qanunsuz yeridilmiş qoşunlar tərəfindən 131 nəfər
öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200 ev və
mənzil, 80 avtomaşın, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Qabaqcadan
düşünülüb hazırlanmış bu terror aktı Azərbaycan xalqının demokratiya və azadlıq
uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır.
C.Hüseynova qeyd edib ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar
faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də
Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.
Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi
ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində
lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar
hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin
xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli
Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən
qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar
faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.
Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, tədris
işləri üzrə direktor müavini Süleyman Həsənov, tarix müəllimi Ruslan Rzayev, UBTR-i
Günay Əsgərova və Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədova çıxış
edərək 20 Yanvar faciəsi haqqında öz fikirlərini bildiriblər. Qanlı Yanvar faciəsinin Azərbaycanın azadlıq
mübarizəsi tarixində, müstəqilliyə gedən yolda
xalqımızın şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu,
bu gün 1990-cı ilin 20 Yanvarından
30 il ötsə belə xalqımızın həmin günü böyük ehtiramla yad etdiyini
diqqətə çatdırıblar.
Sonra söz məktəblilərə verilib. Şagirdlərdən Ləman Novruzlu,
Yusif Rəhimli, Süneyya Əlizadə, Renat Muradov, Röya Kərimova, Vahid Məmmədov, Nazim
Şaqumov 20 Yanvar faciəsinə və faciə qurbanlarına həsr olunmuş şeirlər söyləyiblər.
Məktəbli Türkan Rəhimova və tədris işləri üzrə direktor müavini Süleyman
Həsənov "20 Yanvar” adlı kompozisiya nümayiş etdiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|