Əsas Səhifə > Mədəniyyət > İlaxır Çərşənbəmiz Mübarək
İlaxır Çərşənbəmiz Mübarək14-03-2017, 07:41 |
Bu gün Novruz Çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. Bu gün yer oyanır, torpaq nəfəs alır və inama görə, artıq əkinə, toxum səpininə hazır olur. Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxır, burada təmizlik işləri görür, müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s. Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar bişirilir. Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və müxtəlif meyvələrin qurusu qoyulur. Süfrədə xonça qurulur, ortada səməni, ailə üzvlərinin sayı qədər şam və boyanmış yumurta qoyulur. İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qohum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könül açan söhbətlər edilir. Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. GOYEZEN.AZ
Geri qayıt |