Əsas Səhifə > Mədəniyyət > Qazax: Aktyorlar dövlət qayğısından razıdırlar
Qazax: Aktyorlar dövlət qayğısından razıdırlar23-06-2019, 11:28 |
Respublika mətbuatı Qazax haqqında
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətin, incəsənətin və təhsilin inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Respublikanın hər yerində milli ornamentlər qorunmaqla möhtəşəm mədəniyyət ocaqları inşa olunaraq xalqın istifadəsinə verilmişdir. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirir, bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi baxımından bir sıra sərəncamlara imza atır. Sözsüz ki, Azərbaycan teatrı da bu qayğılardan kənarda qalmır. 2019-cu ilin aprel ayında dövlət başçısının imzaladığı müvafiq sərəncamla Azərbaycanda teatrın inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində imzaladığı sərəncamla dövlət büdcəsindən kifayət qədər vəsait ayrılması bunun bariz nümunəsidir. Respublikanın qərb bölgəsində fəaliyyət göstərən mədəniyyət ocaqlarından biri Qazax Dövlət Dram Teatrının hazırki vəziyyəti ilə maraqlandıq. Teatrın kollektivi yekdilliklə dövlətimizin başçısının atdığı bu addımı yüksək qiymətləndirdiklərini bildirdilər. Hazırda teatrda 70 nəfər adam çalışır. Bunlardan 2 nəfəri respublika Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar artisti” adına, 1 nəfər isə Prezident təqaüdünə layiq görülmüşlər. Bununla yanaşı, teatr əməkdaşlarından bir neçəsi dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşlar. Müəssisə Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuara əsasən hər il 4 yeni tamaşa səhnələşdirir. Cari ilin repertuar planına əsasən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə əlaqədar onun "İntihar” əsəri əsasında tamaşa hazırlanmışdır. Yazıçı dramaturq Əhməd Orucoğlunun "Pul dəlisi” komediyasının primyerası keçirilmişdir. İlin sonunadək Əli Fəhminin "Son reportaj” və Xalq yazıçısı İlyas Əfəndiyevin "Billur sarayda” əsəri səhnələşdiriləcəkdir. Azərbaycan teatrının inkişafı ilə bağlı 2009-2019-cu illər Dövlət Proqramı çərçivəsində bütün teatrlarda olduğu kimi, Qazax Dövlət Dram Teatrında da bir çox işlər görülmüşdür. Teatr Mədəniyyət Nazirliyinin keçirdiyi festivallarda dəfələrlə iştirak etmiş, fəxri fərmanlar və diplomlarla təltif edilmişdir. Qeyd etmək lazımdır ki, ötən il teatrın yaranmasının 80 illiyi təmtaraqla qeyd olundu. Tədbirin keçirilməsində Qazax rayon rəhbərliyinin diqqət, qayğısını və dəstəyini xüsusilə qeyd etmək lazımdır. Dəfələrlə rayon rəhbərliyi kollektiv üzvlərini qəbul edərək onları fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif etmişdir. Bu da kollektivi daha da ruhlandırır. Ötən il ulu öndərin doğum günü münasibətilə şair Aydın Murovdağlının "Türkün alın yazısı” poeması əsasında ədəbi-bədii kompozisiya tamaşaçıların böyük marağına səbəb olmuşdur. Elə həmin ili teatr Bakı şəhərinə qastrol səfərinə getmiş fransız yazıçısı Viktor Hüqonun "Edam məhkumunun son günü” adlı əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edərək böyük uğur qazanmışdır. Bundan başqa, teatr bayram günlərində Qazaxda və qonşu rayonlarda hərbi hissələrdə əsgərlər qarşısında müxtəlif tamaşalarla çıxış edirlər. Teatrın direktoru Saqif İskəndərov bildirdi ki, ölkə başçısının teatra ayırdığı vəsait müasir səhnə avadanlıqlarının alınmasına, səhnədə işıq və səs sisteminin yenidən qurulmasına, teatrın yerləşdiyi inzibati binanın təmirinə və digər lazımi avadanlıqlarla təchiz olunmasına sərf olunacaqdır. Ümid etmək olar ki, teatrın kollektivi bundan sonra daha məhsuldar çalışacaqlar. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 23 iyun 2019-cu il Geri qayıt |