Əsas Səhifə > Mədəniyyət > Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri davam edir
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri davam edir3-12-2018, 17:40 |
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri qədirbilən azərbaycanlılar tərəfindən həmişə xatırlanacaqdır. Ulu öndərin vəfatından 15 il ötməsinə baxmayaraq onun bu xalq, millət, ən əsası da müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaqdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunur. Ulu öndərin anım günü ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir. Məlumat verdiyimiz kimi, Qazax rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən "Açıq qapı” günləri elan olunub. "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir. Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar. Bu gündən start götürən "Açıq qapı” günlərində Suvarma Sistemləri İdarəsi, Melioservis İdarəsi, Su-kanal İdarəsi, Magistral Qaz Kəmərləri İdarəsi, "Avtovağzal” ASC, Kommunal Müəssisələr Kombinatının kollektivləri, şəhər 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Ümumilikdə 400-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıblar. Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov və Melioservis İdarəsinin rəisi Ərəş Pənahov çıxış edərək zamanında ulu öndərlə görüşdüklərini qeyd edərək onunla bağlı xatirələrini bölüşüblər. Dahi şəxsiyyətin Qazaxa səfəri zamanı rayonumuz haqqında söylədiyi dəyərli fikirləri bir daha xatırlayıblar. Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.
GOYEZEN.AZ Geri qayıt |