Əsas Səhifə > Mədəniyyət > Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar başa çatıb
Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar başa çatıb26-07-2018, 13:53 |
Xəbər verdiyimiz kimi, 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır. Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nın ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. İkinci dəfə isə 2017-ci il iyulun 17-dən 30-a kimi beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır. 2015-ci ilin yayında bağlanan 3 tərəfli beynəlxalq memoranduma əsasən aparılan qazıntı işləri bu il də həyata keçirilib. Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə başlamışlar. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva GOYEZEN.AZ saytına bildirib ki, 10 gündən çox davam edən arxeoloji qazıntılar iyulun 23-də başa çatıb. Builki qazıntılar zamanı da mezolit dövrünə aid yüksək nəticələr əldə olunub və xeyli sayda tapıntı nümunə olunmaq üçün Yaponiya laboratoriyalarına göndərilib. S.Əliyeva nümunə ilə bağlı nəticələrin 3 aydan sonra bilinəcəyini qeyd edib. Məlumat üçün qeyd edək ki, beynəlxalq memoranduma əsasən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu üzrə əməkdaşlıq edən beynəlxalq ekspedisiyanın tərkib hissəsində Azərbaycan tərəfdən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov, Mənsur Mənsurov və Yaqub Məmmədov da iştirak ediblər. Geri qayıt |