Əsas Səhifə > Mədəniyyət > Qazaxlı ailə “Ailə bayramı”nda iştirak edib
Qazaxlı ailə “Ailə bayramı”nda iştirak edib29-05-2018, 16:06 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ailə bayramı” keçirilib. Regionlarda sayca 9-cu olan tədbir Quba Olimpiya İdman Kompleksində baş tutub. Bayramda ölkəmizin bütün şəhər və rayonlarından ailələr iştirak edib. Hər şəhər və rayon bir nümunəvi ailə ilə təmsil olunub. Qazax rayonunu isə tədbirdə Musa Mədədovun ailəsi təmsil edib. Tədbir iştirakçıları əvvəlcə müxtəlif mövzuları əks etdirən stendlərlə tanış olublar. Burada ailələr iştirak etdikləri nominasiyalar üzrə təqdimatlarını nümayiş etdiriblər. “Ailə bayramı”nda Musa Mədədovun ailə üzvlərinin - həyat yoldaşı Sevda Məmmədova, oğlu Kamran və qızı Vüsalə Mədədovların hazırladıqları ailə səcərəsi nümayiş olunub. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək bütün Azərbaycan ailələrini bayram münasibətilə təbrik edib və ölkəmizin müxtəlif bölgələrindən gələn ailələrin bayramı bir arada qeyd etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Bildirilib ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışda deyib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. O bildirib ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu ailə siyasəti, ailə məsələləri ilə bağlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı dövlət proqramları, fərman və sərəncamlar Azərbaycan ailələrinin formalaşmasına və inkişafına yönəlmişdir. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən uğurlu siyasətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən çoxşaxəli proqramlar, xüsusilə, qaçqın və məcburi köçkün, aztəminatlı ailələr, həmçinin, sağlamlıq imkanları məhdud qadın və uşaqlara yönəlmiş layihələr bunun əyani sübutudur. Komitə sədri bildirib ki, builki “Ailə bayramı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu il həm də 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd olunur. Tədbirdə BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin çıxış edərək Azərbaycanda ailələrin xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şəraitdən və dövlət qayğısından danışıblar. Tədbir bayram konserti ilə davam etdirilib. GOYEZEN.AZ Geri qayıt |