Əsas Səhifə > Mədəniyyət > Qazaxda Beynəlxalq Muzeylər Günü qeyd olunub
Qazaxda Beynəlxalq Muzeylər Günü qeyd olunub18-05-2018, 14:00 |
18 May - Beynəlxalq Muzeylər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək səviyyədə qeyd olunub. Bu münasibətlə Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər tariximizi yaşadır” başlığı altında tədbir keçirilib. Tədbir muzeyin dünənini və bu gününü özündə əks etdirən video-çarxın nümayişi ilə başlayıb. Muzeyin direktoru Gülnaz Alişanova giriş sözü ilə çıxış edərək bütün muzey işçilərini və kollektivi Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib. Bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. 2016-cı ilin oktyabrında istifadəyə verilən yeni binanın açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. G.Alişanova onlar üçün yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib. Həmin gün “Açıq qapı” elan olunub. Muzeylər günündə məktəblilər, tələbələr, fərdi olaraq rayon sakinləri tariximizi yaşadan bu məkanda olaraq yaşadıqları bölgə barədə daha ətraflı məlumat alıb, muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Muzeyin əməkdaşları tədbir iştirakçılarına Qazaxın tarixi, coğrafiyası, mədəniyyəti, tanınmış elm xadimləri barədə geniş məlumat veriblər. Bununla yanaşı muzeydə Qazaxın Azərbaycan ədəbiyyatına bəxş etdiyi şair və yazıçılar barədə də ətraflı söhbət açılıb. Eyni zamanda şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin rus bölməsinin ikinci sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub. 18 May - Beynəlxalq Muzeylər Günü M.V.Vidadi və M.P.Vaqifin xatirə muzeyində də qeyd olunub. Əlamətdar gün münasibətilə keçirilən tədbirdə mədəniyyət işçiləri, aşıqlar, məktəblilər, KİV nümayəndələri iştirak edib. Muzeyin direktoru Məhruzə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da bu günün geniş miqyasda qeyd edildiyini bildirib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, muzeyin bərpaçı rəssamı Arzu Musayeva çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıblar. A.Musayeva muzeylər gününə həsr etdiyi şeiri səsləndirib. Sonda şəhər 2 saylı musiqi məktəbinin müəllimi Elvin Səfərov və məktəbin şagirdi Amil Kərimovun ifa etdikləri saz havalarının sədaları altında şəhər 1 saylı tam orta məktəbin şagirdləri M.P.Vaqif şeirlərini oxuyublar. GOYEZEN.AZ
Geri qayıt |