Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Heydər Əliyevin Qazax səfərlərinin rayonumuzdakı izləri” başlıqlı sərgi təşkil edilib
Qazaxda “Heydər Əliyevin Qazax səfərlərinin rayonumuzdakı izləri” başlıqlı sərgi təşkil edilibDünən, 22:13 |
|
Qazax Dövlət Sosial-İqtisadi Kollecdə təşkil olunmuş sərgidə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun məsləhətçısi Gülnar Quluyeva, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru, müəllim heyəti, tələbələr, gənclər iştirak ediblər. Sərgidə Ulu Öndərin müxtəlif illərdə Qazax rayonuna etdiyi səfərləri, yerli əhali, zəhmətkeşlər və ziyalılarla görüşlərini, eləcə də rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm tarixi anları əks etdiən fotoşəkillər, nəşrlər, kitablar nümayiş etdirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək sərgini açıq elan edib və sərginin mahiyyətindən danışıb. O, bildirib ki, danılmaz bir həqiqətdir ki, ölkəmizdə şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından çıxmış zəngin tarixə söykənir. Məhz bu ənənələrin sayəsində yaranan memarlıq abidələri şəhərlərimizin simasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev hələ gənclik illərindən memarlığa böyük həvəs göstərib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Ümummilli Liderin memarlığa sevgisi və diqqəti könlündə həmişəlik yurd salıb. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq, qısa bir dönəmdə Azərbaycan memarlıq və şəhər salnaməsində artıq estetik dəyişikliklərə start verilib. Rayonumuz da bu işlərdə ön sıralardan birində qərarlaşıb. Ulu Öndərin 70- ci illərdə regionlara səfərləri zamanı təşəbbüskarı olduğu abadlıq-quruculuq, yenidənqurma işləri Qazax rayonundan da yan keçməyib. Rayonumuza etdiyi 3 səfərin hər biri yeni bir başlanğıc, yeni infrastrukturun açılışı kimi tarixə düşüb. Bu gün burada sərgilənən fotolarda da məhz həmin görüşlər, açılışlar və təməlqoymalar öz əksini tapıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai- siyasi və humanitar məsələlər sektorunun məsləhətçısi Gülnar Quluyeva çıxış edərək bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi dövlətin milli-mədəni irsə, şəhər mühitinin keyfiyyətinə və memarlıq düşüncəsinə verdiyi xüsusi önəmin bariz göstəricisidir. Bu Sərəncam təkcə memarlıq sahəsinə dair tədbirlərin intensivləşdirilməsi deyil, eyni zamanda, şəhərsalma prosesində milli kimlik, estetik məsuliyyət və tarixi yaddaş prizmasından yanaşmanın vacibliyini gündəmə gətirir. Şəhər yalnız binalar toplusu deyil, xalqın dünyagörüşü, mədəni səviyyəsi, tarixə və gələcəyə münasibətinin məkan üzərindəki izidir. Bu baxımdan, Azərbaycan şəhərsalma mədəniyyəti əsrlərboyu təsadüfi yox, planlı, rəmzi mənalı şəkildə formalaşmış, memarlıqda ölçü, nizam əsas meyar olmuşdur. Tarixi şəhərlərimizdə memarlıq həmişə, sadəcə, funksional ehtiyaca deyil, estetik harmoniyaya və ideya bütövlüyünə xidmət etmişdir. Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya memarlığının inciləri sırasına daxil olmuşdur. Ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar sarayı kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur. Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Gülnar Qəhrəmanova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hər bir bölgəsinə, o cümlədən strateji əhəmiyyətə malik Qazax rayonuna hər zaman böyük həssaslıqla yanaşıb. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Qazax rayonunda təhsil, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və infrastruktur sahələrində böyük dirçəliş əldə olunub. Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəsillərə çatdırılması müasir dövrün ən mühüm vəzifələrindən biridir. Bu cür sərgilərin Heydər Əliyev Mərkəzi tərəfindən təşkili bu vəzifənin yüksək səviyyədə həyata keçirilməsinin ən bariz nümunəsidir. Qazax Dövlət Sosial-İqtisadi Kollecdə Tələbə Gənclər Təşkilatının sədri Ləman Qəhrəmanova Azərbaycan memarlığının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. O, qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü əsasında ölkəmizdə memarlıq sahəsində strateji yanaşmalar formalaşmış, tarixi abidələrin qorunması, şəhərsalmanın müasir tələblərə uyğun təşkili və regionların memarlıq inkişafı prioritet istiqamət kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürüdür. Çıxışlardan sonra Heydər Əliyevin 1971, 1979, 1998-ci illərdə Qazax rayonuna etdiyi səfərləri əks etdirən film nümayiş etdirilib. Sonda sərgiyə baxış keçirilib. Sərgini böyük maraqla izləyən tələbələr fotoşəkillərlə, kitablarla yaxından tanış olub, dahi rəhbərin dövlətçilik səlnaməsi və Qazaxın inkişaf mərhələləri barədə geniş məlumat əldə ediblər. Geri qayıt |