Əsas Səhifə > Mədəniyyət > Qazaxda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqların müdafiəsi əsas məsuliyyətimizdir” başlıqlı dəyirmi masa keçirilib

Qazaxda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqların müdafiəsi əsas məsuliyyətimizdir” başlıqlı dəyirmi masa keçirilib


Bu gün, 17:02

İyunun 8-də Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqların müdafiəsi əsas məsuliyyətimizdir” başlıqlı dəyirmi masa keçirilib.

İlk olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə rеspublikаmızdа hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri hesab edib, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlayıb, insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi qеyd еdib. Bu istiqamətdə respublikamızda mühüm islahatlar həyata keçirilib, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilib.

Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Azər Əliyev ölkəmizdə keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyətindən danışıb. O, qeyd edib ki, insan hüquqları hər bir cəmiyyətin inkişafının, hüquqi dövlət quruculuğunun və sosial ədalətin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyev hüquqi dövlət quruculuğunu Azərbaycan dövlətçiliyinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. O, qeyd edirdi ki, “Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməlidir”. Bu fikir insan hüquqlarının qorunmasının və qanunun aliliyinin dövlət siyasətində mühüm yer tutduğunu göstərir. Müstəqil Azərbaycanın Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Bu gün ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, vətəndaş cəmiyyətinin inkişafı və hüquqi maarifləndirmə tədbirləri də məhz bu prinsiplərə əsaslanır. İnsan Hüquqları Aylığının keçirilməsində əsas məqsəd cəmiyyətdə hüquqi biliklərin artırılması, hər bir vətəndaşın öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə şərait yaratmaqdır. Hüquqlarımızı bilmək bizi daha məsuliyyətli və fəal vətəndaşa çevirir. Eyni zamanda, başqalarının hüquqlarına hörmət etmək də cəmiyyət qarşısında mühüm vəzifəmizdir.

İctimai Şuranın üzvləri Azər Məmmədov, Aygün Musayeva, Ülviyyə Bayramova məktəblərdə, universitetlərdə və müxtəlif təşkilatlarda hüquqi maarifləndirmələrin keçirilməsindən, insan hüquqlarının qorunması ilə bağlı müzakirələrin aparılmasından danışıblar. Bildiriblər ki, insanların öz hüquqlarını bilməsi onların cəmiyyət həyatında daha fəal iştirak etməsinə və hüquq pozuntularına qarşı mübarizə aparmasına kömək edir. Öz hüquqlarını bilmək bərabərliyin, sosial ədalətin təmin olunmasının vacib şərtidir.

Dəyirmi masada iştirak edən gənclər Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Heydər Kəbirov, Nuranə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi İslam Rzayev mövzu ətrafında öz fikirlərini bildirib, hüquq və azadlıqların qorunmasının yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıblar. 


Geri qayıt