Əsas Səhifə > Mədəniyyət > Gözləri yollarda qalana hayıf
Gözləri yollarda qalana hayıfBu gün, 12:08 |
|
Həyat belədir.Hər bir insan günlərin birində ən yaxın, doğmalarını - ata-anasını, nənə-babasını, qardaş-bacısını, ciyər parəsi olan övladını, nəvəsini, yaxın qohum-əqrəbalarını, əmisini, dayısını, bibisini, xalasını bir sözlə əzizlərini itirir. Sevinclə, şənliklə başlayan “major” ömrü, nə yazıq ki, qəm, kədər adlı “minor” tonallığında göz yaşlarıyla, ağıyla, vay-şivən “müşayiəti” ilə sonlandırılır. El şairi, atam Cəmil Əkbərin 28 sentyabr 1990-cı ildə yazdığı “Pisdir” rədifli qoşması bu düşüncələrim zamanı ağlıma gəldi. Ruhuna min RəhmətCəmil Əkbər. Həyatın qəribə gərdişləri var, Verəndə gözəldir, alanda pisdir. Hər gülün, çiçəyin ətirləri var, Açanda gözəldir, solanda pisdir. Gözəldir insanın cavanlıq çağı, Qazanıb gətirir əli, ayağı, Elə bil açılıb cənnətin bağı, Qocalıb yaşlara dolanda pisdir. Bəşərin övladı istəyir gülsün, Seyr edib dünyanı dolaşıb gəlsin, Oxusun, öyrənsin, dərindən bilsin, Nadanlar əlində qalanda pisdir. Demirəm, insanlar qəm yeyib ölsün, Hicran qapısını tanıyıb, bilsin, İstərdim hamını şənlənib gülsün, Gözləri nəm çəkib dolanda pisdir. Dünyaya gələnlər köçəsidir bil, Əcəl şərbətini içəsidir bil, Sirat körpüsündən keçəsidir bil, Analar saçını yolanda pisdir. Yaxşıki dünyada biryerdəyik biz, Kənddə, qəsəbədə, şəhərdəyik biz, Sağikən nə üçün qəhərdəyik biz? Ayrılıq təblini çalanda pisdir. Fəqət bu ayrılıqlaheç cür barışmayanlar da vardır. Hər gün nurlu simalarını, xatırlamaqla xəyallarında, niskil qəlbində mənən yaşatmaqdadırlar. Unutmaq olmayır ülvi xatirələrdə yaşayan bəxtəvər günləri, su kimi axıb-gedən əziz günləri. Həssas qəlbli, vəfalı insanlar necə unuda bilər? Bir mahnının sözlərində deyildiyi kimi “Necə unudum səni?”. Qarabağ zəfərini əldə etmək üçün Vətən uğrunda ölüm-qalım savaşında şirin canını fəda etmiş, igid qəhrəmanlarımızı, ulusumuza möhtəşəm əsərləri ilə böyük töhfələr vermiş düha sahiblərini xalqımız daima yaşatmaqdadır. Bu əməlisaleh xidmətləri ilə millətimizin böyük məhəbbətini, hörmət-ehtiramını qazanmış mübarək şəxsiyyətlərimizin şərəfinə, xatirəsini əbədiləşdirmək üçün bir zaman yaşadığı binanın divarında memorial lövhələr vurulur, ehsan adı ilə anadan olduğu kənddə, qəsəbədə çeşmələr çəkilir,adına küçə təyin edilir, bir məkanda büstlər qoyulur, abidələr inşa edilir, heykəllər ucaldılır dövlətimiz tərəfindən. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Cavid Əfəndi, Üzeyir Hacıbəyli, “Odur ki, bağlıyam sana” misrasının müəllifi, Xalq şairimiz Səməd Vurğun kimi tarixi şəxsiyyətlərimizə, hətta dünya miqyasında tanınmış, adı bəlli elm-mədəniyyət xadimlərimiz də daxil olmaqla. Mənim nəzərimdə bu qəbildən olan, uluslararası arenada tanınmış elm xadimlərimizdən biri də Xalq şairimiz Osman Sarıvəlli qağamız kimi Qazax elindən pərvəriş edib, fitrətən şair, musiqişünas, bəstəkar, filosof, ədəbiyyatşünas alim yaranmış, ensiklopedik bilgisi, kəskin zəkası və müdrikanə təfəkkürü ilə bir çox humanitar sahələrdə xalqımız üçün mükəmməl elmi əsərlər əmanət etməklə, öz zəhmətinə, fanatik çalışqanlığına inanaraq şərəfli həyat yolu keçmiş vətənpərvər, millətsevər “Əşrəfi-Məxluqat” adlı alicənablıq mücəssəməsi; 53 kitabın, 700 məqalənin, 100-dən artıq elmi rəyin müəllifi, 33 aspirantın elmi rəhbəri olmuş professor Babək Qurbanovdur. Xatirəsinə küçə qoyulmasa da, şərəfinə abidə ucaldılmasa da, biri qəlbimdə, digəri ruhumda unudulmaz alimin adı ilə yer almaqdadır. Mənəviyyat məkanımızda abidəsini hələ sağlığında ikən Qaziantep Konservatoriyasının xudmani bir sinfində birgə elmi yaradıcılıq fəaliyyətimizlə məşğul olduğumuz 18 il ərzində bu müqtədir alimin özünün rızasını almadan pünhanca ucaltmışdım. Bununla fəxr edirdim ki, pak təbiətli, “olduğu kimi görünən, göründüyü kimi olan” əsilzadə təbiətli nurlu ziyalımız xəyal dünyamda məskunlaşmışdır. Sağlığında hər gün yerişini, duruşunu, baxışını müşahidə etdiyim, dərin kəlamlarla zəngin, məna-mahiyyətlərlə dolu müdrikanə söz-söhbətlərini heyranlıqla dinlədiyim Allah bəndəsini müqəddəs məbəd kimi ziyarət etdiyimdən əsla xəbəri olmazdı. Sadəcə pedaqoji sahədə birgə fəaliyyət göstərən məsləkdaş olaraq, Türkiyənin fərqli bölgələrində 35-ədək beynəlxalq elmi simpoziuma birgə rəvan olan, yol yolçusu kimi zənn edərdi ülviyyət timsallı təmasımızı. İndi isə 7 ildir Haqq dünyasına qovuşduqdan sonra könül xanimanımda pünhanca, niskil dolu qarışıq düşüncələrimlə baş-başa qalaraq, pəjmürdə xəyallar aləmində əziz xatirəsini anmaqla mübarək ziyarətimi davam etdirməkdəyəm ömür vəfa etdiyi müddətdə hələ ki... İntizar, ayrılıq, ölüm, həsrət, qəriblik, ana Vətəndən cüda, el-obadan pərən, məmləkətdən didərgin düşmək, dost-qardaş qədər əziz olan aydın simalı, iffətli-ismətli, munis qəlbli, gözü-könlü tox, xoşməramlı əsl insandan çarəsiz ayrılaraq quş kimi pərən düşmək, məsum bənövşə kimi boynubükük qalmaq dünyanın ən ağır dərdi imiş sən demə... Cəmil Əkbər, Dədə Şəmşir, Dədə Katib, Miskinli aşıq Vəli, Urmiyalı Aşıq Dehqan, Aşıq Mikayıl Azaflı, Mustafa İsgəndərzadə, Asif Əfəndiyev, Xanəli Quliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Babək Osmanoğlu kimi həlmli-elmli müdriklik mücəssəməsi ustadlara həsrət qalmağı qəbul edə bilmirəm. Küskün qəlbimlə heç cür bu ayrılıqla barışa bilmirəm. Məxşuş xəyalımın, bu niskilli ab-havasında yazdığım “Hayıf” rədifli qoşma da ovqatımın bu pəjmürdə halının təcəllisi olaraq yer almışdır qəm auralı poetik misralarımla. Ruhuna ərmağan olsun dostum, qardaşım, həmkarım, qəlbimdə hər gün döyünən Babək adında ürəyim! Gözlədim yolunu gəlib çıxmadın, Gözləri yollarda qalana hayıf. Başım üstə şimşək kimi çaxmadın, Sözünü tutmayan yalana hayıf. Qəm sazı çalıram neçə illərdi, Hicran bağçasında solan güllərdi, Gözümdən qanlı yaş axan sellərdi, Buludtək içindən dolana hayıf. Fikirini çəkməkdən qalmadı halım, Bilmirəm mən harda xəyala dalım? İtiyim itibdir, de hardan alım? Bəyaz zülflərini yolana hayıf. Şah qamətim sındı, öz budağından, Gur bulaq qurudu, öz yatağından, Rəsmin şölə saçır öz otağından, Baxıram, gültəki solana hayıf. Çəkib getdin, niskil qalana yazıq, Qəm üstə sızlayan, həzin avazıq. Bizi yetim qoydun, tək qaldıq, azıq, Xatirəni yada salana hayıf. Məclisdə baş idin, vicudumda baş, Yerin ürəyimdə, qalıb yeri boş, Heyif itirmişik, vəfalı qardaş, Səni axtarana, balana hayıf. 03.05.2026, saat 02:19 İlqar Cəmil
Ad günümdən bir neçə gün sonra 29.09.2018-ci ildə gecə saat 03:00 radələrində “İlqar Bəy” başlıqlı şeirinlə məni sevindirməyə çalışsan da, səhhətinin yaxşı vəziyyətdə olmadığını bildiyim üçün sevinəmmədim. Kaş, sağlığın bir ahəng üstə “Ruhani” havasına köklənmiş saz kimi nizamlı olub məni ruhlandıraydın. Onda sevinərdim ay qağa. İllər keçəndən sonra mənim üçün lütf etdiyin 7 bənddən ibarət əziz poetik misralı ərmağanımı 9 iyun ad günün münasibətilə xalqımızla paylaşaraq necə vəfalı insan, insana dəyər verən şəxsiyyət, şair təbiətli olduğunuzu göstərməkdir.
İLQAR BƏY İlqar Bəy, ad günün mübarək olsun, Millətin, xalqımın nadir oğlusan. Sənsiz saz-tarımız məncə imkansız. Çünkü sən onların zirvəsindəsən... Sənəti heç zaman ucuz tutmadın, Heç zaman kimsədən pay-püş güdmədin. Xalqın mənəviyyat, sevgi dünyasın, Hər şeydən, hər zaman sən uca tutdun. Bəziləri kimi qapı döymədin, Ad-şan almaq üçün “dona“ girmədin. O təmiz adını, təmiz ilqarı Hər zaman qoruyub, saxlaya bildin. Bu yaşda yorğunluq nədir bilmədən, Çalışıb, çarpışıb fayda verirsən. Elminlə, kamalla sən həll edirsən. Gözəl ailən var, sənə yaraşan Sənə hər bir zaman o arxa durur. Onlar da bilir ki, sən də dayaqsan, Heç zaman onarı darda qoymazsan... Bilirəm həyatda çətinliklər var, Maddiyyat, mənəvi xəstəliklər var. Hər bir şeyə rəğmən bədbin olma heç, Nikbin ol, onları ayaqlayıb keç. Qoca dayını da sən unutma heç, Bil ki, yenə odur səni yad edən. Sənə hər bir zaman, hər bir an inan, Xeyir-duasını sənə çevirən... Ömrümün sonuna kimi ülvi xatirələrinlə yaşayan “İlqar Bəy”
Sənətşünaslıq doktoru, Professor, Türk Musiqisinə xidmət mükafatçısı Geri qayıt |