Əsas Səhifə > Mədəniyyət > Qoca dayını da sən unutma heç!

Qoca dayını da sən unutma heç!


Bu gün, 11:22

(sağdan sola) Prof.Dr. Babək Qurbanov və Prof.Dr. İlqar Cəmiloğlu

15.09.2014 Qaziantep Universiteti/Türkiyə

Ömrünün qürub çağına “rəvan” olduğu ərəfədə (29.09.2018) ustadım Babək Qurbanovun bizə ünvanladığı poetik misralara bələnmiş kövrək duyğuluvəsiyyətini, xatirə məqaləm üçün başlıq seçdim:

Qoca dayını da sən unutma heç,

Bil ki, yenə odur səni yad edən.

Sənə hər bir zaman, hər bir an inan,

Xeyir-duasını sənə çevirən...

Nəinki İlqar Cəmiloğlu unudar, hətta, günəştək çevrəndə fərqli planetlərsayağı dolanan, mədəniyyət sahəsinin alimləri, humanitar elm xadiməri, dərs dediyin minlərlə tələbən, Azərbaycanımız və Türkiyəmiz üçün yetirdiyin 33 aspirantın, sayı bəlli olmayan sədaqətli dostların, mənəviyyat, əqidə qardaşların, qohum-əqrəbaların əziz xatirəni “heç unutmur” Babək müəllim!

Vəfalı dostlarından biri də Türk Dünyası Jurnalistlər Federasiyasının Sədri Menderes Dəmir Bəydir.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir

Ustad Babək Qurbanova salamlar” başlığı ilə, Sizin barədə fikirlərini 2026-cı il 9 iyun tarixində, 87-ci ad günün ərəfəsində məxsusi olaraq Türkiyənin Osmaniyə şəhərindən yazıb xalqımızın tanış olması üçün İlqar Cəmiloğluna göndərdi:

“Azərbaycan deyəndə ağlımıza qardaşlıq, dostluq, sədaqət və səmimi insanlar gəlir. Gəncliyimizin bahar mövsümündə:

“Çırpınırdı Qaradəniz,

Baxıb Türkün bayrağına.

“Ah”, ölmədən bir görsəydim,

Düşə bilsəm torpağına.- deyən Azərbaycanın vətənpərvər ruhlu, qeyrət mücəssəməsi, şair övladı Əhməd Cavadın 1914-cü ildə Nizami yurdu Qədim Gəncə şəhərində Nuru Paşanın komutanlığındakı “Qafqaz İslam Ordusu”nun qəhrəmanlarına ithaf etdiyi həsrət dolu poetik misraların ruhu ilə bahəm, dahi bəstəkar Üzeyir Bəy Hacıbəylinin intizar motifli möhtəşəm əsərindən yüksələn, dünyaya haykırış sədalarının təsiri altında böyüyüb ərsəyə gəldik. Sovetlər birliyinin dağılması ilə Türk dövlətlərinin və “Can Azərbaycan”ımızın bağımsızlığa qovuşmasına şahid olduq. Azadlıq rüzgarı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini daha da gücləndirdi. Həsrətə, intizara son qoyaraq, vüsala qovuşmasıyla Türksoylu qardaşlarımız birgə yaradıcılıq münasibətlərinin inkişaf etməsi və iqtisadi alanda əməkdaşlıq əsasında bir çox ortaq fabrik və zavodların qurulmasıyla yeni məhsulların, texniki avadanlıqların istehsalı ilə birgə mədəni-siyasi sahədə maddi-mənəvi dəyərləri paylaşma prosesində həmrəylik dönəminə qədəm qoydu.

Bu müddət ərzində Türkiyə ilə Azərbaycan arasındakı alyans yalnız emosional bağlarla məhdudlaşmadı; təhsildən, mədəniyyətdən, incəsənətdən tutmuş digər elm sahələrinədək hərtərəfli aktiv əməkdaşlıqlar zaman içərisində formalaşaraq mükəmməl hala gəldi. Anadolu xalqı ticarət və sahibkarlıq təcrübələrini bölüşərkən, azərbaycanlı qardaşlarımız, xüsusən də elmi-yaradıcılıq və akademik fəaliyyətləri ilə Türkiyəmizə əhəmiyyətli dərəcədə töhfələr bəxş etdilər. Türkiyədəki ali təhsil qurumları Azərbaycandan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan və digər türkdilli dövlətlərdən olan alimlərin üzünə qapılarını səxavətlə açdı. Universitetlərimizdə fizika, kimya, riyaziyyat, ədəbiyyat, tarix, iqtisadiyyat, tibb, mədəniyyət, incəsənət və mühəndislik sahələrində bir çox görkəmli alimlər ordusu müxtəlif vəzifələrdə elmi-yaradıcılıq xidmətlərini şərafətlə nümayiş etdirdilər.

Bu müstəsna şəxslərdən biri də musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin (1978, 1900) üzvü professor, Babək Osman oğlu Qurbanov idi. Babək Qurbanov öncə Ərzurum Atatürk Universitetində (1992-2009), daha sonra Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında (2009-2017) müəllim vəzifəsində çalışmış, bədii istedadı, sənətçi kimliyi və zəngin təcrübəyə malik pedaqoji fəaliyyəti ilə alimlər cameəsində özünə münasib taxt-tac qurmağı bacaran, müdhiş yaradıcılığı ilə könüllərdə silinməz izlər buraxan dəyərli bir mədəniyyət xadimi idi. Azərbaycanın qədim Türk yurdu, saz-söz diyarı, şairlər Vətəni kimi tanınan məşhur Qazax mahalında, İkinci Şıxlıda anadan olan Babək Qurbanov Azərbaycanın Xalq Şairi Osman Sarıvəlli qağamızın oğlu idi. O, təhsilini və mədəni təcrübəsiniTürk dünyasının Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirvarid Dilbazi, Səməd Vurğun, Mehdi Hüseyn və Hüseyn Arif kimi düha sahiblərinin mühüm ədəbi-mədəni mühitində və məşhur incəsənət xadimlərinin əhatəsində (C.Hacıyev, S.Ələsgərov, Z.Bağırov və s) formalaşdırmışdır.

Prof. Dr. Babək Qurbanovla ilk görüşümüz 2010-cu il 28-30 may tarixində Osmaniyənin “Düziçi” qəsəbəsində və “Əlibəy” kəndində düzənlənmiş “Qaracaoğlan Aşıqlar Bayramı”nda oldu. Rəsmi dəvətimizə əsasən, Babək müəllimlə birgə musiqişünas-ifaçı alim, Sənətşünaslıq Doktoru, professor İlqar İmamverdiyev və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, Türkiyə Böyük Millət Məclisinin üzvü, Professor Ruhi Ərsoy da proqrama Qaracaoğlan yaradıcılığı barədə elmi-nəzəri mövzudakı məruzləri ilə təşrif buyurmuşdular. “Osmaniyə Qəzetəçilər Dərnəyi Başqanı” kimi TRT ilə (Türkiyə Radio və Televiziyası) müştərək çalışmamız sayəsində, Anadolu ozanları, şairləri ilə birgə hər üç alimdən (Babək Qurbanov, İlqar İmamverdiyev, Ruhi Ərsoy) aldığım müsahibələri və İlqar İmamverdiyevin sazda çaldığı “Qaracaoğlan” havasını video-lentin yaddaşına köçürüb əbədiləşdirməklə bu əlamətdar tədbiri geniş miqyasda mətbuat səhifələrində işıqlandırdıq.

Prof.Dr. İlqar İmamverdiyev “Qaracaoğlan Aşıqlar Bayramı”nda

“Qaracaoğlan” adlı qədim aşıq havasını Əlibəy kəndində çalarkən. 28 may 2010

(sağdan sola) 1) Prof.Dr. Babək Qurbanov, 2) Prof.Dr. Ruhi Ərsoy (Türkiyə Böyükmillət məclisinin üzvü), 3) Menderes Dəmir (Türk Dünyası Jurnalistlər Federasiyasının sədri).

Prof.Dr. Ruhi Ərsoy “Qaracaoğlan Aşıqlar Bayramı”nda “Qaracaoğlan yaradıcılığı” haqda çıxış edərkən. 500 illik çınar ağacının önü. Əlibəy kəndi 28 may 2010

Hörmətli alimimiz Babək Qurbanova: “Qaracaoğlan və Azərbaycanda aşıqlıq gələnəyi” barədə olan sualıma bu cümlələrlə cavab verdi:

Prof.Dr. Babək Qurbanov “Qaracaoğlan Aşıqlar Bayramı”nda “Qaracaoğlan yaradıcılığı, sənəti və sənətkarlığı” barədə çıxış edərkən. 28 may 2010/Əlibəy kəndi

“Qaracaoğlan yalnız Türkiyədə deyil, bütün Türk dünyasında tanınan böyük bir sənətkar olmaqla ustad ozandır. Hal-hazırda Azərbaycanda Qaracaoğlanın poetik yaradıcılığından ibarət nümunələr nəfis şəkildə kitablar halında yayınlanmışdır. Onu Miskin Abdal, Xəstə Qasım, Abbas Tufarqanlı, Sarı Aşıq, Dədə Ələsgər, Şair Qurban, Dədə Şəmşir qədər azman aşıqlarımızdan biri hesab edirik. Eləcə də Türkmən xalqı, Baxşı ustalarının əfsanəvi nümayəndəsi Məhdimqulu səviyyəsində Qaracaoğlanı sevməklə dəyər verirlər. Qaracaoğlan klassik aşıq ənənələrini qoruyub yaşadan, bu sənətkarlıq prinsiplərinə sadiq qalan peşəkar ifaçı idi. Azərbaycanın klassik aşıq ifaçılığı sənətinə məxsus bütün özəllikləri, öz yaradıcılığında ehtiva etmişdir. Türksoylu xalqların istək və arzularını, estetik ideyalarını möhtəşəm ilhamı sayəsində poetik yaradıcılığında tərənnüm edə bildiyi üçün bu gün də aramızda mənən yaşamaqdadır. Onun ədəbi yaradıcılıq irsi filioloqların, ədəbiyyatşünasların diqqətini çəkdiyi kimi, Qaracaoğlanın musiqi sahəsindəki melodik ərməğanları, fərqli ruha malik saz əsərləri biz musiqişünasları daha çox maraqlandırır. XVI əsrin sonları XVII əsrin başlanğıcında yaşamış bir şəxsiyyətin, saz-söz ustadının repertuarı, ortaya qoyduğu antik aşıq havaları xarakter, ruh etibarilə necə olmuşdur? Təəssüf ki, bu suala yetərincə cavab almaqda aciz qalırıq. Bununla belə Qaracaoğlanın bəzi musiqi töhfələri usta-çıraq ilişkiləri sayəsində günümüzə qədər gəlib çatmışdır. Və imkan çərçivəsində şair ruhlu ozanın, xalqımızın istək-arzularını, məramını, düşüncələrini ifadə edən məna yüklü poetik inciləri ilə birlikdə, imkan çərçivəsində onun unudulmaqda olan bəstələrini bərpa etməklə, yenidən nota alıb yayınlatmaq imkanı bir təşəbbüs kimi qarşımızda durmaqdadır. Bu aktual məsələ bəlkə də Türkiyə miqyasında ilk addım olaraq xoşməramlı fəaliyyət kimi dəyərləndirilməlidir.

Bizim İlqar bəy də, Azərbaycan, İran Türklərinə məxsus klassik aşıq musiqisinin uzun müddət tədqiqatı sahəsində püxtələşmiş, həmçinin 400-dən artıq aşıq havalarının nota yazılmasında böyük təcrübəsi olan peşəkar mütəxəssisdir. Eyni zamanda Azərbaycan aşıqlıq gələnəyini qoruyub, professional saz ifası ilə yaşadan musiqişünas alimdir. Onun da bu sahədə diqqətəşayan çalışmaları, tədqiqatları, dəyərli əsərləri mövcuddur.

Yeri gəlmişkən Gaziantep konservatoriyasının müəllimi Hakan Tatyüz mənim rəhbərliyimlə “Qaracaoğlan yaradıcılığı” mövzusunda elmi tədqiqat işini tamamlamaq üzrədir.

Lətifələrimiz, nağıllarımız, dastanlarımız, bayatılarımız kimi, Qaracaoğlan da Türksoylu xalqların ortaq mənəvi dəyəridir. Artıq Türk dünyasının çoğrafi sərhədlərini aşaraq bəlkə də bəşəriyyətin mənəvi malına keçmək üzrədir Qaracaoğlan yaradıcılığı. Bu sahədə təbii ki, tədqiqatçı aşıqşünas alimlərin, etnomusiqişünasların və tanınmış ozanlarımızın, saz ifaçılarımızın rolu və xidməti çox ola bilər.

Mən fəxr edirəm ki, bu gün nəhəng saz-söz ustadı olan Qaracaoğlanın yurdundayam. Əski zamanlarda bunu yuxuda da görmək imkansız idi. Bir zamanlar siyasi-ideoloji səbəblər üzündən bizim bu mübarək məkana gəlməyimiz qeyri-mümkün idi. Fəqət indi Qaracaoğlanın yaşamından bu yana 500 ildən artıq bir zaman keçməsinə rəğmən bu gün də bizi qovuşduran, Türksoylu millətləri mənən bir-birinə yaxınlaşdıran şəxsiyyət olması öz təsdiqini tapır.

Qaracaoğlan yaradıcılığını hər zaman qoruyub saxladığı, bu mənəvi mirasımıza sahib çıxdığı üçün bu bölgə xalqını ürəkdən təbrik edirəm”.

Babək Osmanoğlunun Türk mədəniyyəti və incəsənəti barədə geniş məlumatı, bu haqda dərin məzmunlu çıxışı məni həddən ziyadə heyrətləndirdi. İlk təəssüratımnəcib xasiyyətli, bəyəfəndi davranışlı nurlu bir şəxsiyyətlə görüşdüyüm anda, zəngın təxəyyülə malik müdrik düşüncə insanını özüm üçün kəşf etmək oldu. Daha sonra müxtəlif illərdə (2012, 2013, 2015, 2016) Osmaniyədə 5 may “Türkçülük günü” proqramlarında, 2015-ci il 3 mart tarixində Səlimiyə kəndində və Adıyaman Türk Ocağı Dərnəyinin (02.03-2017) düzənlədiyi “Xocalı Soyqırımı” ilə bağlı anım mərasimində, daha sonra Adıyaman Universitetinin professoru Şəhrəbanu Allahverdiyevanın rəhbərliyi və təşkilatçılığı ilə 2014-cü il 17 dekabr tarixində gerçəkləşən "TürkMədəniyyətində Musiqi və Aşıq Ənənəsi" mövzusundakı konfransda birlikdə iştirak etmək fürsətimiz oldu. Xüsusilə Babək bəyin bu tədbirdə səhnədə fortepianoda türk musiqisindən bəzi nümunələr çalması, tamaşaçıları valeh etdiyi üçün bir neçə dəqiqə davam edən ayaq üstə gurultulu alqışlarla qarşılandı. Birlikdə olduğumuz hər bir mərasimdə (“Bahar şənlikləri”, “Xıdırəlləz bayramı”, “Novruz bayramı”, “Türkçülər günü”, “Xocalı Soyqırımı”) Babək bəyin nəinki ensikopedik bilgili, fenomenal düşüncəli alim kimi, fəlsəfi mühakimələr sahibi olmaqla yanaşı, hətta dərin mədəniyyətini, tərbiyəsini, əxlaqını, iffətini, zərifliyini, mehriban simasını və nəcib qəlbini daha yaxından duyub tanımaq imkanım oldu.

Professor Dr. Babək Qurbanov kimi müdrik və şəfqətli insanların Türkiyənin hər yerində ziyalı elm adamları ilə beynəlxalq konqreslərdəki maraqlı görüşləri, aktual mövzudakı məruzələri ilə Azərbaycan-Türkiyə qardaşlığına və Türk dünyasında birlik, bərabərlik ruhuna önəmli töhfələr bəxş etmişdir.

Bu könül birliyi, əslində, Ulu Öndər, mərhum Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur "Bir millət, iki dövlət" təbirini canlandırmışdır:

Ustada salam olsun!

Hörmət və ehtiramla əziz xatırəsini anaraq dua edirəm: Babək Osmanoğlu, uyuduğun mübarək məkanın nurla dolsun. Amin...

Iğdır Universitetinin Professoru, Elman Alıoğlu Əliyev (Hazar)

Proffessor Elman Alıoğlu Əliyev

Hörmətli alimimiz Elman Hazarın bir xatirəsi də Babək Osmanoğlunun böyük qardaşı: “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin qurucusu və həmsədri, Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, tanınmış fizikçi alim, fəlsəfə elmləri doktoru, M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Rafiq Qurbanova aid olmaqla “Qoca dayını da sən unutma heç!” başlığı ilə bu məqaləmizdə yer almışdır.

“Professor Rafiq Qurbanovla tanışlığımız 1976-cı ildə Moskva şəhərində gerçəkləşdi. Mən o vaxt Bakı Dövlət Universitetindən yenicə məzun olmuşdum və ikiillik elmi təcrübə keçmək üçün SSRİ Elmlər Akademiyasının “Yer Fizikası İnstitutu”na ezam olunmuşdum. O dönəmdə məndən öncə Azərbaycandan Moskvanın fərqli institutlarına çox sayda tələbələr təhsilini davam etdirmək üçün ezam olunmuşdu. Bu tələbələrin ezam edilməsi, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevinuzaqgörənliyi, müdrik siyasəti və atalıq qayğısı sayəsində mümkün olmuşdur.

Mən akademiyanın aspirantlar üçün ayrılmış yataxanasında müvəqqəti məskunlaşdığım zaman həmvətənlərimizdən professor Rafiq müəllim haqda qəlbimi fərəhlədən xoş sözlər eşidirdim. Bu münasibətlə Rafiq Osmanoğlu ilə tanış olmağı arzu edirdim. İş elə oldu ki, mən Respublikalar üçün ayrılmış aspiranturaya daxil olmaq üçün müraciət etmişdim və ingilis dili ixtisas fənnindən yüksək qiymətlər almışdım. Sevincimi paylaşmaq niyyəti ilə tələbə dostumla akademiyanın fəlsəfə instituna gedib Rafiq müəllimlə görüşə bildim. Sadə təbiətli, nur üzlü müdrik bir insanla, Rafiq müəllimlə Moskvada ilk tanışlığımız zamanı, Babək Qurbanov adında kiçik qardaşının da olduğunu öyrəndim. Fəqət Babək Qurbanovla üz-üzə görüşmək nəsib olmasa da, Türkiyədə və Qırğızıstanda çalışdığım dönəmlərdə hər zaman ismini elm cameəsində çox duymuşdum. Nəhayət musiqişünas alimimiz İlqar Cəmiloğlunun 2024-cü ildə Türkiyədə “İksad yayınevi” tərəfindən nəşr olunmuş “Babək Qurbanov - 85” adlı kitabını mütaliə etdiyim zaman nə qədər möhtəşəm bir alimlə mənən qarşılaşdığıma heyrət etdim. Çünki elmin fərqli sahələrində (ədəbiyyat, tarix, musiqişünaslıq, estetika, etika, folklor, muğam sənəti, muğam dəramədləri və rəngləri, aşıq yaradıcılığı, milli çalğı alətləri, Azərbaycan və Türk xalq mahnıları, milli rəqslər, heykəltəraşlıq, memarlıq, rəssamlıq, teatr, ifaçılıq, Azərbaycan və Qərb bəstəkarlarının yaradıcılığı, klassik əsərlər, tərcümələr) dərin təhlillər və tədqiqatlar nəticəsində yayınlatdığı 700 məqalənin, 53 monoqrafiyanın müəllifi, bir çox aspirantların müdafiəsi üçün elmi rəylərin sahibi olduğunu öyrənmiş oldum”.

Yekun söz olaraq bildirmək istəyirəm ki, nə qədərki canımda can var, nəfəsim gəlib-gedir, dəyərli insanlar qəlbimdə, ruhumda mənən yaşamaqda, məni yaşatmaqdadır ay dayı!. Çünki sağlığında “Qoca dayını da sən unutma heç!” - misrası ilə vəsiyyətini izhar etmisən. Babək Osmanoğlu kimi əqidə insanını, müdrik şəxsiyyəti heç unutmaq olarmı? Əsla!

Başda Osman qağamız olmaqla, Sarıvəlli ocağının Türk dünyasında tanınmış övladlarına - professor Rafiq Qurbanova, Babək Qurbanova Cənabi-Haqqdan rəhmət diləyərək deyirəm!

“Yanaşı uyduğunuz İkinci Şıxlı məzarlığındakı mübarək məkanlarınız Haqqın nuruna bələnsin. Amin”.

İlqar Cəmiloğlu İmamverdiyev,

Sənətşünaslıq doktoru, Professor,

Türk Musiqisinə xidmət mükafatçısı

30.05.2026


Geri qayıt