Əsas Səhifə > Mədəniyyət > Babək Qurbanov yaradıcılığının bəzi aspektləri

Babək Qurbanov yaradıcılığının bəzi aspektləri


31-03-2026, 18:53

Prof.Dr. Babək Osmanoğlu Qurbanov

(09.06.1939-28.03.2019)

Azərbaycanın və Türk Dünyasının tanınmış elm xadimlərindən biri də Osmanoğlu Babək Qurbanovdur. İnsanlıq adına şərəf-şan qazandırmış musiqişünas, bəstəkar, filosof alim Babək Qurbanov 1939-cu ildə saz-söz diyarı, şairlər məkanı olan Azərbaycanın Qazax rayonunun İkinci Şıxlı kəndində dünyayagəlmişdir. Atası, təxəllüsü Sarıvəlli olan Azərbaycanın Xalq şairi Osman Qurbanov Azərbaycan milli poeziyasında zəngin yaradıcılığı və elmi-publisistik məqalələri ilə yaşadığı məmləkətdən kənarda, həm də xalqımızın könül dünyasında özünəməxsus poetik irsi ilə ülviyyət adlı taxt-tac qurmuşdur.

Anası Sayalı ana isə həkim kimi tibbi sahədə fəaliyyət göstərmişdir. Osman Sarıvəlli ocağında Afər, Rafik, Babək, Seyran və Solmaz xanım adlı övladlar bu ziyalı ailədə təlim-tərbiyə almış, ali təhsilli mütəxəssislər kimi elmin müxtəlif sahələrində ana Vətəndə və ondan uzaq məmləkətlərdə (Rusiya, Türkiyə, ABŞ) fəaliyyət göstəmişlər.

Osman Sarıvəlli ocağının böyük oğlu Afər mühəndis, Seyran sənətşünas alim, Solmaz xanım İngilis dili üzrə mütəxəssis alim kimi AMEA-da fəaliyyət göstərmişdir.

Rafiq Qurbanov 1953-cü ildə Bakı şəhər 199 saylı orta məktəbini qızıl medalla tamamlayaraq, Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olub, 1960-cı ildə əla qiymətlərlə ali təhsilini başa vurmuşdur. Fəlsəfə elmləri doktoru Rafiq Qurbanov filosof-fizikçi olaraq 1964-1969-cu ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda, 1970-1999 illərdə Rusiya EA-nın Fəlsəfə İnstitutunda, daha sonra Lomonosov adına Moskva Dövlət Universitetində professor vəzifəsində çalışmaqla yanaşı, haqq dünyasına qovuşanadək “Şəhriyar” cəmiyyətinin qurucusu olaraq bu quruma başçılıq etmişdir.

Babək Qurbanov isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən xüsusi təmayüllü 11 illik musiqi məktəbində skripka təhsili almış, nəhayət konservatoriyaya bu simli-yaylı alət üzrə 1958-ci ildə daxil olmuşdur.

Tələbəlik illərində böyük nailiyyətlər əldə edən Babək Qurbanovun tanınmış pedaqoqlardan mükəmməl dərslər aldığını da qeyd etməliyik. Bu isimlər arasında Cövdət Hacıyev, Q.Z.Burşteyn, D.X.Danilov, Z.Stelnik, M.S.İsmayılov, Z.Bağırov, L.V.Karaqiçeva, B.Məmmədzadə, İ.Abezgauz, Q.Z.İsmayılova, S.Ələsgərov, E.Abbasova yer almaqdadır.

1962-ci ildə bir qrup tələbələrlə birgə Qazaxıstana taxıl yığımında iştirak etmək məqsədilə bu qədim tarixə malik ölkəyə ezam olunmuş 23 yaşlı Babək Qurbanov diqqətsizlik sayəsində ani qəza nəticəsində skripka alətində mükəmməl çala bilməməsi səbəbi ilə (doktorların tövsiyəsi ilə) ifaçılıq sahəsində daha fəaliyyət göstərə bilməmişdir. Bu səbəblə də rektorluğun qərarı ilə musiqişünaslıq fakültəsinə transfer edilən Babək Osmanoğlu “Azərbaycan aşıq musiqi yaradıcılığı” mövzusunda diplom işini müdafiə edərək 1963-cü ildə həmin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından fərqlənmə diplomu ilə məzun olmuşdur.

1963-cü ildə, yəni 27 yaşında ikən, Kirov adına Azərbaycan Dövlət Universitetinin elmi şurasında“Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” adlı namizədlik işini tamamlayan Babək Osmanoğlu elmi yaradıcılıq fəaliyyətini davam etdirərək 1981-ci ildə isə (42 yaşında) Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda “Proqaramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Babək Qurbanov doktorant olduğu dönəmdə Postsovet məkanında tanınmış estetikci alimlərdən dərs alaraq elmi sahədə bir çox uğurlara nail olmuşdur. Bu məşhur pedaqoqların adlarını da xatırlatmaqda fayda vardır. A.Y.Ziss, V.V.Vanslov, M.F.Ovsyannikov, N.L.Leyzerov, N.İ.Kiyaşenko, Y.Yakovlev, Y.İ.Milşteyn, S.X.Rappoport, İ.S.Kulikova və s.

Babək Qurbanov 1978-ci ildə 39 yaşında SSRİ bəstəkarlar ittifaqının, 51 yaşında yəni 1990-cı ildə Azərbaycan Bəstəkarlar ittifaqının, həmçinin də Azərbaycan Jurnalistlər birliyinin idarə heyətinin üzvü kimi bir çox fərqli sahələr (estetika, etika, fəlsəfə, filoloji, tarix, musiqi, aşıq yaradıcılığı, bəstəkarlıq, musiqişünaslıq) üzrə elmi-yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

Babək Qurbanov əmək fəaliyyətinə bir pedaqoq musiqişünas olmaqla yanaşı, filosof kimi başlamış və fərqli illərdə müxtəlif ali təhsil qurumlarda çalışmışdır. 1980-1983-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqi estetikası fənnindən dərs demiş, 1981-1989-cu illərdə AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və Etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda “Fəlsəfə və mədəniyyət tarixi kafedrası”nın müdiri, 1992-2008-ci illərdə Ərzurum Atatürk Universitetində, 2009-2018-ci ildə isə Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında “Estetika”, “Etika”, “Fəlsəfə”, “Ümumi və Özəl tədris metodları”, “Türk Düşüncə Tarixi”, “Musiqi Nəzəriyyəsinə giriş”, “Musiqi nəzəriyyəsi”, “Musiqi əsərlərinin təhlili”, “Musiqi estetikası”, “Sənət fəlsəfəsi”, “Musiqi formaları”, “Harmoniya fənləri”ndən dərs demiş, çoxyönlü çalışqanlığı ilə 700-ə yaxın elmi məqalələr yayınlatmış, 53 monoqrafiyalar nəşr etdirmiş, 35-dən artıq Beynəlxalq simpoziumlarda elmi məruzələrlə iştirak etmiş, musiqi və mədəniyyət alanında 33 magistr və aspirant nəsli yetirmişdir.

28 mart 2019-cu ildə dünyasını dəyişən Babək Qurbanov doğulduğu Qazax elinin İkinci Şıxlı kənd qəbiristanlığında atası Osman Sarıvəlli, böyük qardaşı Rafiq Qurbanovla birlikdə uyumaqdadır. Babək Qurbanovun ömür yolunun qısa özəti bu təqdim etdiyimiz bilgilərdir.

Haqq dünyasına qovuşmadan öncə yəni 2016-cı ildə Qaziantep universitetində tələbə ikən Bəkir Yolaçan, müəllimi Babək Qurbanov haqda “Qürbətin musiqisi” adlı film çəkmişdir.

Babək Qurbanovun kitabları. Ömrünün sonuna doğru Babək Qurbanov 53 kitab yayınlatmağa nail olmuşdur. Bəzi kitabların isimlərini təqdim edirik. 1)"Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri" (rusca), Elm, Bakı - 1972. 2)“Estetika aləminə səyahət", "Gənclik", Bakı-1974. 3) "Azərbaycan ədəbiyyat və incəsənətinin ideya-estetik problemləri" (rusca), "Elm", Bakı - 1977. 4)"Kütləvi mədəniyyət və sosialist realizmi sənətinin problemləri" (rusca), "Elm", Bakı - 1978. 5)"Azərbaycan incəsənəti xaricdə" (rusca), "İşıq", Bakı - 1984. 6)"Musiqinin estetik tərbiyə problemləri" (rusca), Bakı - 1985. 7) “Bədii-estetik tərbiyənin məsələləri", "Elm", Bakı - 1987. 8)"Sənətin sosial fəallığı", "Elm", Bakı - 1988. 9)"Mənəvi saflıq dünyası", "Azərnəşr", Bakı - 1989. 10) "Ev teatrosu: Televizyon oyunu" (türkcə Mehmet Takkaçla birlikdə), Akademik araşdırmalar, Ərzurum, 1997. 11)"Musiqinin bədii-estetik məsələləri", "Ağrıdağ" nəşriyyatı, Bakı - 2000. 12)"Azərbaycan sənəti: Təriflər, təhriflər", "Araz" nəşriyyatı, Bakı - 2001. 13)"Musiqinin bəzi bədii - estetik məsələləri" (türkcə), "Aktif" yayınevi, Ərzurum-Ankara, 2005, 257 s. 14)"Musiqi estetikasının bəzi problemləri" (türkcə), Ankara, 2005. 15)“Nizami və musiqi” (A.İsazadə ilə həmmüəllif), 16) “A.Zisin Çeşidli estetik düşüncələri”, 17) “Musiqi estetikasının bəzi problemləri”, 18) “Firuz Mustafanın yaradıcılığına baxış”, 19)“Estetika terminləri lüğəti”.

Musiqişünas, Etnomusiqişünas alim Babək Qurbanov. Babək Qurbanov yaradıcılığını təsnif etdiyimizdə musiqişünaslıq və etnomusiqişünaslıq elmi sahəsindəki çalışmaları ön sırada yer almaqdadır.

1.Prof. Akif Quliyevin “Azərbaycan muğamının musiqi dramaturgiyasında kontrastlıq prinsipləri” (Qərb-Şərq, Bakı, 2009. 135 s. /rus dilində/) adlı kitabına yazdığı məqalə “Muğamlarımızdakı təzadlıq problemləri” adlanır.

2. Prof.Dr. Rafiq İmraninin "Muğam fəlsəfəsi" adlı kitabına Babək Qurbanovun yazdığı məqalə “Layiqli töhfə”, (“Azərbaycan” qəzeti № 150 (6131) 10 iyul 2012, səh 7.) adlanır.

3. Prof.Dr. Nailə Rəhimbəylinin “Azərbaycan dastanlarinin melo-poetİkasinin (“Aşıq Qərib” dastanı əsasında) tədqiqinə həsr edilmiş monoqrafiya”

4. “Elm-sənət adamlarının Türkiyə görüşləri” adlı məqalə Türkiyədə keçirilən bir neçə beynəlxalq simpoziumun(2017 Nevşəhər “İpək Yolu Beynəlxalq Simpozium”u, “IV Uluslararası Türk Dünyası araşdırmaları simpoziumu, İstanbulun Mərmərə Universitetində keçirilən beynəlxalq simpozium, Dəclə Universitetində düzənlənən uluslararası rəqs simpoziumu, Sivasda təşkil olunan “Uluslararsı Torpaq simpoziumu”) xülasə şəklindəki təəssüratlardan yaranan məcmusu adlandıra bilərik.

Babək Qurbanovun əsərlərində bəstəkar yaradıcılığı. Babək Osmanoğlunun bir çox Azərbaycan bəstəkarları haqda yazdığı əsərlər bu sahədəki fəaliyyətin bir qismini təşkil edir. Şərq aləminin dahi bəstəkarı Üzeyir Hacıbəyli haqda bir kitab və 3 məqalə yazmışdır. Məqalələrin ismi belədir: 1.“Əbədiyyətə qovuşmuş böyük şəxsiyyət Üzeyir Hacıbəyli (1885-1948)”

2. “Üzeyir Hacıbəyli və Azərbaycan ladları əsasında solfecio”.

3.“Üzeyir Hacıbəyli və proqramlı musiqi”.

Babək Qurbanovun yazdığı məqalələr arasında 1. Əfrasiyab Bədəlbəyli (“Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”), 2. Qara Qarayev (Qara Qarayev novator sənətkardır), 3. Cövdədt Hacıyev(“Azərbaycanda simfonizmi inkişaf etdirən bəstəkar”), 4.Rauf Hacıyev (Nikbin ruhlu sənətkar), 5. Arif Məlikov(Çoxsəsli musiqi mədəniyyətimizin klassikləşmiş sənətkarı”), 6. Vasif Adıgözəlov(“Sevimli bəstəkarımız Vasif Adıgözəlov haqqında monoqrafiya”), 7. Asya Sultanova (“İstedadlı qadın bəstəkarımız”), 8. Rəşid Şəfəq (“Adilikdə qeyri-adilik”) da yer almışdır.

Bəstəkar Babək Qurbanov. Babək Qurbanov nəinki musiqişünas alim, filosof olmuş. O, həmçinin bəstəkar kimi öz əsərləridəki millilik ruhu ilə könül xanimanımızda dərin izlər buraxmışdır. Yayınlanmış üç kitabı məhz Babək Qurbanovun bir bəstəkar olduğunun isbatıdır.Çünki tələbəlik illərində görkəmli bəstəkar, SSRİ Xalq artisti, Konservatoriyanın o dönəmki rektoru olmuş Cövdət Hacıyevdən bəstəkarlıq sirlilərini öyrənmiş, bir necə il bu sahədə, Aqşin Əlizadə, Dadaş Dadaşov, Rəşid Şəfəq kimi tələbə yoldaşları ilə birlikdə müəllimindən dərs almışdır. Bir çox musiqiçilər (Professor Həqiqət Məhərrəmova, Əfqan Salayev, İlqar İmamverdiyev, Tamilla Qasımova, Gülər Dəmirova, Fərhad Ağamalızadə, Rəfael Məmmədəliyev) məhz Babək Qurbanovun prfossionallıqla yazılmış yüksək bədii-estetik dəyərə malik əsərlərini sağlığında ikən müəllifin müşahidəsi ilə fərqli illərdə Türkiyənin müxtəlif səhnələrində (Atatürk Universitetinin Böyük salonu, Ağrı universitetinin səhnəsi, Qaziantep Universiteti “Mavera” konqre mərkəzi, Harran Universitetinin səhnəsi, İstanbul Mərmərə Universitetinin səhnəsi, TRT Arı studiyası) uğurla səsləndirmişlər. 2009, 2017, 2018 illərdə yayınlanmış “İ.S.Baxın xatirəsinə 5 fuqa”, “Əsərlər məcmuəsi”, “Pyeslər məcmuəsi” adlı kitablar bəstəkar Babək Qurbanovun ifaçı-musiqiçilər üçün ərmağan etdiyi qiymətli əsərlərdəndir. Bu kitablarda fortepiano üçün pyeslər (“At qaçışı”, “Şəhidlər”, “Xatirə”), prelüdlər, f-no müşayiətli skripka əsərləri və vokal əsərlər (Firuz Mustafanın şeirinə “Qocalma gözəl”, Şair Rəşad Məcidin şeirinə “Məni anla”, Rövşən Xasyaoğlunun şeirinə “Dünyanın tacı”, Bəhiyə Köksəlin şeirinə “Dedin”, Vahid Əlioğlunun “Sənin ala gözlərin”), hətta uşaqlar üçün bəstələr (“Şən dostlar”, İlqar Cəmiloğlunun şeirinə bəstələdiyi “Bir yaşında Mustafa Bəy”), tar və f-no üçün “Tac mahal”, “Şərq romansı”, “Keşgə” yer almışdır. Bəstəkar Babək Qurbanovun bir aranjiman ustası olduğunu da qeyd etmək lazımdır. 2006-cı ildə həmmüəllif olduğumuz “Fortepiano müşayiətli saz əsərləri” adlı kitabda 58 sayda (“Adanalı”, “Heybələr bellərdə”, “Seyid Osman”, “Bu dərə buz bağlamış”, “Omuz halayı”, “Zeytun yarpağı yaşıl” və s.) Anadolu xalq mahnısını fortepiano müşayiəti üçün transkript etməklə bu sahədə də peşəkar musiqiçi olduğunu isbat etmişdir.

Ədəbiyyatşünas tədqiqatçı-filioloq alim Babək Qurbanov. Babək Qurbanovun yaradıcılığının digər bir qismi ziyalı alimlərin şair və yazıçıların yaradıcılığına və əsərlərinə yazdığı məqalələr yer almaqdadır.

1. Prof.Dr. Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” monoqrafiyasına yazdığı məqalə “Fundamental monoqrafiya” adlanır.

2. Prof.Dr. Firuz Mustafanın “100 türk etnosu” (Bakı, Araz, 2012) adlı kitabına Babək Qurbanovun yazdığı məqalə “Yüz Türk etnosu ensiklopedik lüğətdə biz tarixin axarında necə görünürük?” adlanır.

3. Babək Qurbanovun yazdığı məqalə “Tanınmış sənətkarımız Firuz Mustafanın yeni hekayələri haqqında” adlanır.

4. Babək Qurbanovun Xalq şairi Osman Sarıvəlli haqda yazdığı məqalə “Atam, Xalq şairi Osman Sarıvəlli haqqında düşüncələrim”, (“Yada düşdü”, Ədəbi-bədii, nostalji jurnal, 2011, № 4, səh. 69-70) adlanır.

5. Babək Qurbanovun şairə xanım Nailə İbrahimovanın "Ürəklə söhbət" (Avropa nəşriyyatı, Bakı, 2010)” adlı kitabına yazdığı məqalə “Ürəklə söhbətlərdə həyat həqiqətləri” adlanır.

6. Babək Qurbanovun Rövşən Xasayoğlunun 2014-cü ildə Bakıda "MBM" nəşriyyatında yayınlanmış “Səsimə səs verin” şeirlər kitabına yazdığı “Sevgisini və ürəyinin atəşini misralara çevirən şair” adlı “ön söz.

7. Babək Qurbanovun şair Şirin Məmmədovun yaradıcılığına həsr etdiyi “Vətən və insan sevgisinin bədii tərənnümü” adlı məqalə.

Babək Qurbanovun digər məqalələrin adlarını təqdim edirik:

8. Babək Qurbanov “Azərbaycan və Türksoylu xalqların qədim tarixi ilə əlaqədar monoqrafiya”, (“Respublika” 18 noyabr 2016 S. 7. N 255, (5706) Cümə)

9. Babək Qurbanov “Hacalı Nəcəfoğlu və onun çoxyönlü yaradıcılıq fəaliyyəti”, (“Ədalət” qəzeti 18 fevral 2015)

10. “Qənbər Şəmşiroğlunun şəxsiyyəti və yaradıcılığının bədii-estetik xüsusiyyətləri”.

Babək Qurbanovun tərcüməçilik fəaliyyəti. Babək Qurbanovun əsərləri içərisində çox sayda tərcümələrin də olduğunu qeyd etmək lazımdır. Bir çox məqalələri rus dilindən türk dilinə və ya əksinə, hətta Azərbaycan dilindən Türk dilinə və əksinə, Türk dilindən Azərbaycan türkcəsinə tərcümə edərək yayınlatmağa müvəffəq olmuşdur.

1. Yazıçı Möhbəddin Səmədin dünya şöhrətli Azərbaycanlı alim, professor Lütfi Rəhim oğlu Ələsgərzadə (Lütfü-Zadə) haqqında 2000-ci ildə yazdığı kitabını 2005-ci ildə Azərbaycan dilindən Türkcəyə tərcümə edib “Dünya dahilərsiz yaşayamaz” adı ilə yayınlatması idi.

2. Prof. Dr. Babək Qurbanov Qalina Antolyevna Puqaçenkovanın yazdığı “Orta Asyanın Şahəsərləri: Rəsm və Miniatür” adlı kitabını (Prof. Dr. Təhsin Parlaqın tövsiyəsi ilə birgə) Rus dilindən Türkcəyə çevirərək 2006-cı ildə Ankarada yayınlatmışdır.

3. XX əsrin görkəmli Rus filosofu N.A.Berdyayevin "Rus kommunizminin qaynaqları və mənası" adlı kitabın türkcəyə tərcüməsi də Babək Qurbanovun daha bir yaradıcılıq fəaliyyətinin təcəssümüdür. Bu mövzuda hətta “Rus kommunizmi və milli məsələ” adlı məqalə yayınlatmış və 2000-ci ildə Ərzurumda "Komünizm'in Türk Dünyası Üzərindəki ətkiləri" adı ilə beynəlxalq simpoziumda məruzə etmişdir.

4. Ömrünün son illərində (2017-2019) Kalmık xalqının qəhrəmanlıq dastanı olan “Canqar”ı Rus dilindən Türkcəyə və Azəri türkcəsinə çevirib yayınladaraq öz mənəvi borcunu yerinə yetirmişdir. Kalmık xalqının bu kitabla əlaqədər təsis etdiyi mükafatı almağa ömrü yetmədəyini də təəssüf hissləri ilə xatırlamaqdayam.

Babək Qurbanovun elmi məqalələri. Babək Qurbanov yaradıcılığının bir önəmli qismi müxtəlif elm sahələri üzrə yazdığı məqalələr yer almaqdadır. Təkcə bir faktı qeyd etməliyəm ki, 35 kitabıma ön sözün müəllifi kimi potensial təfəkkürünü gah muğam, gah aşıq sənəti, gah rəqs havaları, gah da xalq mahnıları adlı kitabıma yazdığı məqalələrlə alimlik möhrünü başarıyla vurmuşdur. Bunlardan bir neçəsini təqdim edirik. 1) “Rəqs sənəti və musiqisi haqqında”, 2) “Saz ifaçılığının bəzi aktual məsələləri”, 3) “Şirvan aşıq məktəbi və müasirlik”, 4) “İran-Azərbaycan aşıq musiqi ifaçılığına aid məcmuə”, 5)“Koroğlu mövzusu və musiqisi”, 6) “Xalq mahnılarımızın uzun ömrü”, 7) “Xalq mahnılarımız diqqət mərkəzində”, 8) “Aşıq mühitləri və qarşılıqlı zənginləşmə”, 9)“Aşıq musiqisinin tədqiqatcısı və mahir ifaçısı, sənətşünaslıq doktoru, professor İlqar İmamverdiyev”, 10) “XX əsrin ustad aşığı-Dədə Şəmşir 120”, 11) “Ustad aşıq, poeziyamızın klassik şairi Aşıq Ələsgər”.

Babək Qurbanovun digər elm xadimlərinə, görkəmli şəxsiyyətlərə və incəsənətimizin digər növləri sahəsində yazdığı məqalələrin adlarını da qeyd etmək istərdim.

1. Babək Qurbanovun Şöhrət Səlimbəyli ilə həmmüəllif olduğu “Həsən Bəy Zərdabi və Baki dövlət dumasi”.

2. Babək Qurbanovun, Professor Əlisa Nicat haqda yazdığı “Fəlsəfi-estetik problemlər idrak işiğinda”, (“Sərbəst düşüncə” 15-25 fevral 2012 səh. 6) adlı məqalə.

3. Babək Qurbanovun, “Ölkəmizin demokratikləşmə inkişaf yoluna inanan Akademik Tofiq Köçərli”,

4. Babək Qurbanovun, “Ziya Gökalp və “Fəlsəfİ dəfdərləri” adlı məqalə. 5. Babək Qurbanovun, İbrahim Haqqı Həzrətləri ilə ilgili “İntibah ruhlu şəxsiyyət” adlı məqalə.

6. Babək Qurbanovun, “Azadliq və xoşbəxtlİk şairi M.Y. Lermontov” adlı məqaləsi.

7. Babək Qurbanovun, Aleksandr Sergeyeviç Puşkin yaradıcılığına aid yazdığı a) “Rus mədəniyyətinin can damari”, b) “İnsanda mürvətdən uzaq düşən!” adlı iki məqaləsi.

8. Babək Qurbanovun, “İncəsənətİn təsifati” adlı məqaləsi.

9. Babək Qurbanovun, “Sənət təhsili və problemlər üzərində düşüncələr” adlı məqaləsi.

10. Babək Qurbanovun, “Əski sovetlər birliyi və Azərbaycanda musiqi təhsilinin bəzi problemləri” adlı məqaləsi.

11. Babək Qurbanovun, “Müasir mərhələdə musiqi əlaqələrimiz haqqında”, (“Sərbəst düşüncə” qəzeti. № 401, 20-30 avqust, 2011 səh. 4.) məqaləsi.

12. Babək Qurbanovun, Teatrşünas Fəhmi Efe yaradıcılığı barədə yazdığı Dram sənətinin teorik və praktİk problemləri” adlı məqaləsi.

13. Babək Qurbanovun, “İnsan və təbiət” adlı məqaləsi.

14. Babək Qurbanovun “Qanli terror gün isığında” (Şöhrət Səlimbəylinin “Avropa” nəşriyyatı tərəfindən 2013-cü ildə Bakıda yayınlatdığı “Terrorizm- qan çilənən torpaqlər” (504 səh), adlı kitabına Babək Qurbanovun yazdığı “Ön söz” səh.3-8)

Şair təbiətli Babək Qurbanov. Şairlik istedadı Babək müəllimə genetik olaraq atası Osman Sarıvəllidən intiqal etmişdir. Bərabər çalışdığımız illərdə bir çox şeirlər yazıb mənə göndərdiyini də qeyd etmək istərdim. Bu şeirlərin bir qismini (“Cumali”, “Əziz dostum Əlisa”, “Arzum budur əziz dostum”, “Düz ilqar yolundan dönmə heç zaman!”, “Dostum”, “Əzizim Əli balam”, “Mənə şeir yazıb dayı deyirsən”, “ Əzizinəm Üzeyir”, “Sən ey Cəmiloğlu, sən ey İlqar bəy”, “Əzizim gözüm İlqar”, “Cübbəliyəm, cübbəli”, “Çoxdur bu dünyada cübbəli olan” və s.) 2024-cü ildə İksad yayınevi tərəfindən yayınlattığım “Babək Qurbanov - 85” adlı yubiley kitabın 586-612-ci səhifələrində yer alır. Bununla yanaşı nurlu şəxsiyyət ziyalılıq timsallı alim-bəstəkar Babək Qurbanov haqda bir çox şairlər (Musa Ələkbərli “Babək”, Qəşəm İlqar “Əziz qardaşım Babək”, Rahil Məmməd “Bir şair ocağında”, İlqar Cəmiloğlu “Dayımla qürur duydum”, “Dayıların dayısı”, “Osmanoğlu Babək dayı”, “Məmləkətə xidmət edək”, “Babək müəllim”, “Min manatdı”, “Mübarəkdir Ramazanın ay dayı”, “Ramazan bayramın qoy kutlu olsun”, “Sarıvəlli Osmanoğlu”, “A Qurban dayı”) fərqli illərdə bir çox də şeirlər həsr etmişdir.

Babək Qurbanovun elmi rəyləri. Bir ömürdə 33 elm xadimi yetişdirən professor Babək Qurbanov müdafiə ərəfəsində olan aspirant və doktorantlara elmi rəylər də verməklə öz alimlik missiyasını şərəflə yerinə yetirmişdir. Bu elmi rəylərin başlıqlarını təqdim edirik.

1. İlqar İmamverdiyev: “Sənətşünaslıq Doktoru İlqar İmamverdiyevin çox yönlü elmi-pedaqoji ifaçılıq, fəaliyyəti”.

2. Gultəkin Şener "Anadoludan Azərbaycan xalq rəqs melodiyalarının müqayisəli təhlili".

3. Hakan Tatyuz: "Qaracaoğlanın aşıq havaları" mövzusunda Rəy.

4. Savaş Ekici: “Azərbaycan və Anadolunun Elazığ bölgəsinin toy mərasim musiqisinin müqayisəli təhlili”.

5. Yeganə Bayram qızı Bayramlı: “Azərbaycan simli musiqi alətləri milli-mədəni ənənənin tərkib hissəsi kimi”.

6. Həqiqət Ələsgər qızı Məhərrəmova: "Azərbaycan fortepiano ifaçılığı sənətində varislik prinsipi”.

7. Məhəmməd Davud oğlu Əliyev: “Türkiyə və Azərbaycan keramikasının bədii xüsusiyyətləri”.

Babək Qurbanov haqda dövrü mətbuatda yayınlanmış məqalələr. Babək Qurbanovun elmi şəxsiyyəti, yaradıcılığı barədə bir çox tanınmış elm xadimləri fərqli illərdə çox sayda məqalələr yazmışlar. Bunlar arasında Professor İlqar Cəmiloğlu ön sırada yer almaqdadır. Babək müəllim haqda İlqar Cəmiloğlunun yayınlatdığı məqalələrin bir çoxu “525-ci qəzet”də, “Şərq qəzeti”ndə, “Avanqard.net”, “Goyezen.az” saytında yayınlanmışdır.

1. “Yaşayırsan ürəyimdə” (Avropa nəşriyyatı” Bakı- 2020),

2. 70 – İlliyə sürpriz dost ziyarəti”,

3. “Təcrübəlİ pedaqoq Babək Qurbanov”,

4. “Şair Oqtay Rza ilə Babək Qurbanovun ülvi dostluğu”,

5. “SSRİ Xalq Artisti Lütfİyar İmanovla Babək Qurbanov haqda xatirə”,

6. “Dədə Şəmşirlə Osman Sarivəlli dostluğunu övladları yaşatdi”,

7. “Əzmli-dözümlü alim; Babək Qurbanov”,

8. Ruhi Ərsoyla Babək Qurbanovun yaradıcıliq-dostluq münasİbətləri”,

9. “75 illik şərəfli alim ömrünün töhfələri”,

10. “Ülvi xatirələrdə məbəd inşa edən müqəddəs insan”,

11. “Milli mədəniyyətimizin və incəsənətimizin layiqli təmsilçisi”,

12. “Milli mədəniyyətimizin fədakar təmsilçisi və təbliğçisi – professor Babək Qurbanov”,

13. “Səksəni haqladin yüzə nə qaldı?”,

14. “Kamil şəxsiyyət, unudulmaz alim”,

15. “Keçən günə gün çatmaz”,

16. “İnsanlığın şah əsəri - professor Babək Qurbanov”.

17. “Babəksiz gələn Novruzum”,

18. “Əsl insan unudularmı?”,

19. “Budur gəldi bahar fəsli, Babəkim görən gələrmi?”,

20. “Ustad oğlu, ustad oldu!”,

21. “Qoydu məhəbbətin qəlbimdə təməl”,

22. “Babək Qurbanovun arzusu idi”,

23. “Dünya mədəniyyətinə pəncərə açan estetik”,

24. “Bəstəkarın pyeslər məcmuəsi”,

25. “Babək Qurbanovun İ.S.Baxin xatirəsinə fuqalar ərməğani”,

26. “Xəyalımda xatirələr pərən-pərən”,

27. “Hər il 9 iyun gələndə”,

28. Xatirəsi Vətən oldu könlümə”.

Digər ziyalılarımızın Babək Qurbanov haqda yazdığı məqalələri də təqdim edirik:

29. Namiq Əhmədov "Musiqi estetikasının bəzi problemləri" 13 (türkcə), Ankara, 2005.

30. Qəzənfər Paşayev a) “Hər kim yüz il yaşamasa”, b) "Babəksən, güclüsən, qüdrətlisən",

31. Kamil Vəli Nərimanoğlu “Şair ocağının alim övladi”,

32. Vidadi Xəlilov “Elm xadimlərimiz estetika aləminin memarı kimi”,

33. Mahmud Allahmanlı “Mükafatını xalqdan alan Babək Qurbanov”,

34. Telman Mehdixanlı“Gözlərim səni axtarır, könlüm səni istəyir”.

35. Zərəngiz Qayalı “Ot kökü üstə bitər”

36. Əlirza Xələfli“Milli ruhun canlı əfsanəsi”

37. Yaqut Paşayeva“Babək Qurbanovun yaradıcılıq timsalında musiqinin bədii-estetik xüsusiyyətləri”,

38. İsmayıl Umudlu “Babək Qurbanov: "Türklərdə milli musiqi alətlərin dərin sayqı var”,

39. Elçin İsmayıl “Ayrılığın bir ili və yaxud Babək Qurbanovu xatırlayarkən”,

40. Firuz Mustafa “Özü boyda ürəkdi Babək”,

41. Rövşən Xasayoğlu “Adın zirvələrə çoxdan yazılıb”,

42. Şükür Əlizadə “Fəzilət sahibi, elm və sənət adamı haqqında söz”,

43. İmrus Əfəndiyeva a) “Tanınmiş musiqişünas-alim və gözəl insan”,

44. İmrus Əfəndiyeva b) “Azərbaycan musiqi mədəniyyəti haqqında yeni əsərlər”,

45. “Açıq söz” qəzetinin əməkdaşları “Babəkin ömür yolu”.

Azərbaycan-Qazaxıstan mədəni əlaqələrində Babək Qurbanov. Babək Qurbanov Sovet dönəmində Orta Asya ölkələrində tanınmış alim kimi xatırlamaqdayam. Xüsusən də Qazaxıstanda 19-24 fevral 1992-ci ildə Almaata, Kurmanqazi adına Konservatoriyada düzənlənən Uluslararası “İfaçı müzisyenlərə ənənəvi musiqi tədrisinin keyfiyyəti”nə aid Bölgəsəl Elmi-praktik Konfrans”a dəvət edildiyini də heç unutmamışam. Təəssüf hissi ilə qeyd etməliyəm ki, aeroporta endiyimiz zaman simpozium təşkilat komitəsinin üzvləri bu sətirlərin müəllifindən Babək Qurbanovu dəvət etdiklərini bildirdilər. Və gəlməməsinin səbəbini məndən xəbər aldılar. Bu suala cavab verə bilmədim. Simpoziumdan sonra Bakıda olarkən Babək müəllimlə görüşdüyüm əsnada öyrəndim ki, dəvət məktubunu zamanında Babək Qurbanova çatdırmamışlar. Bu səbəblə də Qazaxıstandakı beynəlxalq elmi konfransda iştirak etmədiyi anlaşıldı. O dönəmdə Kurmanqazi adına Konservatoriyanın rektoru, professor Düsen Kaseinov idi. TÜRKSOY beynəlxalq təşkilatının rəhbəri olduğu dönəmdə Babək Qurbanovla Düseyn Kaseinovu tanış etmək missiyanı yerinə yetirdim. Təqdim etdiyimiz rəsim bu tarixi anların xatirəsidir. Bu mövzuda açıqlama gətirmək istərdim. I Uluslararası Türk Dünyası “Gələnəksəl müzik günləri və bilik bayramı” münasibətilə 2010-cu il 15 oktyabr tarixində Ankarada düzənlənmiş beynəlxalq simpoziumda fürsətdən istifadə edib iki skripka mütəxəssisini tanış etdim və “Koroğlu havaları” kitabımı (ön sözün müəllifi kimi) avtoqrafla Babək müəllimin yazmasını xahiş edib Düseyn Bəyə təqdim etdik. Bu sürpriz hədiyyə müqabilində Düsen Bəyin dediyi sözü indi də xatırlamaqdayam: “Mən ömrümü Koroğluya həsr etmişəm”. Bu sözün müqabilində də kitabın müəllifi kimi dedim: “Mən də Müzadil Cəmiloğlunun maddi dəstəyi ilə nəşr etdirdiyi “Koroğlu havaları” adlı kitabımın bir nüsxəsini professor Babək Qurbanovun xeyir-duası ilə təqdim etməklə Türkiyə-Azərbaycan-Qazaxıstan dostluğunun əbədi olduğunu bəlgələməkdəyəm Hörmətli Düsen Bəy!”. (Onu da qeyd etməliyəm ki, Babək Qurbanovla Düsen Kaseinov hər ikisi ixtisasca professional skripka mütəxəssisi idi).

I Uluslararası Türk Dünyası “Geleneksel Müzik” günləri və bilik bayramı.

(Soldan sağa) 1. Prof.Dr. Babək Qurbanov, 3. TÜRKSOY təşkilatının keçmiş başkanı Düsen Kaseinov, 5. Prof.Dr. İlqar İmamverdiyev 15-17. X – 2010 / Ankara

Sağdan sola. Prof.Dr. Babək Qurbanov, Başqırtlı alim, TÜRKSOY beynəlxalq təşkilatın başkanı Düsen Kaseinov və TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı 15-17. X – 2010 / Ankara

Nəticə. Babək Qurbanov müxtəlif sahələr üzrə qələmini sınamış Azərbaycan xalq musiqisi, Aşıq musiqisi, klassik bəstəkarlar, Avropa və Azərbaycan, Türk bəstəkarları, bununla belə incəsənətin digər növü olan rəssamlıq, heykəltəraşlıq haqqında mütamadi olaraq məqalələri fərqli dərgilərdə, qəzetlərdə (Ayrac, Orkestra, Mədəni-Maarif) yayınlatmışdır. Bir çox ödüllərə layiq görülən, qızıl qələm mükafatçısı Babək Qurbanovun 100-dən artıq fəxri fərmanları mövcuddur. Nəşr etdirə bilmədiyi çox sayda məqalələr əlyazma halında qalmaqdadır. Ümidvaramkı bu əsərlər gün üzünə çıxarılıb gənc alimlərin, aspirantların jabelı Babək Qurbanov yaradıcılıq irsinin tədqiqtçılarının diqqətinə çatdırılacaqdır.

İlqar Cəmiloğlu İmamverdiyev,

Sənətşünaslıq elmləri doktoru, professor.

Türk Xalq musiqisinə xidmət mükafatçısı


Geri qayıt