Əsas Səhifə > Mədəniyyət > Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə özünün qələmə aldığı "Simurq quşu" tamaşası nümayiş etdirilib
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə özünün qələmə aldığı "Simurq quşu" tamaşası nümayiş etdirilib18-12-2025, 20:32 |
|
“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunmaqdadır. Dekabrın 18-də Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyinə dair Tədbirlər Planına uyğun olaraq Qazax Dövlət Dram Teatrı da görkəmli Azərbaycan yazıçısının doğum gününə həsr olunmuş "Simurq quşu" tamaşasını nümayiş etdirib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Qazax Dövlət Dram Teatrının direktor əvəzi Allahverdi Musayev, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Teatrın əməkdaşları, təhsil, mədəniyyət işçiləri, gənclər, ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər.
Teatrın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubovdur. Quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayevadır. Rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov ifa ediblər. Maraqla izlənilən tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Geri qayıt |