Əsas Səhifə > Mədəniyyət > Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyev qəlblərdə əbədi yaşayacaq

Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyev qəlblərdə əbədi yaşayacaq


2-12-2025, 18:45

Bütöv bir xalq, dövlət üçün qurtuluş missiyasını ləyaqətlə sona çatdırdıqdan sonra quruculuq missiyası ilə müasir, qüdrətli bir Azərbaycanı yaradaraq dünya birliyinin fəal subyektinə çevirən böyük dövlət xadimi Heydər Əliyev uzun illər öz xalqının mənafeyi uğrunda mübarizə apardı, bütün ictimai-siyasi proseslərdə real güc kimi özünü sübut etdi. Təzyiqlərə baxmayaraq, siyasi səhnədə yaşadı və özü ilə bərabər Azərbaycan tarixini, Azərbaycan dövlətçiliyini, Azərbaycan mədəniyyətini, Azərbaycanın ziyalı təbəqəsini yaşatdı. Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayır. İllər keçdikcə onların xalqı və Vətəni qarşısında xidmətləri daha çox nəzərə çarpır, əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar. Müasir müstəqillik tariximizin uğurları, yüksəlişi bütünlüklə Ümummilli Liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. O, müasir Azərbaycan tarixinin yaradıcısıdır. Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyev öz xalqı və milləti üçün əvəzsiz xidmət göstərərək gələcək neçə-neçə nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. Onun keçdiyi həyat yolu, gördüyü işlər xalqımıza, gənclərimizə örnəkdir. Heydər Əliyevin iradəsi, siyasi gücü, dərin ensiklopedik biliyi, iti hafizəsi, səmimiliyi, həssaslığı, Vətənə, millətə təmənnasız məhəbbəti və xidməti ona əbədi yaşamaq haqqı qazandırıb. Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneədən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev sözün həqiqi mənasında xalqın lideri idi. Bu dahi rəhbər xalq mənafeyinin tərəfdarı və dayağı idi. O, ömrü boyu xalqına arxalandı, həyatının mənasını xalqına xidmətdə gördü. Hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoyan Heydər Əliyev çox ağır və mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyini qoruyub saxladı, ölkəmizi gələcəyə inamla irəliləyən qüdrətli bir dövlətə çevirdi. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, qanunun aliliyinə təminat verən yeni konstitusiya qəbul edildi, demokratik şəraitdə parlament, bələdiyyə, prezident seçkiləri keçirildi. Ən mühüm dövlət təsisatları, güclü ordu yaradıldı, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Bütün bu və ya sadalanmayan minlərlə xidmətləri ilə dünəni, bu günü və sabahı xalqımıza qovuşduran, zaman çevrəsindən çıxaraq əbədiyyət qazanan Ulu Öndərimiz, dahi rəhbərimizin ruhu şaddır. Çünki bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Ümummilli Liderin ideyaları Azərbaycanın inkişafı yolunda gur işıq kimi yolumuzu işıqlandırır.

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar.

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 1-də “Socar Petroleum” QSC-nin 07 saylı Qazax Neft Baza Sahəsinin rəhbər və əməkdaşları,Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim kollektivi, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri, dekabrın 2-də Qazax Mənzil İstismar Sahəsinin, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin,Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbər və əməkdaşları, BDU-nun Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktor və müəllimləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.


Geri qayıt