Əsas Səhifə > Mədəniyyət > Qazaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Qətiyyətin və həmrəyliyin təntənəsi” başlıqlı tədbir keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Qətiyyətin və həmrəyliyin təntənəsi” başlıqlı tədbir keçirilib


Dünən, 23:28


Noyabrın 6-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Qətiyyətin və həmrəyliyin təntənəsi” başlıqlı tədbir keçirilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Donara Həsənova, Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin direktor, müəllim, şagirdləri, valideynlər, Mərkəzin əməkdaşları iştirak ediblər. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər tariximizə həsr olunmuş film və kitab sərgisi nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində qazanılmış tarixi Qələbə haqqında geniş məlumat verib. C.Hüseynova bildirib ki, şanlı qələbəmizin beşinci ildönümünü böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik. Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın iradəsinin, milli birliyinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli siyasətinin təntənəsi olmaqla yanaşı, həm də dövlətçilik ideyasının möhkəmlənməsi, suverenliyin tam bərpası və tarixi ədalətin təntənəsi kimi əzəmətli məqamları özündə birləşdirdi. Bu Qələbə sübut etdi ki, Azərbaycan xalqı öz torpağını, azadlığını və dövlətini qorumağa hər an hazırdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, dünya dövlətləri arasında özünəməxsus yeri və nüfuzu olan Azərbaycan söz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir.


Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin direktoru Nərminə Namazova çıxış edərək bildirib ki, xalqımızın arzusunun reallığa çevrildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu 2020-ci ilin 8 noyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Uzun illərdən bəri Ermənistanın işğalı altında olan doğma torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifəsinə çevrildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın yeni yüksəliş mərhələsi oldu. Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi qələbə bölgədə yeni reallıqların, sülh və ədalət əsasında qurulacaq gələcəyin bünövrəsini qoydu. Zəfərimiz bütün tarix boyu bizi qürurlandıraraq dünyaya qalib xalq kimi  tanıtdı. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində həm hərbi, həm iqtisadi, həm də diplomatik sahədə ölkəmiz gücləndi. Azərbaycan diplomatiyası beynəlxalq aləmdə haqq səsimizi dünyaya çatdırdı. 

Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin bir qrup müəllim və şagirdlərinə Fəxri Fərman təqdim olunub.

Sonda şagirdlər möhtəşəm Zəfərimizə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Geri qayıt