Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib

BDU-nun Qazax filialında “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib


Dünən, 16:18

Fevralın 26-da Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələr, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocalı soyqırımı qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. 


BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. A.Rüstəmov qanlı, dəhşətli Xocalı soyqırımından 33 il ötməsinə baxmayaraq, xalqımızın 1992-ci ilin 26 fevralında dinc sakinlərimizin başına gətirilən müsibətləri unutmadığını söyləyib. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 5 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib. Ulu Öndər Heydər Əliyevin şəhidlərimizin, soyqırımı qurbanlarının ailələrinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini, eləcə də ölkə başçısının həmin qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini diqqətə çatdırıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. “Tarix heç nəyi unutmur, tarixdə heç nə unudulmur”, - söyləyən icra başçısı qeyd edib ki, bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 33 il keçir. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Bəşəriyyətdə analoqu olmayan erməni vəhşiliyi, erməni qəddarlığı nəticəsində bir günün içərisində böyük bir rayon yerlə-yeksan edildi, qoca, qadın, uşaq, xəstə qəddarcasına qətlə yetirildi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır), 1275 insan əsir götürülüb ki, bunlardan 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Rayon rəhbəri vurğulayıb ki, işğal nəticəsində Xocalı şəhəri tamami ilə xarabalığa çevrilmiş, şəhərin 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmışdır. Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvəldən, soyqırım aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırım faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq qeyd etmişdir ki, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Məhz o dövrdən başlayaraq dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. İcra başçısı bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın fəaliyyətini ümumilikdə 100 minlərlə şəxs və 115 təşkilat dəstəkləyir. Əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Respublika Prezidenti seçildiyi ilk illərdə beynəlxalq aləmə “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” mesajı ilə “Xocalıya ədalət”i beynəlxalq səviyyədə gündəmə gətirən İlham Əliyevin qətiyyətli mövqeyi onu göstərir ki, bu istiqamətdə ardıcıl dövlət siyasəti mövcud olub. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə o dövrün mövcud durumu ilə bağlı qeyd etdiyi fikirlərində ümid, qətiyyət və iradəni xüsusi məzmunda sezmək mümkündür. Cənab Prezident “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Biz hələ də ümidlərimizi itirmirik... Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” fikirlərini 2020-ci il 44 günlük İkinci Qarabağ, Vətən müharibəsindən, 2023-cü il 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən çox-çox əvvəl söyləmişdi. Bu fikirlər onu göstərir ki, “Xocalıya ədalət”lə bağlı İlham Əliyev həm beynəlxalq təşkilatları, həm bu məsələdə maraqlı tərəf kimi çıxış etməyə çalışan qlobal gücləri yumşaq ifadə etsək, “Ədalət” imtahanı verməyə məhkum etmişdir. 2020-ci il Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bir gündə Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: “…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir”. Bu gün xalqımız Xocalı qurbanlarının xatirəsini həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyəsi ilə qeyd edir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları  rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi  günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Xocalı azad edildikdən sonra oraya səfərləri zamanı səsləndirdikləri “Biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq” fikirlərini diqqətə çatdıran icra başçısı Xocalının cənnətə çevriləcəyi günün uzaqda olmadığını qeyd edib.  


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Millət vəkili S.Seyidov bildirib ki, əvvəl təqvimdə şəhərlərimizin, rayonlarımızın işğal tarixlərini qeyd edirdiksə, bu gün onların düşmən tapdağından azad olunduqları tarixi rəqəmləri qeyd edirik. Bu gün 20 Yanvar, 26 Fevral – Xocalı soyqırımını qalib dövlətin, xalqın nümayəndəsi olaraq qeyd edirik. Millət vəkili Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini, soyqırıma siyasi-hüquqi qiymət verildiyini söyləyib. Məhz o dövrdən başlayaraq Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyini diqqətə çatdırıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri olduğunu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində bu istiqamətdə məqsədyönlü işlər görüldüyünü vurğulayıb. Millət vəkili 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun yeni bir səhifə açdığını, bu müharibə ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini göstərməklə yanaşı, həm də şəhidlərimizin, soyqırım, faciə qurbanlarının da qisasını aldığımızı söyləyib. “Faciə, soyqırım baş verdi, lakin biz ədaləti bərpa etdik. Bu gün isə mübarizəmiz davam edir. Bu mübarizə daim davam edəcək. Çünki biz Xoclı soyqırımını, faciəsini bir anlıq unutsaq, yaddan çıxarsaq, yeni faciələr baş verəcək. Ona görə siz gənclər hər zaman qanlı faciələrin unudulmaması, əksinə gələcək nəsillərə çatdırılması üçün böyük səylə çalışmalısınız. Qalib xalqın gəncləri kimi qürurlu olmalı, tarixi keçmişi yaşatmalısınız”, - deyən millət vəkili gənclərə öz tövsiyələrini verib, bu yolda onlara uğurlar arzulayıb. 


BDU-nun Qazax filialının İctimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov “Xocalı faciəsi - tarixin qan yaddaşı” adlı məruzə ilə çıxış edərək soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla anıb. 

BDU-nun Qazax filialının İctimai fənlər kafedrasının baş müəllimi Ülviyyə Bayramova “Qalib xalqın silinməyən yaddaşı”, filialın Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Ofelya Əliyeva “Xocalı soyqırımı tariximizin ən dəhşətli faciəsi kimi”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Gülər Məmmədli “Xocalı faciəsi gəncliyin gözü ilə” mövzuları ilə geniş çıxış ediblər. Çıxışlarda illər ötsə belə Azərbaycan xalqının Xocalı soyqırımı qurbanlarını, həmin gün yaşanan dəhşətli hadisələri, erməni vəhşiliklərini unutmadığı qeyd edilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin unudulmaması, beynəlxalq ictmaiyyətin bu qanlı soyqırımı tanıması, qəbul etməsi, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyaya çatdırılması üçün gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyü, bu cür tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda reallaşan lokal xarakterli antiterror tədbirləri zamanı bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisaslarının alındığı, qanlarının yerdə qalmadığı bir daha diqqətə çatdırılıb. 

         



Geri qayıt