Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov şəhid anasının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı veriblər

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov şəhid anasının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı veriblər


Dünən, 21:07


Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. 

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Mahmudov Mahmud Abdulla oğludur.

Mahmud Mahmudov 23 iyul 1971-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 1989-cu ildə həmin orta məktəbi bitirmişdir. 08.06.1992-ci il tarixdə Qazax rayonunun Yuxarı Əskipara kəndindən məcburi köçkün düşmüşdür. 17.06.1993-cü ildə Qazax rayonunun Məzəm kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. 


Fevralın 25-də qəhrəman şəhidimizin anası Mahmudova Samaya Məhəmməd qızı dünyasını dəyişib. Fevralın 26-da şəhidimizin anasının dəfn mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirovla birlikdə şəhid anasının hüzr mərasimində iştirak edib.

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov mərhum Samaya Mahmudovanın vəfatından kədərləndiklərini bildirib, şəhidimizin qardaşına, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veriblər. İcra başçısı illər ötsə də şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Mahmud Mahmudov kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.


Geri qayıt