Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub

Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub


6-02-2025, 21:31


Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin fevral ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində yaşayan sakinlərlə olub.

Fevralın 6-da Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, Quşçu Ayrım kəndində 2025-ci ilin ilk səyyar görüşün keçirildiyini qeyd edərək Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb.  “Ölkə başçısının istəyi, tapşırıq və tövsiyəsi ondan ibarətdir ki, məmur və xalq bir yerdə olsun, vətəndaş məmnunluğu təmin edilsin. Ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır”, - deyən icra başçısı bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Quşçu Ayrım kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 20 nəfər şəhid verdiyini bildirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 

Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən danışan rayon rəhbəri Quşçu Ayrım kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib. Kəndarası yolların mütəmadi olaraq qreyderlə hamarlanaraq xırlanma işlərinin aparıldığını və bu işlərin davam etdiriləcəyini söyləyib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb.

Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Yetər Mustafayeva, Yusif Nəbiyev və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Quşçu Ayrım kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu, sosial problemlərin müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə, sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına əmin olduqlarını söyləyiblər. “2024-cü il bizim üçün unudulmaz anlarla yadda qaldı. Bu gün biz sərhəddə yaşayan sakinlər sevinirik ki, doğma torpaqlarımız, qonşu olan 4 kəndimiz bir güllə belə atılmadan geri qaytarıldı. Hər gün mənfur düşmənin atdığı güllə səslərini eşidən, düşmənlə göz-gözə dayanan, müharibənin ağrı-acısını bilən insanlar kimi bu qələbənin bizlər üçün nə demək olduğunu yaxşı bilirik. Buna görə Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər, eləcə də sərəhddə yaşayan quşçu ayrımlılar adından dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə, qazilərimizə borcluyuq” deyə sakinlər səsləndiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə 200 metr uzunluğunda D-64 mm olan köhnə içməli su boru xəttinin yenisi ilə əvəz olunması, kənd ərazisində 250 metr uzunluğunda avtomobil yolunun kənarlarının çınqıl daşlardan təmizlənməsi, kənd sakininin yaşadığı evin yaxınlığında yerləşən elektrik dirəyinin dəyişdirilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Rayon rəhbəri səslənən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sakinlərlə keçirilən səyyar görüşdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibətilə “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin bir qrup əməkdaşı - Şəbəkənin rəisi Alıyev Nəvayi Əbülfət oğlu, şəbəkədə satış rəisi Məmmədov Ramil Ramiz oğlu, baş mühəndis Ağacanov Aqil Zahid oğlu, usta Abbasov Səbuhi Rəfayıl oğlu, mühəndis Xasməmmədov İlham Vüqar oğlu, aparıcı mühəndislər Nuruyev Zülfüqar Avdı oğlu, Rəhimov Firuddin Viktor oğlu, elektrik montyoru Mehdiyev Zaur Mikayıl oğlu xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. İcra başçısı Fəxri Fərmanları sakinlərlə olan görüşdə sahiblərinə təqdim edərək əlamətdar hadisə münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. 


Geri qayıt