Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Ülviyyə Ağayeva bu gün Qazaxın Ağköynək kəndində sakinlərlə görüşüb

Millət vəkili Ülviyyə Ağayeva bu gün Qazaxın Ağköynək kəndində sakinlərlə görüşüb


6-02-2025, 20:00


Fevralın 6-da 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva Qazax rayonunun Ağköynək kəndində yaşayan seçiciləri ilə görüşüb. 

Millət vəkili Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul əməkdaşları ilə birlikdə Ağköynək kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib. 


Millət vəkili Ülviyyə Ağayeva kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bu il ilk dəfə olaraq Ağköynək kəndində sakinlərlə görüşdüyünü, hər zaman olduğu kimi, bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Millət vəkili sakinlərlə hər ay görüşlərin təşkil olunduğunu, bundan əlavə vətəndaşlar tərəfindən ünvanlanmış ərizə və məktublara da həssaslıqla yanaşıldığını, baxıldığını bildirib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. 


Hər bir dövlət məmurunun vəzifə borcunun vətəndaşlara qayğı ilə yanaşmaq, daim diqqət ayırmaq olduğunu qeyd edən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. 


Millət vəkili ilə səmimi söhbət edən kənd sakinlərindən İsmayıl İsmayılov dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlığını bildirib. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür edib. İ.İsmayılov bu günlərdə Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsini dövlətin onlara olan növbəti qayğısı kimi qiymətləndirib. Rayonda, eləcə də yaşadıqları Ağköynək kəndində görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə kənd sakinləri adından bir daha minnətdarlıq edib.


Geri qayıt