Əsas Səhifə > Manşet / Gənclər > İcra başçısı Qazaxda səfərdə olan düşərgə iştirakçıları ilə görüşüb
İcra başçısı Qazaxda səfərdə olan düşərgə iştirakçıları ilə görüşüb5-02-2025, 23:23 |
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənclər düşərgələrinə start verilib. #GənclərHəftəsi çərçivəsində Quba, Neftçala, Qazax, Şəki, Goranboy Olimpiya İdman Komplekslərində və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan düşərgələr respublikanın hər yerindən gəncləri, könüllüləri, tələbələri və gənclər təşkilatlarının üzvlərini bir araya gətirəcək. Bu düşərgələrdə komanda quruculuğu, liderlik, fərdi inkişaf təlimləri, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər keçiriləcək. Gənclər təşkilatları da düşərgələrin təşkilində tərəfdaş rolunda iştirak edəcəklər. Gənclər üçün yeni biliklər, dostluqlar və unudulmaz xatirələrlə dolu bir həftə onları gözləyir. Qazaxda təşkil olunmuş düşərgədə respublikamızın Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Kürdəmir, Ucar, Göyçay, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir rayonlarından olmaqla, ümumlikdə, 93 nəfər gənc iştirak edir. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 fevral tarixindən Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Gənclər və İdman Nazirliyinin, Gənclərlə iş şöbəsinin, Gənclər evləri ilə iş sektorunun baş məsləhətçisi Mahmud Məmmədzadənin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, idarənin əməkdaşlarının, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin, eləcə də digər əməkdaşların iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar.Ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında iştirakçılara dolğun, əhatəli məlumatlar verilib.Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb. Gənclərlə keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Bu gün özümə borc bildim ki, gəlib sizlərlə görüşüm”, - deyən icra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. “Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə daim diqqət və qayğı göstərilir. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Siz gənclərin parlaq gələcəyi olan gənclər kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri, savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib. “Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda gənclər düşərgəsinin təşkil olunmasına görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərliyə, Birliyin əməkdaşlarına, əməyi keçən insanlara minnətdarlığını bildirib. Gənclər və İdman Nazirliyinin, Gənclərlə iş şöbəsinin, Gənclər evləri ilə iş sektorunun baş məsləhətçisi Mahmud Məmmədzadə çıxış edərək onlara göstərilən qonaqpərvərliyə və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Qazaxa ilk dəfə səfər etdiyini qeyd edən natiq buradan xoş təəssüratlarla ayrılacağını qeyd edib. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazaxda səfərdə olan düşərgə iştirakçılarını salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil etdiyi gənclər düşərgələrinin əhəmiyyətindən söz açan natiq buna görə nazirliyin əməkdaşlarına minnətdarlıq edib. Düşərgənin Qazax rayonunda yüksək səviyyədə təşkil olunmasında, rayonun gəzməli, görməli yerlərinə ekskursiyanın təşkil edilməsində göstərdiyi dəstəyə və gənclərə olan səmimi münasibətə, xüsusilə də gənclərlə olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib, suallarını cavablandırıb. Gənclər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları Universitetlər haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Təşkil olunmuş düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə, rayonla yaxından tanış olmaq üçün təşkil edilən ekskursiyaya və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər olaraq bilik və bacarıqlarının artmasında böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, düşərgənin təşkilində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Düşərgənin yüksək səviyyədə təşkil edilməsində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.
Geri qayıt |