Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Elşən Orucovun hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Elşən Orucovun hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Bu gün, 14:55


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan, Vətən uğrunda ölümün gözünə dik baxan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hər zaman tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində sağlamlığını itirən qəhrəman oğullarımızdan biri də Qarapapaq kəndinin igid oğlu 2-ci dərəcəli Birinci Qarabağ müharibəsi əlili Orucov Elşən Zakir oğludur.

Elşən Orucov 20 may 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1987-ci ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. 1990-cı ildə SSRİ ordusunda xidmətə başlamış, 1991-ci ildə hərbi xidməti yarımçıq qoyaraq Azərbaycana gəlmiş, 1991-ci ildə Azərbaycan Ordusuna daxil olmuş və döyüşlərə qatılmışdır. 1992-ci ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində gedən döyüşlərdə yaralanmış və əlil olaraq ordudan tərxis olunmuşdur. Ordudan tərxis olunduqdan sonra 15.07.2022-ci  ilə kimi fərdi təsərrüfatla məşğul olmuşdur. 15.07.2022-ci ildən vəfat edən günədək “DOST İş Mərkəzi” MMC-də işləmişdir. 2-ci dərəcəli Qarabağ müharibəsi əlili idi. 

Fevralın 2-də ürək tutmasından vəfat edən qazimiz 3 fevralda Qarapaq kənd qəbiristanlığında dəfn olunub. İgid Vətən oğlunun bu gün üç mərasimi olub. Bu gün Elşən Orucov bizim aramızda olmasa da o, bizim qəlbimizdə əbədi yaşayacaq.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qarapapaq kəndində qazimizin evində olub, hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Elşən Orucovun vəfatından kədərləndiyini bildirib, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. “Özümə borc bildim ki, bu gün qazimizin hüzr mərasimində iştirak edim”, - deyən rayon rəhbəri bütün qazilərimiz kimi, Elşən Orucovun da unudulmayacağını, daim ehtiramla anılacağını söyləyib.


Geri qayıt