Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı 2025-ci ilin ilk səyyar görüşünü Ürkməzli kənd sakinləri ilə keçirib
Qazaxda icra başçısı 2025-ci ilin ilk səyyar görüşünü Ürkməzli kənd sakinləri ilə keçiribDünən, 22:34 |
Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır və bu bütün sahələrdə əks olunur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunların arxasında vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin yanvar ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü rayonun Ürkməzli kəndində yaşayan sakinlərlə olub. Yanvarın 9-da Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, 2025-ci ildə ilk səyyar görüşün Ürkməzli kəndində yaşayan sakinlərlə olduğunu qeyd edərək Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində söylədiyi sözləri bir daha diqqətə çatdıran rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Ürkməzli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 1 nəfər, 44 günlük Vətən müharibəsində 4 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi əlilinin olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Ürkməzli kəndindən 22 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Döyüş zamanı 5 nəfərin yaralandığını bildirib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Ötən illər ərzində Ürkməzli kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, bu gün təmirli yollar sırasında Dəmirçilər-Ürkməzli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib. İcra başçısı kənddə ən böyük problemlərdən olan su probleminin də aradan qaldırıldığını bildirib. Bundan əlavə, Ürkməzli kəndində də suvarma arxlarının beton üzlüyə alınması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını vurğulayıb. İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Ürkməzli kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Ürkməzli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 297,1 hektardan 498,1 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Ürkməzli kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Bu gün kənddə 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bütün kəndlərdə, o cümlədən də Ürkməzli kəndində suvarma suyunun yaxşılaşdırıldığını bildirən icra başçısı bu işdə arx və kanallarda aparılan təmizlik işlərinin, eləcə də gecə və gündüz növbəliliyinə əməl olunmasının böyük rol oynadığını bildirib. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 24 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 4 nəfərin Vətən müharibəsi əlili, iştirakçısı və ailə üzvü, 1 nəfərin Birinci Qarabağ müharibəsi əlili, 17 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Ürkməzli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib. Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. İcra başçısı son günlər gündəmdə olan bank kartlarına edilən kiberhücumlarla bağlı fikirlərini bölüşüb. Son dövrlər bank kartlarına kiberhücumlarla bağlı narazılıqların tez-tez gündəmə gəldiyini, sosial şəbəkələrdə insanların məlumatları olmadan bank kartlarından pul oğurlanması ilə bağlı şikayətlərin çoxaldığını bildirib. Qeyd edib ki, təhlükəsizliyin təmini üçün banklarla müştərilər birlikdə addımlamalıdırlar. Vətəndaşlara etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D təsdiqləmə OTP (birdəfəlik şifrə) təhlükəsizlik kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı söyləyib. Həmçinin, dələduzlar tərəfindən yeni trendə çevrilən saxta veb-linklərə keçid etmək, həmin linklərdə kart məlumatlarını yerləşdirmək, müxtəlif sosial şəbəkələrdə asan qazanc əldə etməyi vəd edənlərə inanmamağı tövsiyə ediblər. Dələduzluq halı ilə qarşılaşan şəxsə əməliyyat haqqında SMS və ya “Push” bildiriş daxil olubsa, yaxud müştəri mobil tətbiqində icra etmədiyi əməliyyat görürsə, ilk növbədə təcili olaraq bankla əlaqə saxlamağı, bunun üçün ən yaxın filiala yaxınlaşaraq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etməklə məlumat öyrənə bildiklərini vurğulayıb. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğıdan söz açıb, təhsil işçilərinin həmin qayğını əməli işləri ilə doğrultduqlarını söyləyib. 2023-2024-cü tədris ilində Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etdiklərinə, eyni zamanda, 9-cu sinif şagirdlərinin buraxılış imtahanında nəticələrinə əsasən məktəbin rayon birincisi və regionun 20 ən yaxşı ümumtəhsil məktəbi sırasına daxil olduğuna görə məktəbin direktoru Miralayev İlqar Hidayət oğlu, təlim-tərbiyə işləri üzrə direktor müavini Əyyubova Xatirə Rəşid qızı, rus dili müəllimi Qurbanova Zeynab Müzəffər qızı, fizika müəllimi Məhərrəmova Sevda Həsən qızı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Rzazadə Reyvə Cələddin qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüblər. Fəxri Fərmanla təltif edilənlər onlara göstərilən diqqətə, səmimi münasibətə, əməklərinə verilən qiymətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Özlərinin timsalında məktəbin bütün müəllimlərinin əməyinə verilən qiymət kimi dəyərləndiriblər. Onlara göstərilən etimadı bundan sonra da əməli işləri ilə doğruldacaqlarını söyləyiblər. Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Birinci Qarabağ müharibəsi əlili Nüsrət Musayev və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər. Son illər rayonda, o cümlədən də Ürkməzli kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Ürkməzli kəndində körpələr evi-uşaq bağçasının açılması, suvarma suyunun yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə Ürkməzli kəndi ərazisindən keçən 17,1 km uzunluğunda "Daş Salahlı" arxının beton üzlüyə alınması, Ürkməzli kənd tam orta məktəbinə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.
Geri qayıt |