Əsas Səhifə > Manşet / Sosial > Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir müraciət öz müsbət həllini tapıb

Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir müraciət öz müsbət həllini tapıb


8-11-2024, 22:43


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Dövlət başçısının, Birinci vitse-prezidentin xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur. Bu, eyni zamanda bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Rayonun Hüseynbəli kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini Nəbiyev Kərəm İbrahim oğlunun kənddə "Alma" bağı adlanan yeni salınmış məhəllədə yaşayan sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması barədə müraciətini dinləyən rayon rəhbəri səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirmişdi. Budur, artıq qeyd edilən məsələnin müsbət həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən lazımi addımlar atılıb. Səyyar görüş zamanı qaldırılan daha bir müraciət öz müsbət həllini tapıb. Belə ki, qısa bir vaxtda Qazax Elektrik Şəbəkəsi tərəfindən sözügedən əraziyə 160 Kva-lıq yeni transformator qoyulub. 


Noyabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Hüseynbəyli kəndində olub, yeni transformator qoyulmuş sözügedən ərazidə yaşayan sakinlərlə görüşüb. 

Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev görülmüş işlər barədə məlumat verərək sözügedən ərazidə sakinlərin evlərində olduğunu, elektrik enerjisinin gərginliyinin ölçüldüyünü və yeni transformatora ehtiyac olduğunu bildirib. Buna görə də qısa vaxtda yeni bir ədəd 160 Kva-lıq transformator qoyulduğunu qeyd edib.

Vətəndaş K.Nəbiyev ona göstərilən qayğıya, eləcə də etdiyi müraciətə tez bir zamanda baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Bəli, bu gün K.Nəbiyevin etdiyi müraciətin müsbət həllini tapması dövlətin vətəndaşına olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq.



Geri qayıt