Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib
İcra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib7-11-2024, 19:52 |
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində igid Vətən oğulları otuz il işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad edərək hərb tariximizin qəhrəmanlıq dastanını yazdılar. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir. Növbəti tədbir noyabrın 6-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi tərəfindən təşkil olundu. Məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbir keçirildi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbirin və vətənpərvərlik mövzusunda keçirilən digər silsilə tədbirlərin təşkilində fəal iştirak etdiklərinə görə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib, Təşəkkür elan edilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə direktor müavini Məmmədova Gülnar Tofiq qızı, təşkilatçı müavin Əmrahova Gülnar Kamal qızı, hərbi rəhbər Əliyev Elxan Vəli oğlu, 1B sinfinin rəhbəri Hacıyeva Afaq Paşa qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov tədbirdə iştirak edənləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə bir daha səmimi ürək sözlərini, təbriklərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 Noyabr – Zəfər Gününün təsis olunmasını 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəyə, igid Vətən oğullarının qəhrəmanlığına, Vətən yolunda şirin canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, keçirilən tədbirlərin ölkəmizin, rayonumuzun adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Rayon rəhbəri “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbirin yüksək səviyyədə təşkil olunmasında, ərsəyə gəlməsində əməyi, əziyyəti keçən hər kəsə razılığını ifadə edib, ən əsası da şanlı Zəfərimizi, şəhidlərimizi, qazilərimizi unutmadıqlarına, daim yad etdiklərinə, bu istiqamətdə mütəmadi olaraq silsilə tədbirlər təşkil etdiklərinə görə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin kollektivinə bir daha minnətdarlığını bildirib. “Şanlı Zəfəri xalqımıza bəxş edən şəhidlərimizi, qazilərimizi yad etmək, bugünkü və gələcək nəsillərə tanıtmaq hər kəsin borcudur”, - deyən icra başçısı “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbirin də məhz bu istiqamətdə keçirilən tədbirlərdən olduğunu diqqətə çatdırıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda metodist Məhəmməd Cəfərov çıxış edərək fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi davam etdirildiyini, bugünkü görüşün də bunun əyani sübutu olduğunu söyləyib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. K.Kərimova ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını, səmimi münasibəti hər zaman əldə rəhbər tutaraq örnək götürdüklərini söyləyib. Bugünkü görüşü, Fəxri Fərmanla təltif olunmalarını özlərinin timsalında məktəb kollektivinə, bütün müəllimlərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi dəyərləndirib.
Geri qayıt |