Əsas Səhifə > Manşet / Təhsil > Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbir keçirilib

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbir keçirilib


6-11-2024, 21:35


2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid döyüşçülərimiz otuz il işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad edərək hərb tariximizin qəhrəmanlıq dastanını yazdılar. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Növbəti tədbir noyabrın 6-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi tərəfindən təşkil olunub. Məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Qazax Rayon Təhsil Sektorunun əməkdaşları, rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, Uşaq Birliyi Təşkilat rəhbərləri, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin üzvləri, şəhid ailələri, qazilər, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin aşağı siniflərində təhsil alan məktəblilərlə görüşüb, onların 8 Noyabr - Zəfər Günü ilə əlaqədar hazırladıqları səhnəcikləri, kompozisiyaları izləyib, şeirlərini, mahnılarını dinləyib. 

Daha sonra 8 Noyabr – Zəfər Günü münasibətilə məktəblilərin hazırladıqları əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. 

Məktəbin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. Y.Qoca əlamətdar və tarixi gündə onlarla bir yerdə olduqlarına, məktəblilərin təşkil etdiyi bayram tədbirində iştiraklarına görə rayon rəhbərliyinə, şəhid ailələrinə və qazilərə, iştirakçılara məktəbin kollektivi adından razılığını ifadə edib. Aparıcı Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduğunu söyləyib. Buünkü tədbirin əsas məqsədinin gələcəyimiz olan gənclərə, məktəblilərə şəhidlərimizin keçdikləri döyüş yolunu, qəhrəmanlığını nümunə göstərmək olduğunu bildirib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Vətənpərvərlik məktəbdən başlayır. Vətəni, ananı, atanı, ailəni, valideyni, cəmiyyəti sevmək məktəbdən başlayır”, - deyən icra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin bu dəyərləri hər zaman yüksək səviyyədə qoruduqlarını, bunu məktəbdə keçirilən tədbirlərdə daim nümayiş etdirdiklərini söyləyib. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin bizə əmanət qoyduqları torpaqları, ərazi bütövlüyümüzü, zəfər dolu günləri qorumaq, onları yaşatmaq, gələcək nəsillərə tanıtmaq kimliyindən asılı olmayaraq hər kəsin ən ümdə işi, vəzifəsi olmalıdır. İcra başçısı vurğulayıb ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı zəfər dolu günləri xalqımıza bəxş edən Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. İcra başçısı nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, qazilərimizin diqqətdə saxlanılacağını bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün örnək olmalıdır. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Rayon rəhbəri bugünkü tədbirin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasından xəbər verdiyini söyləyib və bu işdə əziyyəti olan müəllimlərə bir daha minnətdarlığını bildirib. 


Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək şəhid ailələrini, rayon rəhbərliyini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Şəhid atası ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün, uğurlu siyasəti, Azərbaycan Ordusnun rəşadəti, şəhidlərimizin, igid Vətən oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən tapdağından azad olunduğunu qeyd edib. “Bu gün həm kədərlənirəm, həm də qürurluyam. Kədərliyəm ona görə ki, övlad itimişəm. Qürurlanıram ki, şanlı zəfərin qazanılmasında oğlum Xaliddinin də payı var”, - söyləyən şəhid atası bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib. Vətənpərvərlik mövzusunda təşkil olunmuş bugünkü tədbirin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə razılığını ifadə edib. 

Sonra söz məktəblilərə verilib. Balaca fidanlar 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə, şəhidlərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 7ç sinif şagirdləri Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeirini kompozisiya ilə təqdim ediblər. 8a sinif şagirdi Fidan Alızadə Bəxtiyar Vahabzadənin “Vətən marşı”nı səsləndirib. 9d sinif şagirdi Məhəmməd Budaqlı “Azərbaycanım” söyləyərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. 9a sinif şagirdi Rüqəyyə Ağazadə  “Zəfər” və 6d sinif şagirdi Aygün Abdullayeva “Millət” şeirini söyləyiblər. 7a sinif şagirdi Məhəmməd Əhmədli ifa etdiyi “Xudayar” təsnifi ilə tədbirə toplaşanlara qürur dolu anlar yaşadıb. 

Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi Kənan Zeynallının səsləndirdiyi “Bayatı Şiraz” könüllər oxşayıb.

Qazax rayon Araz Əmilov adına Daş salahlı kənd 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Rəna Mancanzadə “Azərbaycan” söyləyərək Zəfər Gününə təbriklərini çatdırıb.

Şeir müsabiqəsinin qalibləri Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 6-cı sinif şagirdi Yusif Budaqov Bəylər Hüseynovun “Qarabağ şəhidləri”, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin 5a sinif şagirdi Pəri Mansırlı Cavanşir Rüstəmin “Gözünüz aydın” şeirini səsləndiriblər. 

Tədbir Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 7ç sinif şagirdlərinin və şəhid övladlarının hazırladıqları “Mənim atam qəhrəmandır!” musiqili kompozisiya ilə başa çatıb.


Geri qayıt