Əsas Səhifə > Manşet / Rəsmi > Qarşıda bizi daha böyük işlər gözləyir
Qarşıda bizi daha böyük işlər gözləyir17-01-2018, 18:53 |
Qazax rayon İcra Hakimiyyəti Başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında bu fikir səslənib. Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Vadim Əmiraslanov 2017-cı ildə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağköynək və Qarapapaq kəndlərini əhatə edir. Nümayəndəliyin ərazisində 1645 ailə təsərrüfatı, 5697 nəfər, o cümlədən Ağköynək kəndində 3722 nəfər və Qarapapaq kəndində 1975 nəfər əhali yaşayır. Ağköynək kənd İƏD-si üzrə nümayəndəliyin fəaliyyətinin əsasını insanların respublikada və rayonun ictimai-siyasi həyatında dövlətçiliyi möhkəmləndirmək və ərazi bütövlüyümüzün qorunmasında daha fəal iştirak etmək, ərazidə məhsul istehsalını artırmaq, özəl pay torpaqlarından səmərəli istifadə etmək, iqtisadiyyatı yüksəltmək, sosial sahəni yaxşılaşdırmaq, əhalinin maddi-rifah halını gücləndirmək təşkil edir. Rayon rəhbərliyinin sərəncamına uyğun olaraq Ağköynək və Qarapapaq kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət yaradılmış işçi qrupunun əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq və həlli istiqamətində işlər görməkdən ibarətdir. Kənddə azad sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması xırda və orta sahibkarlığın formalaşması istiqamətində müəyyən işlər görülmüşdür. Qədim xalq sənəti olan xalçaçılıqla məşğul olan “Naxış” xalçaçılıq emalatxanasında, alüminium qapı-pəncərə təmiri ilə məşğul olan “Alprof” emalatxanasında, “Ritul” üzlük mərmər emalatxanasında, ticarət obyektlərində, “Saloğlu” firmasında 470 nəfərə kimi kənd əhalisi işlə təmin olunmuşdur. Hesabat ilində kənd sakinləri öz pay torpaqlarından səmərəli istifadə edərək müxtəlif növ məhsullar - 25 ton bostan, 60 ton tərəvəz, 210 ton kartof, 900 ton quru ot, 390 ton üzüm, 564 ton meyvə, 720 ton taxıl, 155 ton qarğıdalı, 96 ton günəbaxan, 281 kq barama istehsal etmişlər. Bu il əməkçilərimiz gələn ilin məhsulu üçün 458 hektar sahədə taxıl əkmişlər ki, bu da keçən ildəkindən 259 hektar çoxdur. Ağköynək kəndində 1 hektar sahədə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksi tikilərək istifadəyə verilmiş, digər 1 hektar ərazidə istixana kompleksinin tikintisi başa çatmaq üzrədir. İribuynuzlu mal-qaranın sayı 1660 başa çatmışdır. Ana inək və camışların sayı artaraq 680 başa, xırdabuynuzlu davarların baş sayı isə 7500 baş olmuşdur. İribuynuzlu mal-qarada 35 baş, ana inəklərdə 10 baş, xırdabuynuzlu davarlarda isə 100 baş artım olmuşdur 2017-cı ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək və Qarapapaq kəndlərində mütəmadi olaraq görüşlər keçirmiş, kənd sakinlərinin problemləri ilə yaxından tanış olmuş, aidiyyatı üzrə tapşırıqlar vermişdir. Cənab Rəcəb Babaşovun rəhbərliyi ilə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Qazax şəhərinin Ağköynək kəndi ilə sərhədindən başlayaraq Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ilə sərhədinə kimi olan magistral yol boyu əraziyə 3000 ədəd həmişə yaşıl ağac əkilmiş və onun mühafizəsi təmin edilmişdir. Nümayəndəliyin ərazisində ekoloji vəziyyətə və təmizliyə nəzarəti gücləndirmək üçün şəhərə yaxın küçələrdə yaşayan kənd sakinlərinə məişət tullantılarını xüsusi ayrılmış qablara deyil, ətraf əraziyə tökməklərinin qarşısını almaq məqsədilə vətəndaşların evlərində akt tərtib edilmiş və xəbərdarlıq olunmuşdur. Qarapapaq kəndində su arxının kənarına atılmış məişət tullantıları yığılaraq ərazi təmizlənmişdir. Kənd qəbiristanlıqlarında təmizliyi daim diqqətdə saxlayırıq. Bu məqsədlə hər üç qəbiristanlıq alaq otlarından təmizlənmiş, dəmir darvazaları rənglənmişdir. Ağköynək kəndində fasiləsiz elektrik enerjisinə nail olmaq üçün 3 ədəd köhnə elektrik transformatoru yenisi ilə əvəz olunmuş və 30% ərazi SİP kabelə keçmişdir. Bu iş hazırda davam etdirilir. Kənd investisiya layihəsi çərçivəsində Qarapapaq kəndində ikinci layihə olaraq Ağbulaq su anbarı, Ağköynək və Qarapapaq kəndlərində abidə bulaq kompleksləri yüksək səviyyədə təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Həmin bulaq komplekslərinin ətrafı işıqlandırılmışdır. Ağköynək kəndində yerləşən Şəhidlərin və İkinci Dünya müharibəsi iştirakçlarının xatirəsinə ucaldılmış abidənin ətrafında hər həftənin şənbə günləri iməciliklər keçirilir, abadlıq və təmizlik işləri aparılır. Nohur meşəsindən gələn və gözü tutulmuş su xəttində kənd sakinlərinin yaxından köməkliyi ilə təmir işləri aparılıb və su borusu təmizlənərək suyun verilməsi təmin olunub. Bundan əlavə, Ağköynək kənd mərkəzində olan artezian quyusunun sıradan çıxmış nasosu təmir olunub və suyun verilməsi təmin edilibdir. Eyni zamanda, kəndarası yolların 8 km-dən çox hissəsinin çala-çuxuru düzəldilmiş və xırlanmışdır. Bir qrup Ağköynək kənd sakini rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət edərək yaşadıqları məhəlləyə su xəttinin çəkilməsinə köməklik edilməsini bildimişlər. Rayon rəhbərliyinin tapşırığına əsasən qısa vaxt ərzində həmin məhəlləyə 450 metr uzunluğunda su xətti çəkilərək istifadəyə verilmişdir. Əhalinin daha bir müraciətinə əsasən başqa bir məhəlləyə 250 metr uzunluğunda su xətti çəkilmişdir. Ümumilikdə, 50 ailənin evinə su xətti çəkilmişdir. Qarapapaq kənd sakini Ülviyyə Piriyeva İcra Başçısının qəbulunda olaraq yaşadıqları məhəllədə məişət suyunun olmadığını bildirmişdi. Rayon rəhbərliyinin tapşırığı əsasında artezian quyusundan həmin əraziyə 300 metr uzunluğunda su xətti çəkilmiş və üzərində kiçik bulaq tikilərək əhalinin istifadəsinə verilmişdir. Ağköynək kənd tam orta məktəbində təhsil alan 497 şagirdin təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur. Bu il məktəbi 32 şagird bitirmiş və onlardan 14 nəfəri ali məktəblərə, 4 nəfəri isə kolleclərə qəbul olunmuşdur. 3 nəfər 500-dən yuxarı bal toplamışdır. Nümayəndəlik üzrə 2017-ci ildə 65 nəfər doğum, 38 nəfər ölüm qeydə alınmışdır. Kənd sakinlərindən Şofiq Hacıəliyev, Safurə Rəhimova, Cavid Məmmədov, Dilarə Nağıyeva, Gövhər Rəhimova, Nəzakət Mansurova, Rəşid Qasımov, Sarı Hüseynov çıxış edərək 2017-ci ildə rayonumuzda, eləcə də Ağköynək kəndində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər 2017-ci ilin uğurlu göstəricilərlə yadda qaldığını qeyd ediblər. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağına yekun vuraraq 2017-ci ildə istər tikinti-quruculuq, istərsə də kənd təsərrüfatında əldə olunan nailiyyətlərdən söz açaraq 2018-ci ildə də daha böyük işlərin gözlədiyini diqqətə çatdırıb. Elçin İSMAYIL Geri qayıt |