Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib15-01-2018, 14:55 |
Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsi ilə əlaqədar olaraq elmi-praktik konfrans keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, müəllim və tələbələr, KİV nümayəndələri iştirak edib. Filialın direktoru, professor Vüsət Əfəndiyev konfransı giriş sözü ilə açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bu gün Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Gün gələcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları zəmanət verir. Sonra konfrans iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova konfransda çıxış edərək bildirib ki, 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Həmin gün xalqımız azadlıq uğrunda canlarından keçmiş Vətən oğul və qızlarını böyük ehtiramla yad edir. Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini yüksək dəyərləndirir, onların yazdıqları şanlı qəhrəmanlıq tarixini qürur hissi ilə xatırlayırlar. 20 Yanvar faciəsindən 28 il ötsə də həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sonra filialın kafedra müdiri, dosent Arif Veyisov “20 Yanvar xalqın qan yaddaşıdır və qürur günüdür”, filialın baş müəllimi Heyran Vəkilova “Unudulmayan tariximiz - 20 Yanvar 1990”, filialın müəllimi Zeynəb Mustafayeva “20 Yanvar xalqımızın qəhrəmanlıq və şərəf səhifəsidir”, tələbə Səkinə Əliyeva “20 Yanvar qanlı tarix” mövzularında çıxış edərək xalqımızın başına gətirilən müsibətlərdən söz açıb, o illərdə yaşanan ağrı-acılardan danışıblar. Elçin İSMAYIL Geri qayıt |